PDF Oxu

Əsas

  • 18

Ölkəmizdə ətraf mühitin mühafizəsi istiqamətində uğurlu siyasət həyata keçirilir

Ölkəmizdə ətraf mühitin mühafizəsi istiqamətində uğurlu siyasət həyata keçirilir
- Firdovsi müəllim, Azərbaycan təbiətinin qorunması, ətraf mühitin mühafizəsinin təşkili Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başlıca vəzifəsidir. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən yaradılmış nazirlik qarşıya qoyulan vəzifələri hansı səviyyədə yerinə yetirir? Ulu Öndərimizin təbiətimizə verdiyi qiymət və onun qorunması üçün gördüyü işlər ictimaiyyət arasında necə təbliğ olunur?
- Qeyd etdiyiniz kimi, ölkəmizdə ətraf mühitin mühafizəsi tədbirlərinin yüksəldilməsi məqsədilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 23 may 2001-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı gündən etibarən fəaliyyətində ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir.
Ölkədə ekoloji mühitin sağlamlaşdırılması sahəsində misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin doğum günləri ərəfəsində nazirlik tərəfindən müxtəlif tədbirlər həyata keçirilmişdir. Belə ki, "Heydər Əliyev və Azərbaycanda ekoloji siyasət" mövzusunda konfrans keçirilmiş və bioloji müxtəlifliyin qorunub saxlanılması, artırılması, bərpası və davamlı istifadəsi ideyalarını gənc nəslin nümayəndələri arasında geniş təbliğ etmək məqsədilə "Bioloji müxtəlifliyimizi gələcək nəsillər üçün qoruyaq" mövzusunda fotomüsabiqəyə yekun vurulmuşdur. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi YAP Gənclər Birliyi ilə birgə Ümummilli Liderin 1970-ci illərdən etibarən həyata keçirdiyi yaşıllaşdırma, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə siyasətinin daha geniş təbliğ olunması, onların qorunub saxlanmasını təmin etmək məqsədilə ali məktəb tələbələri arasında "Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi" adlı məqalə müsabiqəsinin və eyniadlı elmi konfransın, eləcə də regionlarda gənclərimizin bu istiqamətdə maarifləndirilməsi üçün treninqlərin və iməciliklərin təşkil olunması kimi çoxşaxəli tədbirləri həyata keçirmişdir.
- Hazırda təbiətin mühafizəsi, ətraf mühitin qorunması və yaşıllaşdırma istiqamətində mövcud vəziyyət haqqında nə deyə bilərsiniz?
- Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial mövqeyi nəticəsində ekoloji vəziyyətin sağlamlaşdırılması və ətraf mühitin mühafizəsi istiqamətində xeyli işlər görülmüş, uzun illər sovet dövründən miras qalmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilmiş tədbirlər həyata keçirilmiş, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləşdirilmişdir.
Respublikanın paytaxtında və bölgələrində yaşıllaşdırma işlərinin geniş vüsət alması, magistral yolların mühafizə zolaqlarının yaşıllaşdırılması, onların külək və su eroziyasından mühafizəsi məqsədilə Bakı-Ələt-Hacıqabul istiqamətində magistral şose yolu ətrafında 172 min, Zığ-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı yolu boyu ərazidə 230 min müxtəlif növ ağac və kol cinsləri əkilmiş, ölkə rəhbərinin Sərəncamına əsasən isə iki il ərzində Bakıda və onun ətrafında daha 3 milyon ağacın əkilməsi nəzərdə tutulmuşdur.
Xəzər dənizinin çirklənmədən qorunması istiqamətində də mühüm işlər görülür. Xəzəryanı ölkələr içərisində Azərbaycan yeganə ölkədir ki, Xəzər dənizində ekoloji tarazlığın qorunub saxlanılmasında böyük layihələrlə çıxış edir. Ölkə Prezidentinin müvafiq sərəncamlarından irəli gələn məsələlərin həlli istiqamətində gündə 6140 m3 sutəmizləmə gücünə malik, beynəlxalq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğuların qurulması nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran və Novxanı-Sumqayıt sahilboyu ərazilərində 16 stansiya istismara verilərək "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi" yaradılmışdır.
Eyni zamanda, ölkə rəhbərinin müvafiq sərəncamlarına əsasən, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 12 rayonun 122 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmış, 224 min insan Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunmuşdur. Qeyd olunan bütün tədbirlər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.
Son illər ərzində nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan flora və fauna növlərinin qorunması, bərpası və artırılması məqsədilə Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin ümumi sahəsi 9,78 %-ə çatdırılıb. 8 Milli Park, 4 Dövlət Təbiət Qoruğu, 5 Dövlət Təbiət Yasaqlığı, o cümlədən, Palçıq Vulkanları Dövlət Təbiət Qoruğu yaradılmış, 6 mövcud DTQ və 1 Milli Parkın ərazisi genişləndirilmiş, 3 Təbiət Abidəsi təşkil edilmişdir. O cümlədən, Zooloji Parkın yaradılması istiqamətində müvafiq tədbirlərin görülməsinə başlanılmışdır. Bütün bunlar Azərbaycan təbiəti haqqında ictimaiyyətin məlumatlandırılması, gənc nəslin təbiətə qayğıkeş münasibətinin formalaşmasına xidmət edir.
- Firdovsi müəllim, ətraf mühitin qorunması və ekoloji durum dünyanı narahat edən qlobal problemlərdəndir. Bu baxımdan ölkəmizdə ekoloji təbliğat məsələləri istiqamətində hansı addımlar atılır?
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il "Yer günü", "Ətraf mühitin mühafizəsi günü", "Dəniz günü" və digər ekoloji təqvim günləri ilə əlaqədar KİV-də məqalələr dərc edilir, televiziya və radioda çıxışlar təşkil olunur, Respublikanın yaşayış məntəqələrində təmizlik və abadlıq işlərinin aparılması məqsədilə iməciliklər və təhsil müəssisələrində, müəllim və tələbələrin iştirakı ilə müxtəlif ekoloji mövzularda seminar məşğələlər, dəyirmi masalar mütəmadi olaraq keçirilir.
Ekoloji təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi məqsədilə plakatlar hazırlanmış və Nazirliyin internet saytında, ali, orta məktəblərdə, əhalinin sıx olduğu yerlərdə, iri şirkətlərdə, QHT-lərin ofislərində, Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrində xüsusi guşələr yaradılaraq yerləşdirilmişdir. Eyni zamanda, ekoloji problemlərin həllinə ictimaiyyəti cəlb etmək məqsədilə "Şəhərin zibillənməsi", "Havanın çirklənməsi", "Səhralaşma" və "Nərəkimiləri birgə qoruyaq" mövzularında reklam çarxları çəkilmiş və televiziya kanallarında yayımlanmış, Nazirliyin Web saytında yerləşdirilmişdir.
Nazirlik tərəfindən "İlham Əliyevin uğurlu ekoloji siyasəti", "Azərbaycanın Mineral Xammal Ehtiyatları" və "Azərbaycan Qızılı" kitablarının təqdimat mərasimi keçirilmiş, "Azərbaycan bənzərsiz təbiət səltənəti" və "Protected areas in Azerbaijan" adlı kitablar nəşr olunaraq ictimaiyyətə çatdırılmışdır.
Hər il nazirlik tərəfindən Azərbaycan təbiətinin qorunması və ətraf mühit problemlərinin həlli sahəsində müstəsna xidmətlər göstərmiş akademik Həsən Əliyev adına "Elm, təhsil, maarifçilik və təbiətə humanist münasibətin digər təbliğat formaları", "Meşələrin qorunması, bərpası və artırılması", "Biomüxtəlifliyin qorunması və davamlı inkişafı", "Akademik Həsən Əliyevin elmi irsinin öyrənilməsi üzrə gənc tədqiqatçı" nominasiyaları təsis edilir və bu nominasiyalar üzrə mükafatların təqdimat mərasimi təşkil olunur. Həmçinin, akademikin 100 illik yubileyi ilə bağlı elmi-praktik konfrans və digər kütləvi tədbirlər də keçirilmişdir.
Ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, təbiətdən davamlı istifadənin təmin olunması ideyalarının yayılması və əhalinin məlumatlandırılması məqsədi ilə jurnalistlər və telerepartyorlar arasında hər il 5 iyun "Ümumdünya ətraf mühitin mühafizəsi günü" ərəfəsində ekoloji mövzuda yazılmış ən yaxşı məqalə və hazırlanmış televerilişlər üzrə müsabiqənin keçirilməsi və qaliblərin mükafatlandırılması artıq ənənəyə çevrilmişdir.
- Ölkəmiz ətraf mühitin mühafizəsi ilə bağlı bir sıra dövlətlərlə əməkdaşlıq edir, eləcə də, beynəlxalq konvensiyalara qoşulub. Bəs məsələ ilə əlaqədar mövcud qanunvericiliyi qənaətbəxş saymaq olarmı?
- Qeyd etdiyiniz kimi, ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq da uğurla davam etdirilir. Belə ki, son illər ərzində Almaniya, Koreya, Misir, Moldova, Ukrayna, Latviya və digər dövlətlər ilə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair ikitərəfli Sazişlər imzalanmışdır.
Azərbaycan Respublikası 1999-cu ildə "Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, qərar qəbul edilməsində ictimaiyyətin iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında" Orhus Konvensiyasını ratifikasiya etmişdir. Konvensiyanı ratifikasiya etdikdən sonra Azərbaycan Respublikasında böyük və əhəmiyyətli işlər görülmüşdür. Belə ki, qanunvericilikdə ciddi islahatlar aparılmış, o cümlədən, "Ətraf mühitə dair informasiya almaq haqqında", "İnformasiya əldə etmək haqqında", "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında", "İnzibati İcraat haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanun və qaydalar qəbul edilmişdir. Həmçinin, ekoloji təbliğat sahəsində Orhus konvensiyasının Azərbaycanda həyata keçirilməsini təmin etmək və ətraf mühit məsələləri ilə bağlı əhalinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə Bakı, Gəncə və Qazax şəhərlərində ətraf mühitə dair İctimai Məlumat Mərkəzləri yaradılmışdır. Respublikanın digər şəhərlərində, o cümlədən, Lənkəran, Şəki, Şirvan, Mingəçevir, Quba və Naxçıvanda qısa zamanda Orhus İctimai Ekoloji İnformasiya Mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bu mərkəzlər vasitəsi ilə ətraf mühitə dair siyasətin formalaşmasında hökumət və qeyri hökumət təşkilatları arasında görüşlərin təşkil edilməsi, bu sahədə fəaliyyət göstərən yerli təşkilatlarla beynəlxalq təşkilatlar arasında əlaqə yaradılmasına köməklik göstərilməsi, QHT-lərın ictimaiyyəti maraqlandıran ədəbiyyat və internet resurslarından, ödənişsiz istifadə imkanının yaradılması kimi funksiyalar yerinə yetirilir.
- Azərbaycan təbiətinin qorunması, ətraf mühitin mühafizəsi məsələlərinin gənc nəsil arasında təbliğatı ilə bağlı nə kimi layihələr həyata keçirilir?
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi Təhsil Nazirliyi ilə birgə biomüxtəlifliyin qorunması, uşaqlarda ekoloji mədəniyyətin, ekoloji məsuliyyətin formalaşdırılması məqsədilə "Hava uşaqların gözü ilə" və "Ətraf mühit uşaqların gözü ilə" adlı rəsm müsabiqələri keçirmiş, tədbirlər barədə məlumatlar KİV vasitəsi ilə ictimaiyyətə çatdırılmış və xüsusi fərqlənən 3 məktəblinin rəsmləri Ümumdünya Meteorologiya Təşkilatının albomunda nəşr edilməsi üçün həmin quruma göndərilmişdir.
Ekologiya və ətraf mühitin mühafizəsi sahələrinə dair problemlərin müzakirəsi və həlli yollarının müəyyənləşdirilməsi ilə bağlı respublikanın ali məktəb tələbələri arasında mülahizə yürütmək və dərkedici düşünmək bacarığını inkişaf etdirmək məqsədilə "Ətraf mühitin qorunması naminə iqtisadi inkişaf məhdudlaşdırılmalıdır" mövzusunda Karl Popper formatlı debat-yarışı keçirilmiş, qaliblər və iştirakçılar diplom, təşəkkürnamə və sertifikatlarla təltif olunmuşdur. Bundan başqa ekologiya və ətraf mühitin mühafizəsi sahəsində hüquq və vəzifələrinin öyrədilməsi məqsədi ilə məktəbliləri arasında "Breyn-Rinq" bilik yarışı təşkil olunmuşdur. Aidiyyəti nazirlik və təşkilatlarla birgə keçirilən və yetişməkdə olan gənc nəslin ekoloji tərbiyəsinə, nəzəri və praktik biliklərinin artırılmasına xidmət edən beynəlxalq "İNEPO-EUROASİA" olimpiadalarında digər ölkələrin məktəbliləri ilə yanaşı Azərbaycan məktəblilərinin də fəal iştirakı təmin olunmuşdur.
Təbiətşünas alim Həsən bəy Zərdabinin anadan olmasının 170 illiyi ilə əlaqədar bölgələrdə Həsən bəy Zərdabi adına Xeyriyyə Cəmiyyəti ilə birlikdə nazirliyin yerli tabeli qurumlarının, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Həsən bəy Zərdabi-təbiətşünas alim" mövzusunda dəyirmi masa keçirilmiş, işində xüsusi fərqlənən ekoloqlara, meşəçilərə cəmiyyətin diplomları təqdim edilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə keçirilən və ictimaiyyət üçün maraq kəsb edən, o cümlədən, fəaliyyətinin əsas istiqamətlərini və davamlı inkişaf konsepsiyasını əks etdirən bütün tədbirlər KİV-də geniş işıqlandırılır və görülən işlər barədə məlumatlar mütəmadi olaraq nazirliyin Web saytında yerləşdirilir.

Digər xəbərlər