PDF Oxu

Əsas

  • 10

“Azərbaycan iqtisadiyyatı böhrana qarşı dayanıqlıq nümayiş etdirib”

“Azərbaycan iqtisadiyyatı böhrana qarşı dayanıqlıq nümayiş etdirib”
"Bu gün Azərbaycanın bank sektorunda müflisləşmə halları yoxdur, sektor öz yüksək mənfəətliyini və investisiya cəlbediciliyini qoruyub saxlayır. Bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov dünən keçirdiyi mətbuat konfransında bildirib. E.Rüstəmovun sözlərinə görə, 2009-cu il ərzində ölkədəki bankların 800 mln. ABŞ dollarından artıq həcmdə həyata keçirdiyi xarici borc ödənişlərinin bank sektorundakı kredit aktivliyinə mənfi təsirini minimallaşdırmaq üçün AMB likvidlik dəstəyini artırmaqla yanaşı, kredit portfelinin keyfiyyətinin qorunmasını da diqqətdə saxlayıb.
Nəticədə, cari ilin aprel-iyul aylarında kredit portfeli 5,5%, aktivlər isə 9% artıb. Eyni zamanda, aktivlərin gəlirliyi 2,9% səviyyəsində olub. Həmçinin, vaxtı keçmiş kreditlərin məcmu portfeldə payı cəmi 3,6% təşkil edib, bu sektorun kapitallaşma səviyyəsi isə il ərzində 11% artıb.
E.Rüstəmov onu da bildirib ki, bu ilin ikinci rübündən başlayaraq əmanətlər üzrə müsbət dinamika bərpa olunub. Belə ki, cari ilin əvvəlindən əmanətlərin həcmində 5% artım qeydə alınıb. Həmçinin, sığortalanan əmanət məbləğinin 5 dəfə artırılması (30 min manatadək) artım dinamikasına əhəmiyyətli təsir göstərib: "Azərbaycan iqtisadiyyatı böhrana qarşı davamlı dayanıqlıq nümayiş etdirib. Beləliklə, ölkə iqtisadiyyatı, o cümlədən, bank sektoru qlobal böhranın mənfi təsirindən etibarlı qorunub və artım templəri tədricən bərpa olunmağa başlayıb. Bu şəraitdə ölkə 2010-cu ilə sabit iqtisadi dinamika və yüksək maliyyə dayanıqlığı ilə daxil olacaq. Makroiqtisadi sabitliyin qorunması və qeyri-neft sektorunda yüksək iqtisadi artımın bərpası növbəti ilin əsas iqtisadi vəzifələri olacaq".
Ümumiyyətlə, bu ilin ötən ayları ərzində ölkəmizin sosial-iqtisadi inkişafı ötən ildən başlayan qlobal maliyyə-iqtisadi böhranın dünya iqtisadiyyatında yaratdığı mənfi fəsadlar, xüsusilə, qlobal ticarət dövriyyəsinin kəskin şəkildə aşağı düşməsi, bank və qeyri-bank kreditləşməsinin azalması yönündə baş verib.
Dünyada hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda bank sistemində də dinamik inkişaf nəzərə çarpır. Bu, özünü kredit bazarında daha aydın göstərir. Belə ki, cari ilin iyul ayında kreditlər artaraq 6,5 milyard manata çatıb.
Dövlət başçısının göstərişləri əsasında görülən tədbirlər və əvvəlki illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlılığı qorunub saxlanılıb, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxıb.
Bu fikrin əsaslandırılması kimi bəzi statistik rəqəmlərə diqqət yetirək. Cari ilin iyul ayının 1-i vəziyyətinə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz və ya 297,3 milyon manat artaraq 6,5 milyard manata çatıb. Kredit qoyuluşunun 39,5 faizi dövlət, 57,8 faizi özəl banklar, 2,7 faizi isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilmişdir. Verilən kreditlərin 67,2 faizini uzunmüddətli kreditlər təşkil etmişdir.
Kreditlərin 2119,4 milyon manatı (32,8 faiz) qısamüddətli, 4344,4 milyon manatı (67,2 faiz) isə uzunmüddətlidir. Qısamüddətli kreditlərin 127,8 milyon manatı (6,0 faizi), uzunmüddətli kreditlərin isə 114,9 milyon manatı (2,6 faiz) vaxtı keçmişlərdir.
Dövlət bankları tərəfindən iqtisadiyyata 2555,4 milyon manat (39,5 faiz), özəl banklar tərəfindən 3732,3 milyon manat (57,7 faiz), qeyri-bank kredit təşkilatları tərəfindən isə 176,1 milyon manat (2,7 faiz) kredit qoyulub.
Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 1944,5 milyon manat kredit yönəldilmişdir ki, bunun da ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 30,1 faizə bərabərdir. 100 faizli xarici kapitalla fəaliyyət göstərən banklar isə 344,2 milyon manat (5,3 faiz) kredit veriblər.
Ölkənin qiymətli kağızlar bazarında da canlanma müşahidə edilir. Bu ilin ilk yarısında 1,2 milyard manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınmışdır. Qiymətli kağızlar bazarının ümumi emissiyasının 46,7 faizini dövlət istiqrazları, 37,6 faizini Mərkəzi Bankın notları, 11,2 faizini səhmlər, 4,5 faizini isə korporativ istiqrazlar təşkil edib.
Bu dövr ərzində 263,5 milyon manatlıq dövlət istiqrazları, 218,4 milyon manatlıq Mərkəzi Bankın notları, 256,3 milyon manatlıq veksellər Bakı Fond Birjasında keçirilmiş hərraclarda yerləşdirilib.
Ölkənin iqtisadi inkişafını dövlət büdcəsinin icrasında da aydın görmək mümkündür. Belə ki, bu ilin birinci yarısında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq, 4,9 milyon manata, xərcləri isə 8,4 faiz artaraq, 4,9 milyon manata, xərcləri isə 8,4 faiz artaraq, 4,4 milyard manata çatmış, büdcənin icrasında yaranmış 424 milyon manatlıq profisit ümumi daxili məhsulun 3 faizini təşkil edib.
Bu ilin ötən dövrü ərzində icmal büdcənin tərkib hissəsi olan Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün yaşayış qəsəbələrinin tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Oğuz-Qəbələ-Bakı su kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsi üçün 153 milyon manat vəsait sərf edilib.
Görülmüş işlər və əldə edilən müsbət nəticələr Azərbaycan iqtisadiyyatının bundan sonrakı inkişafına müsbət təsir edəcəyi, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlmiş dövlət proqramlarının uğurla reallaşacağı barədə əminliklə fikir söyləməyə əsas verir.

Digər xəbərlər