PDF Oxu

Əsas

  • 12

SƏRHƏDLƏRİMİZ ETİBARLI QORUNUR

SƏRHƏDLƏRİMİZ ETİBARLI QORUNUR

(Əvvəli ötən sayımızda)

Döyüş hazırlığı zamanı həyəcan komandaları ilə məşğələlərə və praktiki atəşin keçirilməsinə daha çox üstünlük verilmiş, təmas xəttinə yaxın olan sərhəd zastavaları döyüş texnikası, videomüşahidə və videomühafizə vasitələri ilə tam təmin edilib. Qoşunlarda yeni, müasir tələblərə cavab verən döyüş, ictimai, komandir hazırlığı proqramları, müxtəlif dərsliklər və təlimatlar hazırlanıb hərbi hissələrə göndərilib. DSX-nin ixtisaslı kadrlarla komplektləşdirilməsi, zabit, gizir və əsgərlərin peşə hazırlığının yüksək səviyyədə olması üçün önəmli işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış Dövlət Sərhəd Xidmətinin Akademiyasında 2008-ci ildə artıq tədrisə başlanılıb.
Sərhədçilərin yerli əhali ilə sıx əlaqələri, yerli problemlərin həllində yaxından iştirakı, sərhədyanı kənd və rayonlarda keçirilən kütləvi tədbirlərdəki fəallığı, dövlət sərhədlərimizin mühafizəsinin təşkili, aparılan tikinti-quruculuq işləri, əldə olunan nəticələr barədə kütləvi informasiya vasitələrinə mütəmadi məlumatların verilməsi və sair ictimaiyyət arasında sərhəd mühafizəsinin ümumxalq işi olması barədə sağlam rəyin formalaşmasında, eləjə də Dövlət Sərhəd Xidmətinin nüfuzunun artmasında mühüm rol oynayır.
Dövlət Sərhəd Xidməti gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə həmişə önəm verməsinin nəticəsidir ki, müntəzəm olaraq Təhsil, Gənclər və İdman nazirlikləri ilə hazırlanmış birgə plan əsasında müxtəlif məzmunlu tədbirlər həyata keçirilir. Bu məqsədlə, sərhəd məntəqələrinə ekskursiyalar, DSX-nin mərkəzi aparatında tələbələrlə görüşlər, müxtəlif mövzularda təsviri və tətbiqi incəsənət, musiqi və ədəbiyyat müsabiqələri keçirilir, "Sərhədçi" jurnalının xüsusi buraxılışları, DSX-nin fəaliyyətini əks etdirən kitablar nəşr edilir. DSX-nin mərkəzi aparatında fəaliyyət göstərən Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzinə mütəmadi olaraq gənclərin ekskursiyaları təşkil edilir. Gənclərin Vətənə, onun sərhədlərinə məhəbbət ruhunda böyüməsində sərhədçi qəhrəmanların şücaətləri, onların xidməti-döyüş yolu barədəki söhbətlər mühüm rol oynayır.
 Müstəqillik dövrünü tam ümumiləşdirsək, deməliyik ki, 1992-2008-ci illər ərzində dövlət sərhədini pozmuş və ya pozmağa cəhd edərkən 10 min 589 halda 22 min 190 nəfər sərhəd pozucusu saxlanılıb. 2001- 2008-ci illərdə 3710 nəfər axtarışda olan şəxs  saxlanılaraq müvafiq orqanlara təhvil verilib. 124 tapança, 55 avtomat, 246 tüfəng, 1154 pnevmatik silah tutulub. Narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə tədbirləri nəticəsində təkcə 2008-ci il ərzində dövlət sərhədindən keçirilməsinə cəhd göstərilərkən 61 halda 653 kq 854 qr narkotik maddə aşkar edilərək götürülüb. 2002-2008-ci illərdə 63 halda sahəsi 155 hektar, çəkisi 268 ton çətənə və xaş-xaş kolları aşkarlanaraq məhv edilib. Ümumilikdə, 1992-2008-ci illərdə saxlanılan qaçaqmalın sırasında 425 odlu silah, 3046 kq kürü, 2985 ton neft məhsulları, 404343  spirtli içki, 68056 litr spirt, 2331843 qutu siqaret,1624 at, 8344 baş iribuynuzlu, 17933 xırdabuynuzlu mal-qara, xeyli miqdarda digər kənd təsərrüfatı məhsulları, sənaye və istehlak malları vardır.
Təkcə 2008-ci il ərzində isə 529 halda təqribən məbləği 3042,6 min manat dəyərində qaçaqmal tutulub. İl ərzində 621 kq 200,1 qram narkotik maddənin  dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. 9 halda 15,2 hektar sahədən ümumi çəkisi 24,6 ton olan 45,6 min ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib. 23 ədəd odlu silah, 33 ədəd pnevmatik tapança, 569 ədəd patron, 5200 pnevmatik tapança patronu, 2729 ədəd odlu silah gilizi, 123,5 kq barıt, 4 ədəd gecə görmə cihazı, 2 ədəd durbin, 73 194 qutu tütün məmulatı, 4443 ədəd spirtli içki, 7870 ədəd müxtəlif çeşidli geyim əşyaları, 14 598 kq balıq, 128 kq kürü, 2 615 litr benzin, 7 913 litr dizel yanacağı, 25 baş at, 24 baş iribuynuzlu heyvan, 420 baş xırda buynuzlu heyvan, 3 749 qram zinət əşyaları, 24 ədəd qızıl sikkə (10-luq), 23 012 AR manatı, 127 646 ABŞ dolları, 11 736 803 İİR riyalı, 500 000 TR lirəsi və ilaxır  qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Ötən il DSX əməliyyat-axtarış və istintaq orqanlarının fəaliyyəti nəticəsində qanunsuz miqrasiya ilə məşğul olan 3 qaçaqmalçılıq dəstəsi, o cümlədən, narkotik vasitətələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib. Sərhədçilərin müasir texniki vasitələrlə, döyüş texnikası, avtomobil nəqliyyatı və digər texnika ilə təminatı da xüsusi yer tutur. Çünki sərhədlərin mühafizəsi işinin səviyyəsinin artırılması sərhədçilərin müasir texnika, avadanlıq və vasitələrlə, nəqliyyat vasitələri ilə lazımi səviyyədə təmin olunmasından çox asılıdır. Sərhədçilər müasir texnika və vasitələrdən bacarıqla istifadə edərək sərhəd xidmətini dünya standartları səviyyəsinə qaldırmışlar. Söz yox ki, bu uğurlar bundan sonra da davam etdiriləcək.

Digər xəbərlər