Türkiyə - Ermənistan sərhəddi açılacaqmı?
Bildiyimiz kimi, İsveçrə Konfederasiyasının Xarici Əlaqələr Departamentinin vasitəçiliyi ilə Ermənistan və Türkiyə arasında razılaşdırılmış, iki ölkə arasında münasibətlərin normallaşdırılmasına yardım edəcək protokolun imzalanması itiqamətində ilkin razılaşma əldə olunub. Razılaşmada bir sıra məsələlər, o cümlədən, iki ölkə arasında sərhədlərin açılması məsələsi öz əksini tapıb.
Bununla yanaşı, iki ölkənin xarici işlər nazirlikləri arasında işçi qrupunu yaradılması (protokol icra olunmağa başlandıqdan 2 ay sonra), hökumətlərarası komissiyanın və alt komissiyaların birgə fəaliyyət şəraitin, təməl prinsiplərin xarici işlər nazirləri səviyyəsində təsdiqlənməsi (Protokol icra olunmağa başlandıqdan 3 ay sonra), hökumətlərarası komissiyaların ilk iclasının keçirilməsi (birgə iş şəraiti təsdiqləndikdən sonra), 7 alt komissiyasının yaradılması məsələləri yer alıb.
Sənəddə, eyni zamanda, qeyd olunr ki, 6 həftə sonra imzalanması nəzərdə tutulan protokol hər iki ölkənin parlamentindən keçməlidir. Əgər hər iki ölkə parlamenti sənədi təsdiq edərsə, bundan 2 ay sonra Türkiyə-Ermənistan sərhədləri açılacaq.
QABİL HÜSEYNLİ: "Ermənistan - Türkiyə sərhədlərinin açılması Azərbaycanla Türkiyə arasındakı münasibətlərə təsirsiz ötüşməyəcək"
"Səs" qəzetinə verdiyi açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Ermənistanla sərhədin açılmaması ilə bağlı qəti mövqe bildirməsi və "Qarabağ problemi həll olunmadan Ermənistanla sərhədin açılmasını unudun" fikri Azərbaycan cəmiyyətində yaranmış çaşqınlığa son qoymuşdu. Yenidən bu məsələnin gündəmə gəlməsi, bölgə və dünya üçün ciddi müzakirə obyektinə çevrilib. Türkiyə ilə Azərbaycan arasında çox sıx dostluq, qardaşlıq əlaqələri mövcuddur. Dağlıq Qarabağ münaqişəsi tək Azərbaycan üçün yox, tək Qafqaz bölgəsi üçün yox, Türkiyə də daxil olmaqla bütün bölgə üçün çox təhlükəlidir. Bu baxımdan, Ermənistan - Türkiyə sərhədlərinin açılması Azərbaycanla Türkiyə arasındakı münasibətlərə təsirsiz ötüşməyəcək.
O bildirib ki, Türkiyənin özünün tarixi düşməni hesab etdiyi, bu ölkəyə ərazi iddiasında olan, PKK-nın qızışdırılmasında rol oynayan Ermənistanla münasibətlər qurması normal deyil: "Hələ, üstəlik, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmadığı bir vaxtda Ermənistanla sərhədlərin açılması və batmaqda olan Ermənistanı xilas etmək cəhdləri Azərbaycan üçün arzuolunmaz bir haldır. İndiki məqamda Ermənistan - Türkiyə sərhədlərinin açılması və diplomatik əlaqələrin qurulması daha real görünür. Türkiyə Amerikanın və Avropa Birliyinin təhriki ilə bu addımı atmağa məcburdur. Eyni zamanda, Türkiyə hökumətinin də sərhədlərin açılması ilə bağlı müəyyən arzuları var".
Q.Hüseynli açıqlamasında bu ilin may ayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə toxundu. Nəzərə çatdırdı ki, səfər zamanı Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək Ermənistanla sərhədlərin açılmayacağını bəyan edən, türkiyəli Baş nazir, indi tamamilə başqa mövqe nümayiş etdirir. Türkiyənin sırf öz maraqları çərçivəsində hərəkət etdiyini söyləyən politoloq, onun Azərbaycanın maraqlarına məhəl qoymadan, birtərəfli qaydada Ermənistanla münasibətləri yaxşılaşdırmaq möveyi tutduğunu qeyd edib. O, "Ermənilərin Türkiyə sərhəddindən keçərək, futbol matçını izləmək arzusu artıq baş tutur" deyə vurğuladı.