PDF Oxu

Əsas

  • 12

Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur

Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim xarici siyasətimizin əsas istiqamətidir. Əfsuslar olsun ki, bütün səylərə baxmayaraq, biz məsələnin həllinə nail ola bilməmişik. Bunun tək səbəbi var - Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqlar prosesini süni şəkildə uzatmaq taktikası. ... Ancaq bu taktikanın axırı yoxdur. Məsələ ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Azərbaycan öz prinsipial, ədalətli və beynəlxalq hüquq normalarına əsaslanmış mövqedən əl çəkməyəcəkdir." Prezident İlham Əliyevin bu fikirləri deməklə bir daha bəyan edir ki, bu gün qarşıda duran əsas məqsəd bütün beynəlxalq təşkilatlarda öz siyasi və diplomatik fəaliyyətimizi daha da gücləndirmək və məsələnin tezliklə həllinə nail olmaqdır.
Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarında Dağlıq Qarabağ probleminin müzakirəyə çıxarılmasına, bu məsələ ilə bağlı qərar və qətnamələrin qəbuluna nail olması aparılan uğurlu xarici siyasətin nəticəsidir. Lakin əsas məqsəd bu qərarların həyata keçirilməsi istiqamətində səyləri artırmaqdır. Dünya həqiqəti görür, haqqı-ədaləti dəstəkləyir, lakin həlledici məqam yetişəndə tərədüdlər ortaya çıxır. Daha dəqiq desək, işğalçının adı ilə çağırılması bu günədək dünya üçün mühüm problemə çevrilib. Niyə? Elə bizi düşündürən də bu sualdır.
"Mən hesab edirəm ki, bizim atdığımız addımlar həm danışıqlar prosesində mövqeyimizin möhkəmlənməsinə, həm də bu məsələlərlə məşğul olan tərəflərin fəallaşmasına gətirib çıxarıbdır. Bu gün dünyada açıq-aydın dərk edilir ki, bu bölgənin uğurlu inkişafı üçün dondurulmuş münaqişələr öz həllini tapmalıdır. Bu həll ancaq və ancaq beynəlxalq hüquq normaları və prinsipləri əsasında ola bilər, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır." Prezident İlham Əliyev qeyd edir ki, növbəti beş ildə də ərazi bütövlüyümüzün təmin olunmasına yönəlmiş diplomatik səylər daha da gücləndiriləcək, Silahlı Qüvvələrin daha çevik idarə edilməsi və texniki təchizatının modernləşdirilməsi sahəsində görülən işlər davam etdiriləcək, ordunun gücü və döyüş qabiliyyəti ardıcıl olaraq artırılacaq, əhalinin, xüsusilə də, gənclərin vətənpərvərlik tərbiyəsi gücləndiriləcəkdir. Güclü ordu potensialı yaradılmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşdırılır.
Xarici siyasətində iki və çoxtərəfli səviyyələrdə münasibətlərin qurulmasına xüsusi önəm verən dövlətimizin düzgün və tarazlaşdırılmış xarici siyasət aparması respublikamızla həm qonşu dövlətlər, həm də dünyanın digər ölkələri arasında mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaratmışdı. Azərbaycan dünya dövlətlərinin əməkdaşlıq etdiyi məkana çevrilmişdi. Bu gün xalqımızın mənafeləri beynəlxalq aləmdə yüksək səviyyədə qorunur, ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur. Azərbaycanın artan imkanları, nüfuzu, dünya üçün önəmli ölkəyə çevrilməsi mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyev bildirir: "Biz bundan sonra da Ermənistanı bütün regional və qlobal layihələrdən təcrid etmək üçün öz siyasətimizi davam etdirəcəyik, o vaxta qədər ki, torpaqlarımız azad olunacaqdır."
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində son beş ildə Ermənistan və Azərbaycan prezidentlərinin, xarici işlər nazirlərinin xeyli görüşləri olub. Danışıqların intensivləşməsi problemin həllində vacib amillərdən biridir. Danışıqların əsas mövzusu işğal altında olan bütün torpaqlarımızın qaytarılması, soydaşlarımızın öz doğma-yurd yuvalarına qayıtmasıdır. Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bəyan edən Prezident İlham Əliyevin sərt bəyanatları, təbii ki, işğalçı Ermənistanı, ona havadarlıq edən dövlətləri və təşkilatları ciddi düşündürməlidir - "Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur və ola da bilməz. ... Bütün təzyiqlərə baxmayaraq bu mövqeyi biz axıra qədər müdafiə edəcəyik."
Bu günə kimi keçirilən hər bir görüşdə cənab İlham Əliyev Azərbaycanın dəyişməz mövqeyini diqqətə çatdıraraq, danışıqlar xatirinə danışıq aparmağın gərəkli olmadığını bildirir. Düşünürük ki, Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşü münaqişəninin həllini yaxınlaşdıran addımlardan biri olacaq.

Digər xəbərlər