Avropa Şurasının Gənclərlə İş üzrə Daimi Komitəsinin Yay Məktəbi öz işinə başladı
Dünən "Park-İnn" otelində Avropa Şurasının Gənclərlə iş Üzrə Daimi Komitəsinin Yay Məktəbinin Bakıda ilk dəfə açılışı oldu. Qeyd edək ki, Yay Məktəbinin işi avqustun 25-dən 29-dək davam edəcək. Məktəbin açılışında gənclər və idman naziri Azad Rəhimov, Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, AŞ-nin Gənclərlə İş üzrə Daimi Komitəsinin direktoru Rene Veynqartner və digər şəxslər iştirak etdi.
Tədbirdə çıxış edən gənclər və idman naziri A.Rəhimov Azərbaycanın Avropa Şurası ilə bir sıra sahələrdə əməkdaşlıq etdiyini və gənclər siyasəti ilə bağlı əməkdaşlığa xüsusi diqqət yetirdiyini bildirdi: "Gənclər siyasətinin səmərəli həyata keçirilməsi üçün bu siyasəti reallaşdıran insanlarla gənclər arasında dialoqun aparılması vacibdir. Həmçinin, çox fərqli mədəniyyətlər, xalqların arasında dialoq onların inteqrasiyası üçün zəruridir. Ona görə də belə tədbirlərin keçirilməsi gənclərin qeyd olunan sahələrdəki problemlərinin aradan qaldırılmasına yardım edəcək".
Ötən il Kiyev şəhərində yeni bir layihənin həyata keçirildiyini deyən A.Rəhimov bildirdi ki, Avropa Gənclər Şurası 2020-ci ilə qədər fəaliyyət proqramı təqdim edib: "Bu proqram bizim üçün çox böyük əhəmiyyət kəsb edir və vacibdir. Burada gənclər sahəsində aparılan işlər, sivilizasiyaların alyansı, ölkələrarası mədəniyyət dioloqu, gənclərlə bütün sahələrdə aparılan iş və onların açıqlanması öz əksini tapıb".
A.Rəhimov əlavə edərək vurğuladı ki, Avropa Şurasının əsas layihələri haqqında Avropa Şurasının Gənclərlə İş üzrə Daimi Komitəsinin yay məktəbi çərçivəsində açıqlama veriləcək.
Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov gənclər üçün yay məktəblərinin təşkil olunmasının vacib olduğunu və bu tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini dedi.
Avropa Şurasının Gənclərlə İş üzrə Daimi Komitəsinin direktoru Rene Veynqartner isə Azərbaycanın gözəl və maraqlı ölkə olduğunu bildirdi. O, gənclərin ictimai-siyasi proseslərdə aktivliyinin artırılması üçün yay məktəblərinin təşkilini əhəmiyyətli olduğunu vurğuladı: "Biz yalnız müəyyən danışıqlar aparmırıq, həm də konkret addımlar atırıq. Əminəm ki, bu yay məktəbi çərçivəsində məhsuldar müzakirələr keçiriləcək".
Qeyd edək ki, yay məktəbində Avropa Şurasına üzv ölkələrdə həyata keçirilən gənclər siyasəti haqqında məlumat veriləcək, Avropa Birliyinin 2020-ci ilə qədər olan strategiyasının təqdimatı keçiriləcək və bu strategiyanın milli səviyyədə icra olunmasının mexanizmlərinə dair debatlar təşkil olunacaq.