Leyla Əliyeva: “Mirzə Fətəli Axundovun adını daşıyan Ev- Muzeyi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayıb”
- Leyla xanım, Mirzə Fətəli Axundovun Ev-Muzeyi nə vaxtdan fəaliyyət göstərir və yarandığı gündən hansı işlər görülüb?
- Ev-Muzeyinin Mirzə Fətəli Axundovun adını daşıması haqqında 1985-ci ildən qərar verilsə də, bu qərar uzun müddət kağız üzərində qalıb. Ümummilli liderimiz Heydər Əliyev 1996-cı ildə Gürcüstana rəsmi səfəri zamanı Ev-Muzeyində olub. Bundan sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Mirzə Fətəli Axundovun adını daşıyan Ev-Muzeyi fəaliyyətə başlayıb. Fəaliyyətimizin əsas məqsədi ondan ibarətdir ki, milli adət-ənənələrimizi yaşadaq və gələcək nəsillərə təqdim edək. Bizim mədəniyyətimiz çox zəngindir və bütün dünyada tanınır. Buradakı azərbaycanlı əhalinin, xüsusilə, gənclərin gürcü və ingilis dillərini öyrənmələri və Gürcüstan ictimaiyyətinə inteqrasiya etmələrinə kömək məqsədilə dil kurslarımız fəaliyyət göstərir. Gənc istedadların əl işlərindən ibarət sərgilər təşkil etmişik. Milli musiqimizin mənimsənilməsi üçün musiqi dərnəklərimiz fəaliyyət göstərir. Uşaqlar bu dərnəklərdə milli musiqi alətlərimizi böyük həvəslə öyrənirlər.
- Muzeyə baş çəkərkən, buradakı musiqi alətlərimizin yararsız vəziyyətdə olduğunu gördük. Bu problemlərin aradan qaldırılması üçün hansı işlər görülür?
- Milli musiqi alətlərimizlə yanaşı, milli geyimlərimizdə də müəyyən çatışmazlıqlar var. Mən imkanlı şəxslərdən bu işdə bizə maddi dəstək göstərmələrini xahiş edirəm. Qeyd edim ki, bununla bağlı artıq Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə də müraciət etmişik. Ümidvaram ki, problemlərimiz yaxın vaxtlarda öz həllini tapacaq.
- Bəs muzeydəki eksponatlar hansı vəziyyətdədir?
- Bütün eksponatlarımız, o cümlədən, Axundova məxsus olan və yerli əhali tərəfindən muzeyimizə hədiyyə olunan tarixi əşyalar lazımi qaydada qorunur.
- Leyla xanım, muzeyin kollektivi haqqında məlumat verərdiniz?
- Kollektivimiz 9 nəfərdən ibarətdir. Kollektivin üzvlərinin əksəriyyəti azərbaycanlılardır. Onların içərisində elmi işçilər də var. Muzeydə bir nəfər gürcü də çalışır. Muzeyimiz Gürcüstanda fəaliyyət göstədiyi üçün burada bütün işlər gürcü dilində aparılır və bu səbəbdən gürcü dilini mükəmməl bilən işçinin çalışması vacibdir.
- Azərbaycan dövləti tərəfindən maddi və mənəvi dəstək hiss edirsinizmi?
- Mən hər zaman azərbaycanlı olmağımla fəxr edirəm. Azərbaycan dövləti tərəfindən bizə göstərilən hərtərəfli dəstəkdən çox razıyam. Azərbaycan tərəfindən muzeyin kitabxanasına müxtəlf kitablar hədiyyə olunub. Fəaliyyətimizə dəstək verən hər kəsə təşəkkürümü bildirirəm. Onların Gürcüstana səfəri zamanı muzeyimizə baş çəkmələri və işimizlə maraqlanmaları bizə ən böyük hörmətdir.
- Muzeydə konkret olaraq hansı dərnəklər fəaliyyət göstərir?
- Hazırda muzeyimizdə milli rəqs, milli ansambl və rəssamlıq dərnəkləri fəaliyyət göstərir. Bu dərnəklərdə təhsil alan gənclərdə nəzərəçarpacaq irəliləyişlər var. Musiqi dərnəyinin rəhbəri Nail müəllim öz işində olduqca məsuliyyətlidir. Vaxtilə musiqi sahəsində uğurları olub. O, SSRİ dövründə fəaliyyət göstərən "Sevinc" musiqi ansamblının rəhbəri olub. Rəhbərlik etdiyi dərnəkdə uşaqlar musiqinin sirlərinə dərindən yiyələnirlər.
- Bildiyimizə görə, Gürcüstanda ilk Azərbaycan kitabxanası məhz bu muzeydə yaradılıb. Mümkünsə, bu barədə məlumat verərdiniz?
- Mən muzeyə ilk dəfə gələndə buradakı kitablar qutularda yığılıb qalmışdı. Sonradan ziyalılarımızla məsləhətləşərək, qərara gəldik ki, kitabxana yaradaq. Biz Bakıya, Mirzə Fətəli Axundov adına respublika kitabxanasına müraciət etdik və onlar bizə bəzi kitabları əldə etməyimizə köməklik göstərdilər. Hazırda muzeyin kitabxana fondunda 3000-ə qədər kitab var. Yaxın günlərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeyimizə yeni kitablar hədiyyə olunacaq. Ümumiyyətlə, biz çalışırıq ki, kitabxananın fəaliyyətini daha da genişləndirək və inkişaf etdirək. Biz çalışırıq ki, buraya gələn hər bir oxucu Azərbaycanla bağlı, onun mədəniyyəti, tarixi haqqında ətraflı məlumat ala bilsin. Kitabxanaya Gürcüstan vətəndaşları, hətta millət vəkilləri də gəlirlər. Gürcüstanda fəaliyyət göstərən Heydər Əliyev adına Dram Teatrı ilə yaxından əməkdaşlıq edir və bir-birimizə qarşılıqlı dəstək veririk. Gürcüstanın mədəniyyət və elm adamları ilə çox sıx əlaqələrimiz var və burada Gürcüstan-Azərbaycan mədəniyyətinin birgə inkişafı prosesi gedir.
- Kitablar, əsasən, hansı sahəni əhatə edir?
- Kitabxanada müxtəlif mövzuda kitablar var. Onların içərisində, əsasən, bədii ədəbiyyat, tarixi əsərlər, milli musiqimiz haqqında, yazıçı və alimlərimizin yaradıcılığına həsr olunmuş kitablar üstünlük təşkil edir.
- Yəqin ki, M.F.Axundovun həyatına aid müəyyən araşdırmalar aparmısınız ?
- Axundov haqqında daha ətraflı məlumatlar əldə etmək üçün araşdırmalar aparmışıq və bu, indi də davam etdirilir. M.F.Axundov vaxtilə Rusiyada fars dili üzrə tərcüməçi işləyib. O, ailəsi ilə birgə Tiflisə yaxın olan "Kocorvar" kurort şəhərciyində yaşayıb və fəaliyyət göstərib. Kocorvar haqqında kitab yazan bir nəfər qadın yazıçı Axundovun həyat və yaradıcılığından bəhs edən bir kitab da nəşr etdirib. Muzeyimiz həmin xanımla əlaqələr qurub və birlikdə arxivlərdə araşdırmalar aparırıq, bir sözlə, Axundovun həyatı və yaradıcılığı ilə bağlı tədqiqatlarımızı mütəmadi olaraq davam etdirirk. Biz həmin yerə də da baş çəkmişik və əfsuslar olsun ki, vaxtilə böyük ədibin yaşadığı mülk çoxdan satılıb və artıq başqasının şəxsi mülkiyyətindədir.
- Digər dahi şəxsiyyətlərimiz barəsində necə, hər hansı araşdırmalar aparmısınızmı?
- Dahi Azərbaycan şairi Səməd Vurğunun gürcü şairləri ilə dostluq əlaqələri haqqında məlumatlar əldə etmişik. Hətta onların Qaxetdə yerləşən bir kənddə görüş yeri də var. Onların görüşdükləri binanın divarında Səməd Vurğunun imzası var. Mən Azərbaycanın İctimai Televiziyasına müraciət etdim və bir nəfər müxbirlə oraya getməyim üçün köməklik göstərməsini xahiş etdim.
- Bizə məlumdur ki, 19-cu əsrdə Azərbaycan yazıçılarının, ziyalılarının əksəriyyəti Tiflisdə yaşayıb-yaradıblar. Onlarla bağlı hər hansı muzey və ya mərkəz fəaliyyət göstərirmi?
- Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun Ev- Muzeyləri fəaliyyət göstərir. Bu muzeylər Tiflisin bərpası layihəsinə düşdüyü üçün yenidən qurulacaq.
- Eşitdiyimizə görə, Gürcüstanın Prezidenti Mixeil Saakaşvilinin anası ilə dostluq əlaqələriniz var...
- Mixeil Saakaşvilinin anası Giuli Alasaniya Azərbaycan-Gürcüstan Dostluq Evinin prezidentidir. İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətimiz bizi birləşdirən əsas səbəbdir.