İsveçrənin vasitəçiliyi ilə Türkiyə və Ermənistan arasında razılaşdırılan və 6 həftə sonra imzalanması nəzərdə tutulan 2 protokoldan birinin mətni məlum olub. Türkiyə mətbuatının verdiyi məlumata görə, "Türkiyə Cümhuriyyəti və Ermənistan Respublikası arasında diplomatik əlaqələrin qurulmasına dair Protokol adlanan sənəddə iki ölkə arasındakı mövcud sərhədlərin qarşılıqlı olaraq tanınması nəzərdə tutulur.
3 ay yarımdan sonra Türkiyə-Ermənistan sərhədi açıla bilər
Tərəflər arasında imzalanmış pratokoldan bəzi məqamları diqqətinizə çatdırırıq:
1. İki ölkə arasında sərhədlərin açılması (Protokol icra olunmağa başlandıqdan 2 ay sonra);
2. İki ölkənin xarici işlər nazirlikləri arasında işçi qrupunu yaratmaq (Protokol icra olunmağa başlandıqdan 2 ay sonra);
3. Hökumətlərarası komissiyanın və alt komissiyaların birgə fəaliyyət şəraitin, təməl prinsiplərin xarici işlər nazirləri səviyyəsində təsdiqlənməsi (Protokol icra olunmağa başlandıqdan 3 ay sonra);
4. Hökumətlərarası komissiyaların ilk iclasının keçirilməsi (Birgə iş şəraiti təsdiqləndikdən sonra);
5. 7 Alt komissiyanın yaradılması.
Qeyd edək ki, 6 həftə sonra imzalanması nəzərdə tutulan protokol hər iki ölkənin parlamentindən keçməlidir. Bundan 2 ay sonra Türkiyə-Ermənistan sərhədləri açılacaq.
Əhməd Davudoğlu: "Yeni müzakirələrin hədəfi sərhədlərin açılmasıdır"
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu NTV telekanalında Ermənistanla başlatdıqları yeni proseslə bağlı danışıb. Xarici işlər naziri qonşuluqda təməl prinsiplərin sərhədlərin qarşılıqlı tanınması olduğunu, Ermənistanla yeni müzakirələrin hədəfinin də sərhədlərin açılması olduğunu söyləyib.
Əhməd Davudoğlu deyib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması gərəkdir, ancaq buna paralel olaraq Ermənistan-Azərbaycan münaqişəsi də çözülməlidir. O bildirib ki, bölgədə əhatəli normallaşma prosesi baş verməsə, biristiqamətli normallaşma səylərinin effekt verməsi mümkün deyil.
Azərbaycanın Türkiyə və Ermənistan arasındakı son proseslərdən nə qədər xəbərdar olmasına gəlincə, Əhməd Davudoğlu qeyd edib ki, Türkiyə və Azərbaycanın əlaqələri "bir millət, iki dövlət" prinsipinə əsaslanır: "Hər şey ortaqdır, proseslə bağlı məlumat da ortaqdır. Heç bir şey gizli deyil. Azərbaycana gərəkli məlumatlar verilib. Baş nazir Rəcəb Tayyib Ərdoğan keçən cümə günü Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlayıb, xarici işlər nazirinin müavini Feridun Sinirlioğlu Bakıda olub və gərəkli məlumatlar verilib".
Xarici işlər nazirinə görə, heç bir vaxt Azərbaycanın Türkiyənin mənfəətlərinə, Türkiyənin də Azərbaycanın mənfəətlərinə zidd siyasət yürüdəcəyinə inanmırlar: "Heç bir proses Türkiyə-Azərbaycan dostluğundan önəmli deyil. Bu proses Azərbaycanın milli maraqlarına zərər verməyəcək. Bu prosesin Dağlıq Qarabağ və işğal altındakı torpaqlarla bağlı məsələlərin çözümünə də ciddi təkan verəcəyinə inanırıq. Cəmiyyətin günbəgün bu prosesin hansı mərhələdə olduğunu bilməsinə ehtiyac yoxdur".
O, protokolun qüvvəyə minməsindən sonrakı 6 həftəni önəmli bir fürsət saydıqlarını vurğulayıb: "Baş nazir Rəcəb Tayyib Ərdoğan BMT Baş Məclisində də bu mövzuda danışacaq, Dağlıq Qarabağ, eyni zamanda BMT-nin problemidir. Biz Qafqazda sülhün BMT-nin gündəmində olmasını istəyirik. Azərbaycanın torpaq bütövlüyü təmin edilməlidir".
Serj Sarkisyan: "Problem Qarabağa bağlıdırsa, Türkiyə ilə heç müzakirə aparmayaq"
Ermənistan prezidenti Serj Sarkisyan bu gün növbəti dəfə Türkiyə ilə sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması ilə bağlı danışıqlarda Dağlıq Qarabağ məsələsinin müzakirə mövzusu olmadığını bəyanlayıb. Ermənistan mətbuatının yazdığına görə, Serj Sarkisyan Qarabağ məsələsi də daxil, Ankara ilə danışıqlarda heç bir şərti qəbul etməyəcəklərini bildirib.
Ermənistan prezidenti bir az da irəli gedərək "Türkiyə ilə problem Qarabağa bağlıdırsa, heç müzakirə aparmayaq"- deyə, bəyanat verib.
Türkiyənin "Vətən" qəzeti yazır ki, Yerevandan səslənən son sərt açıqlamadan sonra Türkiyə və Ermənistan arasındakı münasibətlərin istiləşməsi havası bir qədər soyuyub.
Azərbaycan XİN: "İşğal bitmədən sərhədlərin açılması, milli mənafeyimizə ziddir"
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən bəyanatda Ermənistan-Türkiyə sərhədlərinin açılması istiqamətindəki protokola əlaqədar açıqlama edilir, hər ölkənin beynəlxalq əlaqələrini tənzimləmə haqqı olduğunu ifadə edilir.
Nazirliyin rəsmisi, Türkiyə-Ermənistan əlaqələrinin Azərbaycanın milli mənfəətləri ilə də əlaqəli olduğunu ifadə edərək, "Azərbaycan torpaqlarındakı erməni işğalı bitmədən Türkiyənin Ermənistan sərhədlərini açması Azərbaycanın milli mənafeyinə ziddir"- dedi.
Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan may ayında Azərbaycan Milli Məclisindəki çıxışında, "Türkiyə və Ermənistan ilə sərhədlərini Azərbaycan torpaqlarının işğal edilməsindən dərhal sonra bağladı, işğal edilən torpaqlar geri verilmədiyi müddət ərzində də sərhədlər açılmayacaq" demişdi.
ABŞ və ATƏT Türkiyə ilə Ermənistanın birgə bəyanatını dəstəklədiklərini bildirib
ABŞ Dövlət Departmenti avqustun 31-də Türkiyə-Ermənistan münasibətlərinə dair bəyanatla çıxış edib. Departamentin mətbuat katibi İan Kelli bəyan edib ki, Birləşmiş Ştatlar İsveç tərəfinin vasitəçiliyi ilə Türkiyə və Ermənistanın ikitərəfli münasibətlərinin normallaşmasına dair növbəti addımlarını əks etdirən birgə bəyanatını dəstəkləyir.
Diplomat ABŞ-nın Türkiyə-Ermənistan münasibətlərinin şərtsiz və müəyyən zaman çərçivəsində normallaşmasının həmişə tərəfdarı olduğunu vurğulayıb. Dövlət Departamenti, həm Ermənistan, həm də Türkiyəni bəyanatda razılaşdırılan çərçivəyə uyğun surətlə davam etdirməsinə çağırıb. Cənab Kellinin sözlərinə görə, ABŞ hər iki ölkənin hökumətləri ilə münasibətlərin normallaşması istiqamətində işləməyə hazırdır.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Türkiyə ilə Ermənistan arasında imzalanacaq sazişi müsbət qiymətləndirir. SİA-nın məlumatına görə, bu barədə təşkilatın hazırkı sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni açıqlama verib.
O bildirib ki, adıçəkilən ölkələr arasında əlaqələrin normallaşması üçün görüşlərin keçirilməsi müsbət haldır. "Türkiyə ilə Ermənistanın diplomatik əlaqələr qurması yalnız Cənubi Qafqaz regionu üçün deyil, digər ölkələr üçün də müsbət bir addımdır", -deyə ATƏT-in sədri qeyd edib.
BAXCP sədri: "Rəsmi Ankara Azərbaycanın və Türkiyənin maraqlarına zidd olan xarici siyasət yürütməyə zorlanıb"
"Ölkə daxilində milli birliyə nail ola bilməyən Türkiyənin mövcud hakimiyyəti xarici təzyiqlər qarşısında gücsüz vəziyyətdə qalıb. Buna görə də Türkiyənin və Azərbaycanın maraqlarına zidd olan xarici siyasət yürütməyə zorlanıb". Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev səsləndirib.
Türkiyə və Ermənistan xarici işlər nazirliklərinin, eləcə də İsveçrə Konfederasiyası xarici əlaqələr departamentinin birgə bəyanatından dərin təəssüf hissi keçirdiyini bildirən Q.Həsənquliyev cəmi bir neçə ay öncə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın birmənalı şəkildə ifadə etdiyi "Qarabağ geri qaytarılmayana, Azərbaycan torpaqları işğaldan azad edilməyənədək Ermənistanla sərhədlər açılmayacaq" bəyanatını xatırladıb. BAXCP sədri qardaş ölkənin baş nazirinin qısa bir zaman içərisində öz bəyanatından geri çəkilməsindən üzüldüyünü vurğulayıb.
Türk xalqına, bütün Türkiyə vətəndaşlarına müraciət edən partiya sədri onları tarix tərəfindən birmənalı şəkildə Azərbaycan türklərinə qarşı xəyanət kimi dəyərləndiriləcək bu addımın qarşısının alınması üçün etiraz səslərini ucaltmağa çağırıb. BAXCP sədri hesab edir ki, Türkiyənin indiki hakimiyyətinin istər "demokratik açılım" adı altında atmaq istədiyi addımlar, istərsə də Ermənistana yönəldilmiş hərəkətləri Türk xalqının maraqlarına cavab verməyən, Türkiyə və Azərbaycan türklərini çətin duruma salacaq bir siyasətdir.
Cümhuriyyət Xalq Partiyası: "Bəs biz sərhədlərin açılması məsələsində azəriləri necə razı salacağıq?"
Ermənistan və Türkiyə xarici işlər nazirliklərinin hazırladıqları birgə bəyanatla bağlı artıq Türkiyə müxalifəti tərəfindən sərt ittihamlar səslənməyə başlayıb. SİA-nın Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, ölkənin aparıcı müxalifət partiyalarından olan Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi Onur Öymen bu iki protokolun hazırlandığı və imzalanma mərhələsində olduğu barədə hökumət tərəfindən məlumat almadığını bildirib.
Protokol barədə o həmçinin bunları deyib: "Bu protokollarda Ermənistanın Dağlıq Qarabağdan rəsmi şəkildə çəkiləcəyi bildirilirmi? Baş nazir Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı Ermənistan-Türkiyə sərhədlərinin Qarabağ münaqişəsi həll olunmayana qədər açılmayacağını bildirmişdi. Ancaq indi sərhədlərin açılacağı tarix belə göstərilir. Bəs, biz azəriləri necə razı salacağıq?" .
Öymen Ərdoğanın Azərbaycanda verdiyi sözə baxmayaraq bu addımı atmasını "əsassız" adlandırıb. "Bu əsassız siyasətdir və bu siyasət dövlətin etibarına ziyan verir. Ermənistan bu protokol qarşılığında Qarabağ mövzusunda heç bir güzəştə getmir. Bu zaman Türkiyə güzəştə getmiş tək tərəfdir",- deyə o bildirib.
ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfəri zamanı Türkiyə Böyük Millət Məclisindəki çıxışında Türkiyəni Ermənistanla münasibətləri normallaşdırmağa çağırdığını xatırladaraq bildirib: "Xaricdən bir istək, təzyiq gələndə təəssüf ki, hökumətimiz düşünür ki, buna ya "bəli", ya da "baş üstə" deməlidir".
Milliyyətçi Hərakat Partiyası: "Bu protokollar Serj Sarkisyanın ayağı altına sərilmiş qırmızı xalçadır"
Türkiyə və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatları ilə bağlı Türkiyə müxalifəti tərəfindən sərt ittihamlar səslənməkdə davam edir. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Milliyyətçi Hərakat Partiyası (MHP) nümayəndəsi Deniz Bölükbaşı protokolları rüsvayçılıq adlandırıb.
"Bu protokollar "əgər sərhəd açılmasa və ya açılması istiqamətində addım atılmasa, Bursada oynanılacaq Türkiyə-Ermənistan matçına getməyəcəm" deyən Ermənistan prezidenti Serj Sarkisyanın ayağı altına sərilmiş qırmızı xalçadır",- deyə o bildirib.
Öz sərt mövqeyini ifadə edən Bölükbaşı həmçinin əlavə edib: "Ermənistan nə Qarabağdan çəkiləcəyi, nə də Türkiyə ilə problemlərini həll edəcəyi barədə söz vermir. Ermənistan heç bir addım atmadığı halda, Türkiyə tək addım atan tərəfdir".
Türkiyə hər vaxt yaxşı niyyətli bir rəftar sərgiləyib, dəfələrlə Ermənistana müxtəlif jestlər edib. Bu jestlərə qarşılıq Ermənistan hər zamankı kimi təcavüzkar bir rəftar içərisində tutumunu daha da itiləşdirərək, ya Türkiyədən torpaq istəyib, ya olmayan soyqırımı qəbul edin deyib, ya da beynəlxalq arenalarda Türkiyəni daim hörmətdən salıcı böhtanlar atıb.
Ermənistan, Azərbaycan torpaqlarını da işğal edib, Azərbaycan xalqına vəhşicəsinə soyqırım tətbiq edib və bu soyqırım çox yaxın bir tarixdə dünyanın gözü qarşısında reallaşıb. Bütün bunlar olmamış kimi bu gün Ermənistan, heç bir şərt olmadan sərhədlərin açılmasını istəməkdədir.