PDF Oxu

Əsas

  • 19

Azərbaycanın təhsil sistemi müasir standartlara uyğunlaşdırılır

Azərbaycanın təhsil sistemi müasir standartlara uyğunlaşdırılır

Müasir zamanda insanlar, xalqlar öz elmi, təhsili ilə tanınır və bu üstünlükləri ilə uğurlar qazanırlar. Bu səbəbdən də, inkişafa meyilli olan hər bir dövlət öz əhalisinin müasir və mükəmməl təhsilə yiyələnməsini, dünyada yüksək səviyyəli xalq kimi tanınmasını özünün prioritet vəzifəsi sayır. Azərbaycan da belə dövlətlərdəndir. Tarixən xalqımız elmə-təhsilə böyük önəm verib və bu ənənəni bu gün də davam etdirir.
Azərbaycan Prezidenti İlham Əliyev isə elmli, ziyalı insanların xalqımızın, dövlətimizin həyatında oynayacağı böyük rolu hamıdan yaxşı anladığını göstərir və bu səbəbdən də, təhsilin, elmin inkişafını prioritet vəzifə kimi qarşıya qoyub.
Azərbaycan müstəqillik qazandıqdan sonra təhsil sistemində aparılan islahatlar sırasında dərsliklə bağlı məsələlərin həlli əsas yerlərdən birini tutdu. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Təhsil İslahat Proqramında da dərslik probleminin həllinə xüsusi diqqət yetirilirdi. Müstəqilliyin ilk dövründən başlayaraq Azərbaycanın orta ümumtəhsil məktəbləri üçün yeni məzmunlu tədris proqramlarına uyğun dərsliklərin nəşri ilə başlandı.

2009-2010-cu tədris ilində orta ümumtəhsil məktəblərində dərslik problemi olmayacaq

2003-cü ildə 97 adda 3819640 nüsxə dərslik çap olunmuşdusa, 2007-ci ildə 155 adda 5185000 nüsxə dərslik çapdan buraxılıb. Ötən dərs ilində isə 102 adda 4 milyon nüsxədən çox dərslik və müəllimlər üçün vəsait çap olunub.
2003-2007-ci illərdə azsaylı xalqların dillərində 8 adda 31700 nüsxə dərslik çapdan buraxılaraq məktəblərə paylanıb. Bundan başqa Gürcüstandakı Azərbaycan məktəbləri, Dağıstandakı azərbaycandilli məktəblər, MDB ölkələrində, habelə, Almaniya, Polşa, Macarıstan, Kanada, Böyük Britaniya və ABŞ-dakı Azərbaycan dilində fəaliyyət göstərən bazar günü məktəbləri də dərsliklərlə təmin olunub.
"2009-2010-cu tədris ilində də Azərbaycanın orta ümumtəhsil məktəblərində dərslik problemi olmayacaq". Bu sözləri Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bildirib. Ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı nəticəsində dövlət büdcəsindən hər il dərsliklərin nəşrinə kifayət qədər vəsait ayrılır. Təkcə dərsliklər deyil, həm də məktəb kitabxanalarının latın qrafikası ilə çap olunan əsərlərlə təminatı da diqqət mərkəzindədir.
Yeni dərs ilinə hazırlıqda, söz yox ki, dərsliklərin nəşr olunması və vaxtında yerlərə çatdırılmasının böyük əhəmiyyəti var. Qeyd etmək lazımdır ki, dövlətimizin diqqət və qayğısı nəticəsində 2005-ci ildən etibarən ümumtəhsil məktəblərinin bütün şagirdləri dərsliklərlə pulsuz təmin olunurlar. Bununla bağlı Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlər mühüm əhəmiyyət kəsb edir.
Faiq Şahbazlının sözlərinə görə, respublikanın ümumtəhsil məktəblərinin II, V-XI sinifləri üçün (Azərbaycan və rus dillərində) 2009-2010-cu tədris ilinə 87 adda 4.256.600 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı planlaşdırılıb. Bu, II siniflər üçün kurrikulum əsasında 40 adda 1.122.500 nüsxə dərslik və müəllim üçün metodik vəsait, V-XI siniflər üçün isə 47 adda 3.144.100 nüsxə dərslik deməkdir.
II siniflər üçün dərslik komplektlərinin hazırlanması və çapı üzrə açıq tender keçirilib. Dərslik komplektləri prosedur qaydalara uyğun olaraq Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirildikdən sonra keçid balını toplayanlar təsdiq olunub, onların çapı üzrə 6 nəşriyyat-poliqrafiya müəssisəsi ilə müvafiq satınalma müqavilələri bağlanıb və dərslik komplektləri çapa təsdiq edilərək nəşriyyatlara təhvil verilib. Hazırda həmin dərslik komplektlərinin çapı başa çatdırılıb və yeni dərs ilinə qədər onların ümumtəhsil məktəblərinə göndərilməsi davam etdirilir.
Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün 47 adda dərsliyin çapı üzrə də mövcud qanunvericiliyə uyğun olaraq 6 nəşriyyat-poliqrafiya müəssisəsi ilə satınalma müqavilələri bağlanıb. Bu dərsliklərin çapı başa çatdırılaraq yerlərə göndərilib.
Bununla yanaşı, Gürcüstandakı və Dağıstandakı Azərbaycan məktəblərinin, MDB ölkələrinin, habelə, Almaniya, Polşa, Macarıstan, Kanada, Böyük Britaniya, ABŞ-dakı təlimi Azərbaycan dilində olan bazar günü məktəblərinin müraciətləri əsasında onlara dərsliklər verilir və bu iş hazırda davam etdirilir.

Bu il ölkədə 28 yeni məktəb istifadəyə veriləcək, məktəblərə 1300-dən çox müəllim
göndəriləcək

Ölkənin təhsil sisteminin inkişafında müasir imkanlara malik təhsil komplekslərinin də mühüm rolu var. Azərbaycan son illərdə tikilən məktəblərin sayına görə dünyada liderlik edir. Ötən 5 ildə ölkədə 1500-ə yaxın məktəb tikilib və bu proses sürətlə davam etdirilir.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Təhsil Nazirliyi üzrə Tədbirlər Planına uyğun olaraq 2009-cu ildə 11000 şagird yerlik 28 yeni məktəbin, 3 mövcud məktəb üçün 1420 şagird yerlik 71 əlavə sinif otağının, 1 təhsil şöbəsinin tikintisi, 4 internat məktəbin və uşaq bağçasının, 11 tədris ocağının əsaslı təmiri, 87 təhsil müəssisəsinin qazlaşdırılması işi uğurla icra edilir.
"Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2009-cu il tarixli sərəncamına uyğun olaraq 4 məktəbin əsaslı təmiri, 800 şagird yerlik 3 yeni məktəbin, 1 məktəb üçün 440 şagird yerlik 22 əlavə sinif otağının tikintisi həyata keçirilir.
Dövlət büdcəsindən təhsil sahəsinə mərkəzləşdirilmiş qaydada ayrılan vəsait hesabına isə 11 tədris müəssisəsinin əsaslı təmiri yerinə yetirilir.
Təhsil Nazirliyindən aldığımız məlumata görə, proqram çərçivəsində ölkənin ümumtəhsil məktəblərinə indiyədək 4871 müəllim göndərilib. Bu il isə daha 1308 müəllimin güzəştli şərtlərlə ucqar kənd məktəblərinə təyin olunması nəzərdə tululub.
Təhsil Nazirliyi Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirovun sözlərinə göeə, sözügedən Dövlət Proqramı tərtib olunanda ölkənin ümumtəhsil məktəblərində 7000-ə qədər vakant yer var idi. Sonralar müəyyən qədər kadr göndərilmiş və vakant yerlərin sayı azalaraq 6000 qalmışdı. Bu il məktəblərə 1308 müəllimin göndərilməsi kadrlara nəzərdə tutulur.

Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı uğurla həyata keçirilir

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilib. Dövlət Proqramının əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi, habelə, Azərbaycanın təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunması üçün şərait yaradılmasıdır.
Dövlət Proqramı, ilk növbədə, təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsini nəzərdə tutur. Bundan başqa, internet xidmətlərinin işlənilməsi və internet şəbəkəsinə çıxışının təmin olunması da burada mühüm yer tutur.
Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi ilə bağlı proqramda xüsusi müddəalar var. Onlardan bütün fənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlər kompleksinin işlənilməsi və yayılması, elektron təhsil (e-Learning) resursları bazasının yaradılması və tədris prosesinə inteqrasiyası, ölkə daxilində distant təhsilin inkişaf etdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi, təhsildə İKT-nin tətbiqi üzrə məlumat və resurs mərkəzinin yaradılması və s. göstərmək olar.
Vahid təhsil portalının yaradılması və mütəmadi dəstəklənməsinin təmin olunması, təhsildə dünya informasiya resurslarından səmərəli istifadənin təşkili, interaktiv tədris imkanlarından daha geniş istifadə olunmasının dəstəklənməsi məsələləri də burada mühüm yer tutur.
Dünyanın aparıcı şirkətlərinin təqdim etdiyi müasir texnologiyaların tətbiqi ilə yaradılan Məlumat və Resurs Mərkəzinin funksionallığı olqduqca genişdir və ən müasir texnoloji standartlara cavab verir. Azərbaycan təhsil şəbəkəsində internetə "giriş və çıxış nöqtəsi" olmaqla yanaşı Mərkəz, həmçinin, təhsilə aid informasiya resurslarının toplanacağı yer olacaq.
Mərkəzdə quraşdırılmış texnologiya video-konfranslar keçirməyə imkan verəcəkdir. Bu texnologiya mərkəzin konfrans zalından Azərbaycan təhsil şəbəkəsinə qoşulmuş bütün məktəblərinə, eyni zamanda, mühazirələr və ya açıq dərslər keçirməyə imkan yaradacaq.
Mərkəzdə, həmçinin, tədris-elektron resursları yerləşdiriləcək. Bu resurslar İKT-nin təhsildə tətbiqini daha effektiv etməklə yanaşı, tədrisin keyfiyyətini də qaldırmağa imkan verəcəkdir.
Mərkəzin serverində, həmçinin, Azərbaycan məktəblərinin elektron xəritəsi də yerləşdirilib. İnternet vasitəsiə ictimaiyyət üçün açıq olan bu resurs vasitəsilə məktəblər haqqında bütün zəruri məlumatlar əldə etmək mümkündür.
Azərbaycanda indiyədək 20 minə yaxın müəllim təhsildə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə treninqlərdə iştirak ediblər. 2009-cu ildə İKT-nin təhsildə tətbiqi üzrə treninqlərdə 23 minə yaxın təhsil işçisinin iştirakı planlaşdırılır.
Dövlət Proqramı çərçivəsində "Elektron məktəb" pilot layihəsi həyata keçirilir. Layihənin məqsədi 20 məktəb nümunəsində informasiya kommunikasiya texnologiyalarını orta təhsil sistemində sistemli tətbiqini həyata keçirməkdir. "Elektron məktəb" layihəsi çərçivəsində kompüterlər nəinki informatika dərslərində, həmçinin, fənn dərslərində geniş istifadə ediləcək.

Digər xəbərlər