Almaniyada Konrad Adenaur Fondunun layihəsi əsasında Cənubi Qafqaz dövlətlərinin gənc siyasətçiləri və KİV nümayəndələri üçün siyasi kommunikasiyalar mövzusunda treninq seminarlar keçirilib. 21-30 avqust tarixlərini əhatə edən layihədə Azərbaycan siyasi partiyalarından yalnız Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) beynəlxalq əlaqələr departamentinin rəhbəri Ramin Məmmədov iştirak edib. Səfərdən qayıdan Ramin Məmmədov layihənin məqsədi barədə "Səs" qəzetinə ətraflı məlumat verib:
- Treninqlərin ümumi məqsədi Cənubi Qafqaz ölkələrində fəaliyyət göstərən gənc siyasətçilər və jurnalistlər arasında fikir mübadiləsinin, dialoqun aparılması, müxtəlif texnologiyaların istifadəsində təcrübələrin artırılmasından ibarət idi.
Həmin treninq-seminarları Almaniyanın "WDR" və "Deutsche-Welle" telekanalının nümayəndələri aparırdılar. Seminarlar da iki qrup mövcud idi: gənc siyasətçilər və jurnalistlər. Dərslərdən sonra qazanılmış təcrübəni yoxlamaq üçün jurnalistlər və gənc siyasətçilər arasında mətbuat konfransı və müsahibə xarakterli proqramlar təşkil olunurdu. Əsas məsələlərdən biri Cənubi Qafqazın gənc siyasətçiləri və KİV-ləri arasında ünsiyyət, Qafqazın gələcəyi haqqında fikir mübadiləsi aparmaqdan ibarət idi. Təbii ki, Cənubi Qafqazın perspektivinə dair Almaniyanın siyasi partiyalarının da öz mövqeyi formalaşıb.
- Bəs Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə nə kimi məlumatlar verildi? Ümumiyyətlə, Ermənistanın gənc siyasətçiləri ilə bu mövzuda debatlarınız oldumu?
- Nəzərinizə çatdırım ki, layihədə Gürcüstan tərəfdən "Bizim Gürcüstan" Azad Demokratlar İttifaqının, Birləşmiş Milli Assambleyanın Gənclər Şurasının təmsilçiləri və Ermənistan tərəfdən isə Milli Liberal Partiyası, Respublikaçılar Partiyası və Ermənistan Gənclər Şurasının nümayəndələri iştirak ediblər. Avqustun 24-də "Deutsche-Welle" telekanalında "Cənubi Qafqazda baş verən münaqişələr və münaqişələrin həllində təhlükəsizlik amili" mövzusunda tele-debat keçirildi. Tele-debatda çıxış edərək Cənubi Qafqazda vəziyyət, Azərbaycanın həyata keçirdiyi xarici siyasət və Dağlıq Qarabağ problemi ilə bağlı ölkəmizin mövqeyi, sülh naminə səyləri haqqında məlumat verdim. Ermənistan - Azərbaycan münaqişəsinin yaranma səbəblərini və mövcud vəziyyəti diqqətə çatdırdım. Qeyd etdim ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında 4 qətnamə qəbul edib. Amma işğalçı Ermənistan bu sənədlərə əməl etmir. Ermənilər yanlış məlumatlar verməyə çalışsalar da, biz faktlarla onları susdurduq. Qeyd etdim ki, əslində, indiki Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıb. Eyni zamanda, münaqişənin həlli ilə bağlı Azərbaycanın dövlətinin mövqeyini qarşı tərəfin diqqətinə çatdırdıq.
Ermənistan nümayəndə heyətinə Azərbaycanın inkişafı haqqında məlumatlar verdik. Bu gün Cənubi Qafqazda Azərbaycan lider dövlətdir. Regionda mühüm layihələr həyata keçirilir ki, bu prosesdə ölkəmiz aparıcı rol oynayır. Azərbaycan sürətlə inkişaf edir və əhalinin rifahı yüksəlir. Bu layihələrin reallaşmasında Gürcüstan tranzit ölkə kimi mənfəətlər qazanır. Ermənistan isə özünü bundan məhrum edib. Ermənistan gəncləri də etiraf etdi ki, münaqişə bizi bu layihələrdən kənarda qoyub. Onlar başa düşürlər ki, münaqişə həll edilməyincə, Ermənistanın inkişafı baş verməyəcək.
- Almaniyada keçirilən yerli seçkiləri də müşahidə etmisiniz. Bu dövlətin seçki təcrübəsi barədə nə deyə bilərsiniz?
- Səfər zamanı Konrad Adenaur Fondu avqustun 30-da Almaniyada keçirilən seçkiləri müşahidə aparmağımıza şərait yaratdı. Almaniyada həm yerli şəhər merləri, həm yerli parlamentlərin və şəhər bölgələrinə daxil olan şəhər nümayəndələrinin seçkisi keçirilib. Köln şəhərində seçki məntəqələrinin birində bir neçə saat müşahidə apardıq. Reyn Vestfaliya bölgəsinin Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşdük və seçki prosesi ilə bağlı fikir mübadiləsi apardıq. Maraqlıdır ki, Almaniyada bu günədək keçirilən seçkilərdə şəffaf olmayan qutulardan istifadə olunur. Azərbaycanda seçkilərdə şəffaf qutulardan istifadə olunduğunu, internet vasitəsilə seçki prosesinin izlənildiyini bildirəndə, Almaniyanın 18 milyon əhalisi olan bölgəsinin MSK sədri bundan təəccüblənərək, "Azərbaycanda, həqiqətən, demokratik inkişaf var" dedi.
- Səfər çərçivəsində daha hansı görüşləriniz oldu?
- Almaniyanın İqtisadi İnkişaf Nazirliyinin Qafqaz Departamentinin rəhbərliyi ilə görüşdük. Görüşdə Almaniyanın Qafqaz bölgəsində həyata keçirdiyi proqramlar haqqında geniş məlumat verildi. Eyni zamanda, Almaniya Bundestaqının deputatı, hakim partiyanın nümayəndəsi Elizabet Bekker ilə görüşdük. Xanım deputat bizə Almaniyanın seçki təcrübəsi haqqında danışdı. O, Azərbaycanla sıx təmasda olduğunu da bildirdi.