PDF Oxu

Əsas

  • 11

Xəzərin statusu: dəyişən dəyərlər və kəsişən maraqlar

Xəzərin statusu: dəyişən dəyərlər və kəsişən maraqlar
Oktyabrın 11-də Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti keçiriləcək. Xatırladaq ki, son sammit 2005-ci ilin noyabrında Tehran şəhərində keçirilmişdi. Ekspertlərin fikrincə, artıq Xəzər məsələsi dünyanın əsas geosiyasi problemlərdən birinə çevrilməkdədir. "Nabucco"nun reallaşmağa başlaması ilə bu hövzədə geosiyasi aspektdən ciddi dəyişikliklər baş verməkdədir. Bu kontekstdən Türkmənistanın bu layihəyə qoşulması məsələsi gündəmə gəlib. Həmin müstəvidə Xəzərin statusu ilə bağlı Türkmənistanın mövqeyində hansı dəyişikliklərin olacağı maraq doğurur.
Belə ki, indi "Nabucco" ilə Xəzərin statusunun müəyyənləşməsi məsələsi bir-birinə sıx bağlıdır. Ona görə ki, "Nabucco"da Türkmənistanın iştirakı Xəzərin dibi ilə neft-qaz boru kəmərinin çəkilişindən asılıdır. Deməli, Xəzərin statusu ilə bağlı Azərbaycan-Türkmənistan danışıqları da, faktiki olaraq, "Nabucco"da bu iki dövlətin iştirakı məsələsinə bağlanıb. Ona görə də, Xəzərin statusu məsələsi yeni rakursda dünyanın böyük dövlətlərinin siyasi gündəminə gəlməkdədir. Bu baxımdan, Azərbaycan-Türkmənistan danışıqları diqqətləri çəkir. Son məlumatlara görə, iki dövlət arasında Xəzərin statusu mövzusunda müzakirələr başlayıb. Müzakirələrdə dənizin səthinin və dibinin bölünməsi qaydaları əsas yeri tutur. Hələlik, danışıqların gedişi barədə geniş məlumat verilmir. Ancaq ümid etmək lazım gəlir ki, öncəki illərdən fərqli olaraq yaxınlıq olacaq. Çünki indi məsələ daha geniş aspektdə gedən proseslərə bağlıdır, emosional münasibətlər mərhələsi geridə qaldı. Türkmənistan tam əmin oldu ki, Xəzərdən Azərbaycanın çıxardığı qazı dünya alır, onu qanuni qəbul edir və burada heç bir problem yoxdur. Azərbaycanla dünyanın böyük şirkətlərinin imzaladığı sazişlərin sayı artır. "Nabucco"da Azərbaycanın yerinin olması və hətta bu dövlətə ehtiyacın daha da artması çox məqamlardan xəbər verir. Bu baxımdan Türkmənistanın bu prosesə qoşulmaqdan səmərəli yolu qalmır.
Bütün bunların fonunda bölgədə böyük güclərin daha intensiv geosiyasi mübarizəyə başlaması Xəzər hövzəsindəki duruma da ciddi təsir etməyə başlayıb. Xəzəryanı ölkələr silahlı qüvvələrini sürətlə artırmaqdadırlar. Bütün hövzə dövlətləri dəniz donanmalarının hərbi-texniki imkanlarını yüksəldirlər. İran dənizə əlavə qüvvələr yerləşdirir. Türkmənistan Ukrayna və Polşadan yeni hərbi texnika alıb. Qazaxıstan isə yeni dəniz donanması yaratmaq prosesinə başlayıb. İmkanları çox geniş olan ruslar isə indi raket daşıyan gəmilərini Xəzərə atırlar. Təbii ki, Azərbaycan da bunlara qarşı hansısa addımlar atmalıdır. Dövlətimizin bununla bağlı konkret mövqeyi hər kəsə məlumdur.
Bu bağlılıqda diqqəti çəkən məqamlardan biri Fars körfəzində hərbi qüvvələrin sayının kəskin artmasıdır. Qərb ora xeyli hərbi güc toplayıb. Paralel olaraq Polşada raketdənmüdafiə sistemləri yerləşdirilib. İndi Xəzərdə də hərbi qüvvələrin imkanları genişləndirilirsə, geniş miqyasda prosesin getdiyi proqnozunu vermək olar. Bu geniş prosesdə Xəzərin ayrıca yer alması həssas məsələdir. Bu o deməkdir ki, Xəzəryanı dövlətlər daha intensiv surətdə böyük geosiyasi proseslərə aid ediləcək. Bu baxımdan, Azərbaycanın da maraqlarına birbaşa aidiyyatı olan bəzi məqamlar üzərində düşünmək lazım gəlir.
Perspektiv planda Qazaxıstanın Manqışlak yarımadasından Xəzərin dibi ilə Səngəçal terminalına sualtı kəmərin tikintisi planlaşdırılır. Bu layihə Qazaxıstanın Bakı-Ceyhana qoşulmasının tərkib elementlərindən biridir. Onu da xatırladaq ki, rəsmi Astananın öz neftini məhz bu kəmər vasitəsilə Qərb bazarlarına nəql etmək niyyəti çox ciddidir və bunun reallaşdırılması istiqamətində artıq bəzi addımlar atılıb. Belə ki, Qazaxıstan prezidenti hələ 1999-cu ildə ATƏT-in İstanbul sammiti çərçivəsində ABŞ-ın sabiq prezidenti Bill Klintonun şahidliyi ilə Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanmış bəyannamənin iştirakçısıdır. Həmin bəyannaməyə imza atan dövlət başçıları Bakı-Ceyhan neft kəmərinin çəkilişinə dəstək verdiklərini açıq-aşkar bildirdilər. Qazaxıstanın bu, prosesdə iştirakının rəsmiləşdirilməsi isə 2002-ci ilin iyuluna təsadüf edir. Xatırladaq ki, həmin vaxt prezident Buşun Xəzər məsələləri üzrə xüsusi müşaviri səfir Stiven Mənnin vasitəçiliyi ilə ABŞ-ın Londondakı səfirliyində o zaman Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan dövlət başçısı İlham Əliyevlə Qazaxıstan hökumətinin yüksək vəzifəli şəxsləri arasında ciddi razılaşma əldə olundu.
"Sredniya Aziya" agentliyinin məlumatlarına görə, 2010-cu ildə Qazaxıstanın neft hasilatı 100 milyon tona çatacaq. Hazırda bu rəqəm 45 milyon tona yaxındır. Agenliyin proqnozlarını hökumətdəki mənbələr də təsdiqləyiblər. Lakin indidən rəsmi Astananı düşündürən əsas məsələ ondan ibarətdir ki, bu qədər neft hansı vasitələrlə Qərb bazarlarına nəql edilsin. Qazaxıstanın hazırda istifadə etdiyi və Rusiya ərazisindən keçərək Qara dəniz sahillərinə çatan "Şərqi Sibir" kəməri texniki baxımdan əlverişli deyil. Çünki bu kəmər keçmiş SSRİ vaxtında Ural və Manqışlak neftinin daxili neft emalı bazalarına daşınması məqsədilə inşa olunub və beynəlxalq standartlara cavab vermir. Eyni zamanda, bu kəmərdə Qazaxıstan nefti kükürdlü Ural nefti ilə qarışdığından, qiymət aşağı düşür. Bu baxımdan, sözügedən kəmər iqtisabi baxımdan rentabelli deyil. Qazaxıstan hökuməti bu qədər neftin gəmilər vasitəsilə Azərbaycan limanlarına daşınmasını da nəzərdə tutmur, çünki bu, çox baha başa gəlir və eyni zamanda, dənizin çirklənməsinin risqi artmış olur. Belə olan təqdirdə, ən optimal variant məhz Xəzərin dibi ilə sualtı kəmərin çəkilişi ideyasının aktuallığı daha da artmış olur. Maraq üçün onu da qeyd edək ki, belə bir kəmərin çəkilişini nəzərdə tutan layihə artıq hazırdır.
Ötən il "Shevron" şirkəti layihənin hazırlanması məqsədilə 300 min dollar vəsait ayırıb və artıq bu layihə hazırdır. "Week end" qəzeti isə Qazaxıstanın BTC marşurutuna verdiyi yüksək siyasi və iqtisadi qiyməti rəsmi Astananın Qərbyönümlü imicinin təsdiqi kimi qiymətləndirib. Qəzet bildirir ki, bu kəmər Qazaxıstana iqtisadi dıvidendlərlə yanaşı, ABŞ-ın geosiyasi dəstəyini də vəd edir. Belə ki, səfir Stiven Mənnlə yanaşı Qazaxıstan paytaxtına ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşları da təşrif buyurublar. Müzakirələr zamanı ABŞ hökuməti Qazaxıstana hərbi yardımlar ediləcəyini vəd edib. Bir sözlə, adıçəkilən konvensiyanın imzalanması bütün aspektlərdən rəsmi Bakının mənafelərinə cavab verir. Xüsusilə, Türkmənistanın da sonradan həmin sənədə qoşulması sübut edir ki, Azərbaycanın Xəzərin statusu ilə bağlı müdafiə etdiyi mövqe özünü doğrultmaqdadır. Ümumiyyətlə, Xəzərlə bağlı aparılan bütün danışıqlar Azərbaycanın tranzit ölkə kimi əlverişli coğrafi mövqeyə malik olmasının etirafıdır. Ən əsası isə odur ki, rəsmi Bakının mövqeləri ABŞ tərəfindən dəstəklənir. Bu isə rəsmi Bakıya imkan verir ki, status probleminin həllində öz səylərini daha da artırsın.
Son günlər Xəzər bölgəsinin adı OPEK-ə alternativ enerji mərkəzi kimi də dünya mətbuatında hallandırılır. Bu tendensiya OPEK-in neft hasilatının yenidən kəskin şəkildə aşağı salmasından sonra daha da aktuallaşıb. Demək olar ki, son günlər dünya neft bazarında əsil qəza halı yaşanır. Lakin neftin qiymətində müşahidə olunan enmələr, təbii ki, təsadüfi hesab edilə bilməz. Ekspertlər bu tendensiyanın başvermə səbəblərini aydınlaşdırmağa çalışırlar. İraqda hərbi əməliyyatların gedişi zamanı neftin qiymətində kəskin yüksəlişin baş verməsi təbii idi. Müharibədən az sonra da qiymətlər sabit qaldı. Ekspertlər güman edirdilər ki, qiymətlər 2010-cu ilin ortalarınadək sabit qalacaq və yalnız İraqın dağılmış neft infrastrukturunun bərpasından sonra neftin dəyərinin azalacağını gözləmək olar.
Təbii ki, bütün bunlara rəğmən, dünya bazarında neftin qiymətini tənzimləmək üçün, ilk növbədə, Xəzər bölgəsində siyasi sabitlik təmin olunmalı və dənizin hüquqi statusu müəyyən edilməlidir. Nəzərə almaq lazımdır ki, statusla bağlı sahilyanı ölkələr arasındakı ziddiyyətlər məhz Xəzərin enerji resursları ilə bağlı yaranıb. Bu baxımdan, həmin problemin tezliklə öz həllini tapması Azərbaycan üçün çox vacibdir.

Digər xəbərlər