Azərbaycan ordusu regionun ən güclü və inkişaf etmiş ordusudur
Azərbaycan Respublikası günü-gündən özünün düzgün qurulmuş daxili və xarici siyasəti hesabına inkişaf edir, Avropa və dünya ölkələrinə inteqrasiya edir. Bunun arxasında isə, əlbəttə ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən üzaqgörən və düşünülmüş vahid siyasi xətt durur. Ölkədə bütün sahələrdə hiss olunan inkişaf və irəliləyiş artıq dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Qeyd olunan inkişaf iqtisadi, sosial, mədəni sahələrlə yanaşı, hərbi sahədə də öz əksini tapmaqdadır. Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan bu günə qədər ölkənin hərbi sənayesinin inkişaf etdirilməsi sahəsində də bir çox işlər görülmüş, əməli addımlar atılmışdır. Son illərdə əldə olunan uğurları da bu işlərin nəticəsi hesab etmək olar.
Bu il 90 illik yubileyini qeyd edən Azərbaycan ordusunun inkişaf etdirilməsi bu gün dövlət səviyyəsində hətta ölkə başçısı tərəfindən şəxsən aparılır desək, yanılmarıq. Ölkənin müharibə vəziyyətində olduğunu nəzərə alan prezident milli ordunun gücləndirilməsi və ən son texnika və texnologiyalarla təchiz olunması işinin uğurla aparılmasını şəxsi nəzarətində saxlayır desək, yanılmarıq. Çünki Prezident seçildikdən sonra cənab prezident İlham Əliyev ölkədə hərbi sahənin inkişaf etdirilməsi yönündə müvafiq sərəncamlar imzalamış, əmrlər vermişdir. Ötən illər ərzində beynəlxalq hərbi təşkilatlarla da əməkdaşlığın qurulması sahəsində irəliləyiş hiss olunmuşdur. Bu gün dünyanın ən güclü və ən böyük hərbi təşkilatı olan NATO ilə Azərbaycan arasında olan əməkdaşlığın da inkişaf etdirilməsi sahəsində irəliləyişin olması müşahidə olunur. Bunu Prezident İlham Əliyevin NATO rəsmiləri ilə keçirdikləri görüşlər zamanı daha aydın hiss etmək olar. NATO tərəfindən Azərbaycanla tərəfdaşlığa yüksək önəm verilməsi də hərbi sahənin inkişafından söz açmış olur. Belə ki, son illərdə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr də yuxarıda deyilənlərə sübut ola bilər. Bir müddət bundan öncə NATO-nun ölkəmizdə keçirdiyi treninqlər də ordumuzun inkişafı üçün münbit şəraitin yaranmasına səbəb olur. NATO rəsmiləri tərəfindən də Azərbaycanın bu regionda olan rolu və NATO üçün ən sərfəli tərəfdaş olması yüksək qiymətləndirilir.
Bu gün Azərbaycan ordusunun regionda ən güclü ordu olduğunu sübut etmək üçün bir neçə amilə nəzər salmaq kifayətdir. Belə ki, region ölkələrinin içərisində Azərbaycan ordusunun Ermənistan və Gürcüstan ordusundan üstün olmasını illik büdcədən orduya ayrılan vəsait və ən yuksək standartlara cavab verən silahlarla təchiz olunması kimi amillər də bunu sübut edir. Nəzərə almaq lazımdır ki, yuxarıda adları çəkilən dövlətlərin illik dövlət büdcələri də Azərbaycanın dövlət büdcəsindən geridə qaldığından, onların hərbi büdcələri də Azərbaycanınkı qədər ola bilməz.
Bundan başqa, Azərbaycanın hərbi qudrətindən danışarkən, onu region dövlətləri ilə müqayisə edərkən dünyanın inkişaf etmiş ölkələri ilə hərbi sahədə əməkdaşlığının da olmasını nəzərə almaq lazımdır. Bu sahədə qardaş və müttəfiq ölkə olan Türkiyə ilə hərbi əməkdaşlığı qiymətləndirməmək düzgün olmazdı. Ölkə müstəqillik qazandıqdan bu günə kimi həmişə Azərbaycanın yanında olan Türkiyə dövləti hərbi əməkdaşlığın inkişaf etdirilməsi sahəsində də mühüm rol oynamışdır. Türkiyə dövləti ilə Azərbaycan arasında hərbi sahədə olan əməkdaşlığın inkişaf etdirilməsi üçün ölkələrin müvafiq sahə əməkdaşlarının bir-birilə görüşləri və əldə olunan ikitərəfli sazişlərin rolu böyükdür. Türkiyə dövlətinin bü gün dünyanın siyasi xəritəsində oynadığı rol və xüsusilə də, Türkiyənin hərbi sahədə dünya birincilərindən olması Azərbaycanın onunla olan əməkdaşlığının böyük perspektivlərinin olduğuna işarədir. Türkiyə ilə yanaşı Azərbaycanın hərbi sahədə əməkdaşlıq etdiyi ölkələr arasında ABŞ, İsrail kimi ölkələrin adlarını çəkmək olar ki, onlarla olan əməkdaşlıq da Azərbaycanın öz ordusunu inkişaf etdirmək naminə böyük töhfədir.
Digər region dövlətlərinə nəzər saldıqda isə, onların bu imkanlarının olmadığını görmüş olarıq. Belə ki, bu çox qeyri-sabit siyasi durumun müşahidə olunduğu Gürcüstan və Ermənistanda bu durumun orduya da sirayət etdiyini desək, yanılmarıq. Gürcüstanın Rusiya ilə ötən ilin avqustunda olan müharibəsi zamanı ordunun hansı səviyyədə olması barədə də təəssürat yarandı. Əlbəttə, son zamanlarda ölkənin NATO ilə əməkdaşlığının inkişaf etdirilməsini nəzər almasaq, Gürcüstan ordusunun da ölkədə olan siyasi proseslərdən əziyyət çəkdiyini qeyd etmək yerinə düşər. Ermənistanda olan vəziyyət isə daha acınacaqlıdır. Burda olan hərc-mərclik, daxili çaxnaşmalar ölkə iqtidarı ilə ordu arasında uçurumun yaranmasına səbəb olub. Hətta vəziyyət o yerə çatıb ki, ordu ölkə rəhbərliyini devirmək qərarını da verib. Ordunun xərclərinə gəldikdə isə, büdcəsi heç bir milyon dollara çatmayın bir ölkənin orduya ayıra biləcəyi kiçik məbləği də təsəvvvür etmək mümkün deyil. Əlbəttə, Rusiya və digər xarici ölkələr tərfindən Ermənistana hərbi yardımlar edilsə də, bunun mövcud acınacaqlı vəziyyəti aradan qaldırmağa gücünün çatmadığının şahidi olmuşuq.