Mübariz Qurbanlı: ““Transparency İnternational” təşkilatının yaydığı məlumat həqiqətə uyğun deyil”
"Təəssüf ki, "Transparency İnternational" öz hesabatını hazırlayarkən, subyektivliyə yol verib. Təşkilatın Azərbaycanla bağlı yaydığı məlumat həqiqətə uyğun deyil. Bu gün Azərbaycanda icra, qanunvericilik və məhkəmə hakimiyyətləri korrupsiyaya qarşı mübarizə istiqamətində mühüm tədbirlər həyata keçirirlər. Bildiyimiz kimi, bu məsələ ilə bağlı dövlət proqramı qəbul olunub, eləcə də qanunvericilik xeyli təkmilləşdirilib. Bu sözləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, dövlət büdcəsinin vəsaitlərinin xərclənməsi ciddi nəzarətdədir və şəffaf şəkildə həyata keçirilir. Bütün bunlar ölkəmizdə korrupsiyanın qarşısını almaq üçün atılan addımlardır. Onun fikrincə, ən vacib məqam korrupsiyanı yaradan səbəbləri aradan qaldırmaqdır. Yalnız inzibati yollarla bu halların qarşısını tam almaq mümkün deyil. Neqativ halların aradan qaldırılması islahatların həyata keçirilməsi nəticəsində baş verə bilər ki, Azərbaycan da bu yol ilə gedir.
M.Qurbanlı vurğulayıb ki, "Transparency İnternational" Azərbaycandakı vəziyyəti təhlil edərkən düzgün metodoloji araşdırmalar aparmayıb.Əslində, bu gün korrupsiya ilə mübarizə dünyanın bütün ölkələrində gedir. Biz Qərb ölkələrində tez-tez böyük korrupsiya qalmaqallarının şahidi oluruq. Hazırda BMT səviyyəsində korrupsiya ilə bağlı müxtəlif proqramlar həyata keçirilir. Hesab edirəm ki, "Transparency İnternational" təşkilatı Azərbaycanla bağlı dəqiq araşdırmalar aparmayıb. Bu gün Azərbaycan sürətlə inkişaf edir. Əgər Azərbaycanda korrupsiyanın vəziyyəti təşkilatın iddia etdiyi vəziyyətdə olsaydı, ölkəmiz inkişaf səviyyəsinə görə dünyanın lider dövlətləri sırasında yer tutmazdı. Korrupsiyanın kök saldığı bir ölkədə iqtisadi inkişaf deyil, geriləmə müşahidə edilərdi. Ancaq göründüyü kimi, Azərbaycan sürətli iqtisadi inkişaf yolundadır."