Qubada təşkil olunan “Şahinlər” yay istirahət düşərgəsinin bağlanış mərasimi keçiriləcək
Qubada Səbail rayon İcra Hakimiyyətinin (RİH) təşəbbüsü və təşkilatçılığı, Quba rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının iştirakı ilə Səbail rayonunun orta məktəblərində təhsil alan aztəminatlı ailələrdən olan 150 nəfər uşaq üçün Quba rayonunun Qımıl-Qazma kəndində təşkil olunan hərbi-vətənpərvərlik təmayullu "Şahinlər" yay istirahət düşərgəsinin bağlanış mərasimi keçiriləcək. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, mərasimdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Novruzov, Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov, Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov, Daxili Qoşunlar Komandanının müavini, general-mayor Vidadi Əliyev, Milli Məclisin deputatları və digər şəxslər iştirak edəcək. Tədbirdə Səbail rayon yeniyetmələri ilə yanaşı, Ümumrespublika "SOS" uşaq kəndində yaşayıb tərbiyə alan uşaqların bir qrupu, Azərbaycan Respublikası Xalqlarının "Sodrucestvo" Həmrəylik Cəmiyyəti və Azərbaycandakı Rus icması üzvlərinin uşaqları, Quba rayonu Zərdabi adına Xüsusi İnternat məktəbin şagirdləri, UNİCEF-in Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin, Azərbaycan "Uşaqdan-Uşağa" Sülh Şəbəkəsinin, həmçinin Səbail rayon İcra Hakimiyyəti nəzdində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın nəzarətində olan uşaqlar iştirak edəcəklər. Xatırladaq ki, heyət Qubadakı yay düşərgəsinə avqustun 2-də səfər ediblər.