“Qucaqlaşın, ey insanlar”
"Qucaqlaşın, ey insanlar" - Bethovenin Doqquzuncu simfoniyasının finalında səslənən "Sevinc odası" Şillerin bu sözləri ilə başlanır. Gələn il mayın 10-da Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə həsr edilmiş Niaqara Beynəlxalq Forumu çərçivəsində keçiriləcək "Heydər Əliyev və müasirlik. Mədəniyyətlərin və sivilizasiyaların yaxınlaşması yolu ilə ümumi sülhə doğru" mövzusunda festivalda dünya şöhrətli bəstəkarların, o cümlədən, Azərbaycan sənətçilərinin əsərləri ilə yanaşı səslənəcək "Sevinc odası" və Şillerin bu sözləri festivalın ruhunu çox dəqiq əks etdirir.
Məlumdur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev daim dünya mədəniyyətlərinin yaxınlaşmasına, onların bir-birini qarşılıqlı zənginləşdirməsinə çalışırdı. Doğma Vətənimizin paytaxtı Bakı həqiqətən dünyanın əsas mədəni mərkəzlərindən birinə, dünya sivilizasiyasının mənəvi özəyinə çevrilməsini istəyirdi.
Kanadadakı Beynəlxalq Heydər Əliyev Mərkəzi də özünün çoxşaxəli fəaliyyətini məhz bu səpkidə qurur. Mərkəz Şimali Amerikanın bu ölkəsindəki Azərbaycan səfirliyinin dəstəyi ilə "İpək Yolu" kamera orkestrinin baş dirijoru, beynəlxalq Niaqara musiqi festivalının "İpək Yolu" Komitəsinin sədri İsmayıl Hacıyev və onun oğlu Cövdət Hacıyev (nəvə) tərəfindən yaradılmışdır.
Niaqara şəhərinin meri lord Geri Borrou Beynəlxalq Heydər Əliyev Mərkəzinə çox böyük maraq göstərmişdir. Bu yaxınlarda mer Azərbaycan səfiri və diasporunun nümayəndələri ilə görüşmüş, Kanadada "Sivilizasiyaların dünya irsi" devizi altında fəaliyyətə başlamış, Mərkəzin planlarına müsbət münasibətini bildirmiş, qurumun fəxri prezidenti olmaq təklifini məmnuniyyətlə qəbul etmişdir.
Beynəlxalq Heydər Əliyev Mərkəzinin gələcək planları çox genişdir. Azərbaycanın dünya şöhrətli lideri böyük siyasi xadim və dövlət xadimi olmaqla bərabər, həm də haqlı olaraq musiqinin, təsviri sənətin, bütövlükdə, mədəniyyətin sərrafı hesab edilirdi. Ümummilli lider Heydər Əliyev görkəmli incəsənət xadimləri - Dmitri Şostakoviç və Mstislav Rostropoviç, Qara Qarayev və Cövdət Hacıyev, Fikrət Əmirov və Rodion Şedrin, Mayya Plisetskaya və Əminə Dilbazi, Yevgeni Mravinski və Niyazi, Lyudmila Zıkina və Müslüm Maqomayev, Səttar Bəhlulzadə, Tahir Salahov və bir sıra digər korifeylərlə sıx əlaqə saxlayırdı. Buna görə də Mərkəz Şərq və Qərb mədəniyyətlərinin ən yaxşı nümayəndələrini, qədim dövrlərdə olduğu kimi indi də Şərq ilə Qərb arasında bir növ əlaqələndirici rolu oynayan Azərbaycandan keçən tarixi İpək Yolu boyunca yerləşən ölkələrin mədəni irsinin təbliğ edilməsindən ibarət ümumi ideya ətrafında birləşən qüvvələri özünün Kanadada fəaliyyətinə cəlb etməyi əsas vəzifələrindən biri hesab edir.
Mərkəz daha bir mühüm məsələnin həllinə böyük əhəmiyyət verir. Bu, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uğurla başçılıq etdiyi Heydər Əliyev Fondu ilə əməkdaşlıq və qarşılıqlı yaradıcılıq əlaqələridir. Bu gün ulu öndərin ideyalarının, onun yaradıcı irsinin dünya miqyasında təbliğində ən qüdrətli vasitə kimi tanınmış Fondun çoxşaxəli fəaliyyəti azərbaycançılıq və dünya sivilizasiyası ideyalarının qlobal məsələlərinin həllinə yönəlmişdir. Kanadadakı Beynəlxalq Heydər Əliyev Mərkəzi də Fondun bu işinə qətiyyətlə qoşulmaq əzmindədir. Mərkəz öz niyyətini həyata keçirmək üçün Niaqarada Heydər Əliyev muzeyi açmaq niyyətindədir. Muzeyin ekspozisiyasında ümummilli liderin şərəfli həyat yolu, onun siyasi fəaliyyəti, sözün ən geniş mənasında mədəniyyətə münasibəti öz əksini tapacaqdır.