PDF Oxu

Əsas

  • 20

Azərbaycan inkişaf dinamikasına görə MDB-də liderdir

Azərbaycan inkişaf dinamikasına görə MDB-də liderdir
Azərbaycanın sosial-iqtisadi həyatında son illər müşahidə olunan sürətli inkişaf 2009-cu ildə də davam edərək yeni nailiyyətlərin qazanılması ilə əlamətdardır. Bu günlərdə MDB Dövlətlərarası Statistika Komitəsi 2009-cu ilin birinci yarısının sosial-iqtisadi göstəricilərini açıqlayıb. Həmin açıqlamaya görə, Azərbaycan ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalını 3,6 faiz artıraraq MDB ölkələri arasında Özbəkistandan sonra ikinci yeri tutubdur. Tacikistan 2,8 faizlə üçüncü, Belorus və Qırğızıstan 0,3 faizlə dördüncü yerdədirlər.
Dövlət Statistika Komitəsinin ötən il üzrə açıqladığı makroiqtisadi göstəricilər ölkəmizin inkişaf sürətinə görə dünyada öncüllər sırasında olduğunu bir daha sübut edir. Belə ki, DSK-nın məlumatına görə, ölkənin inkişafını xarakterizə edən əsas makro göstərici - ümumi daxili məhsul istehsalı 2007-ci ildə 25 faiz və ya müqayisəli qiymətlərlə 4,7 milyard manat artaraq 2,2 milyard manata çatmışdır. Hesabat dövründə ümumi daxili məhsul istehsalı Ermənistanda 16,3 faiz, Rusiyada 13,4 faiz, Qazaxıstanda 4,1 faiz azalmışdır.
Yanvar-iyun aylarında Özbəkistan və Azərbaycan istisna olmaqla digər MDB ölkələrində istehsalın həcmi aşağı düşmüşdür. Ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın həcmi Ukraynada 31,1 faiz, Moldovada 24,9 faiz, Qırğızıstanda 13,3 faiz, Ermənistanda 11,5 faiz, Belorusda 3,6 faiz, Qazaxıstanda 2,7 faiz azalmışdır. Özbəkistanda və Azərbaycanda isə bu müddət ərzində istehsalın həcmi müvafiq olaraq 9,1 faiz və 1,3 faiz artıbdır. MDB üzrə sənaye istehsalının həcmi isə orta hesabla 25 faiz azalıbdır. Pərakəndə ticarət dövriyyəsinin artımına görə Azərbaycan 8,5 faizlə ikinci yerdədir. Burada birinci yeri 13,8 faizlə Tacikistan tutur. Ümumiyyətlə, yanvar-iyun aylarında MDB üzrə bu göstərici 4 faiz aşağı düşmüşdür.
MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatından da göründüyü kimi, Azərbaycan iqtisadiyyatı dinamik inkişaf yolundadır. Bu inkişafın səbəbləri aydındır: regional inkişaf proqramında, habelə, digər mühüm sənədlərdə nəzərdə tutulmuş tədbirlər yüksək səviyyədə reallaşdırılır. Bunun nəticəsində yeni iş yerləri və müəssisələr yaradılır, sosial infrastruktur təminatının keyfiyyəti yüksəldilir, sahibkarlıq mühiti daha da yaxşılaşdırılır. Bununla yanaşı, görülən işlər sayəsində iqtisadiyyata investisiya qoyuluşlarının həcmi artırılır, yoxsulluğun azaldılması kimi çox mühüm bir məsələ getdikcə öz müsbət həllini tapır.
Bundan başqa, beynəlxalq iqtisadi münasibətlərə və hüquqi normalara cavab verən irimiqyaslı, xalqımızın milli maraqlarına əsaslanan məqsədyönlü islahatların ardıcıllıqla həyata keçirilməsi ölkəmizin qüdrətini və imicini daha da artırıbdır. Eyni zamanda, perspektiv inkişafa, insanların maddi rifahının durmadan yaxşılaşdırılmasına əlverişli şərait yaradılıbdır.
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılmış məqsədyönlü tədbirlər sosial və iqtisadi sahələrin yeni inkişaf mərhələsinə daxil olmasına gətirib çıxarıb, Azərbaycan dövlətinin strateji xəttinə uyğun olaraq qəbul edilmiş proqramların gerçəkləşdirilməsini sürətləndiribdir. Qlobal maliyyə böhranı, mütəxəssislərin fikrincə, Azərbaycan iqtisadiyyatını da sınağa çəkmişdir. Lakin Prezident İlham Əliyevin göstərişləri əsasında görülən tədbirlər nəticəsində və əvvəlki illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı, sabitliyi qorunub saxlanılmış, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxmışdır. Bunu belə bir fakt da təsdiqləyir: bu ilin altı ayı ərzində Azərbaycan iqtisadiyyatının ardıcıl yüksəlişi davam edərək, ÜDM-in artım 3,6 faiz təşkil edibdir. Həm də nəzərə alınmalıdır ki, BVF- nin 2009-cu ildə dünya iqtisadiyyatının 1,4 faiz azalacağı proqnozu fonunda bu göstərici diqqəti cəlb edir.
Qeyd edək ki, Nazirlər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında bildirilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən rekord inkişaf sürəti ölkəmizin iqtisadi göstəricilərinin mütləq ifadədə xeyli artmasına səbəb olmuşdur. Bu baxımdan cari və gələcək dövrlərdə hər artım faizinin kəmiyyət tutumunun əvvəlki illərin göstəricilərinin tutumundan əhəmiyyətli dərəcədə yüksək olması diqqətdən yayınmamalıdır.
Xatırladaq ki, bir müddət bundan əvvəl beynəlxalq reytinq agentlikləri tərəfindən ölkəmizin növbəti kredit reytinq qiymətləndirilməsi aparılmış və əvvəlki illərdə təyin edilən kredit reytinqləri müvafiq olaraq Ba1 və BB+ səviyyələrində bir daha təsdiqlənmişdir. Digər bir reytinq agentliyinin - "Standard Poors"un qiymətləndirməsi isə Azərbaycan iqtisadiyyatının böyük imkanlara və dayanıqlığa malik olduğunu göstərmişdir.
Qeyd edək ki, Azərbaycandan fərqli olaraq, 2008-ci ilin ortalarından indiyə kimi həmin reytinq agentlikləri bir sıra MDB dövlətlərinin və Şərqi Avropa ölkələrinin kredit reytinqlərini yenidən qiymətləndirərək, onları bir və ya iki pillə aşağı endirmişdir.
Azərbaycanın iqtisadi uğurlarında özəl bölmənin payı danılmazdır. Bu isə, şübhəsiz ki, ölkə rəhbərinin sözügedən sektora xüsusi qayğısının nəticəsidir. Xatırladaq ki, qlobal iqtisadi böhranın Azərbaycan sahibkarlığına təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, sahibkarların rəqabət qabiliyyətinin qorunması, onların birbaşa vergi yükünün azaldılması istiqamətində hökumət tərəfindən təsirli tədbirlər görülmüşdür və bu, hazırda da davam etdirilir. Misal kimi, dövlət başçısının bu yaxınlarda imzaladığı müvafiq qanunu göstərmək olar: 2010-cu ildən fərdi sahibkarların gəlirinin vergiyə cəlb edilmə dərəcəsi 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə endirilmiş, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədləri üçün vergi tutulan əməliyyatların həcmi 90 min manatdan 150 min manatadək artırılmışdır. Əhalinin vergi yükünün azaldılması məqsədilə 2010-cu ildən etibarən fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilmiş, ödənişli məktəbəqədər müəssisələrin xidmətləri əlavə dəyər vergisindən azad edilmişdir.
Qeyri-neft sektorunun inkişafına dövlət qayğısının daha da artırılması, sahibkarlığın dəstəklənməsi siyasəti hazırda da davam etdirilir. Bu ilin altı ayı ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 41 şəhər və rayonda 770 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 45 milyon manat güzəştli kredit verilibdir ki, bu da regionlarda 3400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaqdır.
Altı ay ərzində kənd təsərrüfatı istehsalçılarına da qayğı artırılıbdır. Fermerlərə ayrılan yardımların, texnika və gübrə alınmasına güzəştlərin nəticəsində bu il taxıl əkinlərinin sahəsi daha 215 min 400 hektar genişləndirilərək 1 milyon 78 min 800 hektara çatdırılıb. Belə ki, buğdanın əkin sahəsi 206 min 700 hektar artırılaraq 810 min 700 hektar təşkil edibdir. Əlbəttə, bu və ya digər uğurlu göstəricilərin əldə edilməsində dövlət başçısının təşəbbüsü və dəstəyi ilə yaradılan "Aqrolizinq" Səhmdar Cəmiyyətinin mühüm rolu vardır. Bu ilin altı ayı ərzində dövlət büdcəsindən kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün adıçəkilən səhmdar cəmiyyətə 33 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 10 milyon manat həcmində vəsait ayrılıbdır.
Ümumiyyətlə, aqrar sahənin inkişafına yönəldilmiş dövlət proqramlarının uğurla reallaşdırılması üçün ölkə rəhbərliyi tərəfindən hərtərəfli əlverişli şərait yaradılaraq, torpaq istifadəçilərinə mexanikləşdirilmiş istehsalat xidmətlərinin həcmi və növü genişləndirilərək fermerlərə traktor, kombayn və digər maşın və avadanlıqlar, toxum, gübrə, habelə, pestisidlər verilibdir.
Nazirlər Kabinetinin 2009-cu ilin ilk yarısının yekunlarına dair iclasında dövlət başçısı İlham Əliyev aqrar sektorun indiki durumunu geniş təhlil etmiş, fermerlərə bundan sonra da ciddi diqqət yetiriləcəyini vurğulayaraq bildirib: "Aqrolizinq"in yaradılması, deyə bilərəm ki, kənd təsərrüfatının inkişafında ciddi dönüş etdi. Ondan sonra əlavə tədbirlərin görülməsi nəticəsində, subsidiyaların verilməsi nəticəsində biz əkin sahələrini böyük dərəcədə genişləndirə bilmişik. Gübrənin alınması, yanacağın, toxumların alınması - bütün bunlar Azərbaycan dövləti tərəfindən həll olunan məsələlərdir. Bundan sonra biz çalışmalıyıq ki, kənd təsərrüfatımız daha çox inkişaf etsin. Əkin sahələrinin genişlənməsi prosesi, əlbəttə ki, çox müsbət haldır və bunu etmək üçün ciddi meliorasiya tədbirləri görülür və görüləcəkdir".
Məhz bunun nəticəsidir ki, bu il qarğıdalı da daxil olmaqla taxıl istehsalının təxminən 3 milyon ton, o cümlədən, buğda istehsalının təxminən 2 milyon 200 min ton olacağı gözlənilir. Bu, ölkə tarixində taxılçılıq sahəsində ən yüksək nəticə olmaqla yanaşı, ötən ilə nisbətən taxıl istehsalının təxminən 500 min ton artmasını və əhalinin ərzaq buğdasına olan tələbatının daxili istehsal hesabına tam ödənilməsini təmin edəcəkdir.
Bu gün Azərbaycan hökumətinin neft sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sahəsini də diqqət mərkəzində saxlaması mühüm əhəmiyyət kəsb edir. Paytaxtda, eləcə də, regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən, elektrik enerjisi, su və qaz ilə təchizatın gücləndirilməsi, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sosial sahəyə irihəcmli investisiyalar yönəldilir. Bu isə qeyri-neft sektorunda yüksək iqtisadi artım tempinin dayanıqlılığını şərtləndirir.
Bütün bu faktlar, onu deməyə əsas verir ki, Azərbaycanın iqtisadiyyatı növbəti illərdə də eyni inkişaf yolunda olacaq.

Digər xəbərlər