PDF Oxu

Əsas

  • 13

Naxçıvanda Azərbaycan Sərhəd Qoşunları yaradılmasının 90 illik yubileyi qeyd olunub

Naxçıvanda Azərbaycan Sərhəd Qoşunları yaradılmasının 90 illik yubileyi qeyd olunub
Dünən "Naxçıvan" Sərhəd Diviziyasında Azərbaycan Sərhəd Qoşunları yaradılmasının 90 illik yubileyi qeyd olunub. "Naxçıvan" Sərhəd Diviziyasının komandiri Asəf Quliyev yubiley tədbirinə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova raport verib.
Ali Məclisin sədri şəxsi heyəti salamlamış, onları Azərbaycan Sərhəd Qoşunları yaradılmasının 90 illik yubileyi münasibətilə təbrik edib. Ali Məclisin sədri və tədbirin iştirakçıları diviziyanın həyətində xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin büstü önünə gül dəstəsi qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad ediblər. Sonra hərbi hissənin döyüş bayrağı meydana gətirilib. Dövlət himni səsləndirilmişdir.
Asəf Quliyev muxtar respublikada sərhədçilərə göstərilən diqqət və qayğıdan danışıb. Sonra əsgər Elçin Rüstəmov çıxış etmişdir.
Vasif Talıbov əziz bayram - Azərbaycan Respublikası Sərhəd Qoşunlarının yaradılmasının 90 illiyi və sərhəd qoşunları əməkdaşlarının peşə bayramı münasibətilə dövlət sərhədimizin etibarlı keşikçilərini, onların şəxsində muxtar respublikanın ərazisindəki bütün hərbi hissələrin heyətlərini, daim sərhədçilərimizlə birlik nümayiş etdirən naxçıvanlıları və şəhid ailələrini təbrik edərək bildirib ki, ölkəmizdə sərhəd qoşunlarının yaradılması möhtərəm Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmiş, peşəkar xarakter alıb. Milli dövlətçiliyin əsas atributlarından olan dövlət sərhədlərinin mühafizəsinə ulu öndərimizin göstərdiyi diqqət və qayğının nəticəsidir ki, dövlət sərhədləri boyu zəruri infrastruktur yaradılaraq, Müstəqil Dövlətlər Birliyinə daxil olan digər dövlətlərdən fərqli olaraq Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadir olduğunu bütün dünyaya nümayiş etdirib. Sonra xidmətdə fərqlənənlərə Azərbaycan Respublikası Prezidentinin təltifləri və Ali Məclis sədrinin qiymətli hədiyyələri təqdim olunub.
Şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib. Ali Məclisin sədri və tədbirin iştirakçıları əsgər yeməkxanasında əsgərlərlə birlikdə nahar ediblər. Naxçıvan Dövlət Filarmoniyasının "Gəmiqaya" instrumental ansamblı konsert proqramı ilə çıxış etmiş, muxtar respublikanın incəsənət ustalarının ifasında ümummilli liderimizə, doğma vətənimizə həsr olunmuş mahnılar səslənmişdir.

Digər xəbərlər