Sərhəd Mühafizəsinin 90 illik yubleyi qeyd olundu
Dünən Sərhəd Mühafizəsinin yaradılmasının 90 illiyi qeyd edildi. DSX əməkdaşları ilk öncə Fəxri Xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər. Daha sonra davam edən tədbirdə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın dövlət himni səsləndirildi.
Mərasimi giriş sözü ilə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev açaraq sərhədçi zabitləri təbrik etdi. O bildirdi ki, bu gün dövlət sərhədlərimizin müdafiəsi hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur: "Amma bu işdə sərhədçilərin üzərinə daha böyük məsuliyyət düşür. İnanıram ki, gənc zabitlərimiz bunu başa düşür və doğma vətənimizin müdafiəsi naminə bütün imkanlarını səfərbər edəcəklər". Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Dövlət Sərhəd Xidmətinə xüsusi qayğı göstərdiyini bildirən E.Quliyev, ölkəmizin başçısının son illərdə 8 dəfə sərhəd bölgələrinə səfər etməsinin və sərhəd zastavalarına baş çəkməsinin, onların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün xüsusi göstərişlər verməsinin, DSX Akademiyasının yaradılması ilə bağlı Sərəncamının buna əyani sübut olduğunu qeyd etdi: "Qlobal və regional xarakterli təhdidlərin artdığı şəraitdə vətənimizin eləcə də, ölkəmizdə və regionda reallaşan beynəlxalq iqtisadi layihələrin təhlükəsizliyinə etibarlı təminat yaradılması daim aktual məsələdir. Bu baxımdan, bizim hamımızın üzərinə mühüm vəzifələr düşür. Milli maraqlarımıza qarşı yönələn bütün təhdidlərin qarşısının alınması üzrə vəzifələrin uğurla yerinə yetirilməsi bizdən daim yüksək sayıqlıq, hərtərəfli hazırlıq və vətənpərvərlik tələb edir. Dövlətimizin başçısı tərəfindən Azərbaycanın bütün hərbi, xüsusi xidmət və hüquq-mühafizə qurumlarına daim qayğı göstərilir. Şəxsi heyətin peşəkarlığının və döyüş qabiliyyətinin artırılması, onun maddi-texniki təminatının möhkəmləndirilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülür. Bütün bunların nəticəsində güc qurumlarımız Ermənistanın işğalçılıq siyasətinə qarşı bütün sahələrdə hücuma keçmək barədə Ali Baş Komandanın tələbini yerinə yetirməyə qadir olan vahid qüvvəyə çevrilməlidir. Odur ki, hər bir kursant, zabit, əməkdaş, hərbi qulluqçu, ümumiyyətlə, hər bir vətəndaşımız xalq, cəmiyyət və dövlət qarşısında öz vəzifə borcunu bilməli, məsuliyyətini hiss etməlidir. Bunun üçün hər kəs peşəsinə və sənətinə dərindən yiyələnməli, daim öz üzərində işləməli və zamanla ayaqlaşmalıdır. Yüksək peşəkarlıq, intellektual səviyyə, doğma dilimizi yaxşı bilməklə yanaşı, xarici dillərə yiyələnmək, yeni texnologiyaları mənimsəmək, başlıcası Vətəni sevmək, ayıq-sayıq olmaq, xidməti borcuna, xalqına və dövlətinə sadiqlik ən əsas şərtlərdəndir".
DSX rəisi onu da vurğuladı ki, milli maraqların qorunmasında Heydər Əliyev ənənələri Azərbaycanın hərtərəfli tərəqqi yoluna çıxarılmasına və qüdrətlənməsinə xidmət edir: "Müasir Azərbaycan dövlətinin yaradıcısı, adı Vətən tarixinə qızıl hərflərlə yazılmış, ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında çalışmış Heydər Əliyevin mənalı və misilsiz həyat yolu hər bir vətənpərvər azərbaycanlı, xüsusilə də, gənclərimiz üçün daim örnək və məktəbdir. Hazırda Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyanın aparıcı ölkələri sırasındadır. Ölkəmiz artıq nəinki Cənubi Qafqaz, hətta daha geniş coğrafi və siyasi məkanda nüfuz qazanıb. Göstərilənlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatların, düşünülmüş və uzun müddətə hesablanmış dövlət quruculuğu siyasətinin reallığını nümayiş etdirir".
Qeyd edək ki, tədbirdə hərbi xidmətdə qulluq edən DSX əsgər və zabitlərinin andiçmə mərasimi keçirildi.
Sonda Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev və DSX sədri peşə fəaliyyətlərində göstərdikləri xidmətə görə, bir qrup şəxsi təltif etdilər.