PDF Oxu

Əsas

  • 16

Bu gün Piano Müsabiqəsinin münsiflər heyətində təmsil olunan musiqiçilərin qala-konserti keçiriləcək

Bu gün Piano Müsabiqəsinin münsiflər heyətində təmsil olunan musiqiçilərin qala-konserti keçiriləcək
Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalı çərçivəsində gənc pianoçuların müsabiqəsinin II turuna avqustun 18-də yekun vuruldu. Finalda iştirak etmək hüququ qazanan beş gənc pianoçu arasında azərbaycanlı Toğrul Hüseynli də iştirak edirdi. Avqustun 19-da keçirilmiş finalda T.Hüseynli ilə bərabər, Aleksandr Yakovlev və İlya Maksimov da olub. Qeyd edim ki, onların hər ikisi Rusiyadan, Şimomura Misako Yaponiyadan, Qoran Filipets Xorvatiyadandır.
Müsabiqənin II turunda müxtəlif ölkələri təmsil edən 13 gənc pianoçu iştirak etmişdir. İkinci turda Azərbaycanı Nərgiz Kəngərli, Abuzər Manafzadə, Toğrul Hüseynli və Günel Kazımova təmsil etmişlər. Həmin turda gənc pianoçuların hər biri 4 əsər ifa etmişdir. Onlar dünya və Avropa bəstəkarlarının, eləcə də Qara Qarayevin, Cövdət Hacıyevin əsərlərini də səsləndirmişlər. Ayın 19-da müsabiqəyə yekun vuruldu.
Bakı Musiqi Akademiyasının (BMA) rektoru, Azərbaycanın xalq artisti, Qəbələ Festivalı və Müsabiqəsinin bədii rəhbəri Fərhad Bədəlbəyli açıqlamasında bildirib ki, beynəlxalq festivalda 15 ölkə təmsil olunur: "Artıq altı gündür davam edən bu festival çox yüksək səviyyədə həyata keçirilir. İştirakçılar həm festivalın, həm də müsabiqənin gedişatından çox razıdırlar. Azərbaycanlıların çox qonaqpərvər və istiqanlı olması qonaqları valeh edib. Eyni zamanda, Qəbələnin gözəl təbiəti onlara çox gözəl təsir edir. Onlar burada işləməklə yanaşı, gözəl istirahət edirlər".
Fərhad Bədəlbəyli onu da vurğulayıb ki, avqustun 22-də öz işini başa vuracaq festival çərçivəsində bir sıra konsertlər də həyata keçiriləcək. Avqustun 19-da isə festival çərçivəsində keçirilən Pianoçular Müsabiqəsinin finalı və qaliblərin mükafatlandırılması mərasimi təşkil olunub. Bununla yanaşı, avqustun 20-də Piano Müsabiqəsinin münsiflər heyətində təmsil olunan musiqiçilərin qala-konsertinin keçirilməsi nəzərdə tutulub.
F.Bədəlbəylinin bildirdiyinə görə, müsabiqənin münsiflər heyətində Amerika, İtaliya İspaniya, Meksika, Rusiya və Azərbaycan mütəxəssisləri təmsil olunurlar. Avqustun 21-də keçirilməsi nəzərdə tutulan muğam axşamında isə xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramova konsert proqramı ilə çıxış edəcəklər. Sonuncu gün, yəni avqustun 22-də Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçiriləcək. Bağlanış konsertində Ranaana Simfonietta Orkestrinin müşayiəti ilə solistlər Daniel və Aleksandr Qurfinkel (klarnet), Vyaçeslav Vaynorovski (tenor), Boris Berezovski (piano) çıxışı gözlənilir. Konserti tanınmış dirijor Dmitri Yablonski idarə edəcək. Festivalın və Müsabiqənin bədii rəhbəri qeyd edib ki, sözügedən piano müsabiqəsinin I yer sahibi 10 000, II yer sahibi 5 000, üçüncü yer sahibi isə 3 000 manat pul mükafatı ilə təltif olunacaq.

Digər xəbərlər