Türkiyə-Rusiya: geosiyasi dəyişikliklərin yeni mərhələsi
Son günlərin ən önəmli geosiyasi hadisələrindən olan Rusiyanın baş naziri Vladimir Putinin Ankaraya rəsmi səfəri və səfər çərçivəsində müzakirə olunan çeşidli məsələlər politoloq və ekspertlərin diqqət mərkəzindədir. Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla keçirilmiş müzakirələrdə ən müxtəlif təkliflər nəzərdən keçirilib ki, bunlardan bəziləri Azərbaycanda da diqqətlə izlənilir. Bunlardan biri məhz "Mavi Axın 2" qaz layihəsinin həyata keçirilməsi ilə bağlıdır. Təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həlli və "Nabucco" layihəsinin müzakirələri də ayrıca olaraq prioritet məsələlər sırasındadır. Bizi düşündürən əsas və vacib məsələlərdən biri də məhz bu səfər zamanı "Nabucco" layihəsinin həyata keçirilməsi və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqların hansı istiqamətdə aparılmasıdır.
Bu məsələyə Türkiyənin Xarici Siyasət İdarəsinin rəhbəri də aydınlıq gətirib. Türkiyənin xarici işlər naziri Ahmet Davudoğlu "KANAL 7" telekanalına verdiyi müsahibəsində Rusiya-Türkiyə yaxınlaşmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcəyini bildirib. Bu haqda Türkiyənin "ANADOLU" agentliyi məlumat verib. "Heç şübhəsiz ki, Rusiya-Türkiyə yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcək"- deyə Ə.Davudoğlu bildirib. Türkiyənin XİN rəhbəri onu da qeyd edib ki, Rusiya son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində xeyli müsbət addımlar atıb.
Bəs, Türkiyə-Rusiya münasibətlərinin bu cür yaxınlaşmasına səbəb olan amillər hansılardır? Əslində, bu münasibətlər yeni müstəviyə qalxmaqdadır. Müşahidəçiləri daha çox cəlb edən məqam isə baş nazir V.Putinin BMT-nin baş katibinə zəng edərək Türkiyə üçün həyati əhəmiyyət kəsb edən Kıprıs məsələsində təklif olunan sülh layihəsini qəbul etməyə hazır olduğunu bildirməsidir. Xatırladaq ki, rəsmi Moskvanın BMT TŞ-də veto hüququndan istifadə edərək adanın birləşməsinə mane olması narazılıq yaratmışdı. İndi isə Rusiya mövqeyini 180 dərəcə dəyişib. Niyə? Hər şeydən öncə, aydındır ki, rəsmi Moskva Türkiyə istiqamətində siyasətinə düzəlişlər edir. Bunun arxasında Türkiyənin geosiyasi statusunun yüksəlməsinin etirafı durur. Hazırda Türkiyə bölgədə həm Qərb, həm Şərq, həm də Rusiya üçün ən cəlbedici ölkəyə çevrilib. Belə ki, Türkiyə Qərb üçün islam aləminə açılan qapıdır. Getdikcə çox dəqiq bəlli olur ki, Türkiyəsiz Qərb müsəlman dünyasına nüfuz edə bilməyəcək. Həm də ona görə ki, Türkiyə Şərq ölkələri üçün yeganə dünyəvilik nümunəsi rolunu oynaya bilər. Bunun tarixi, hərbi və siyasi kökləri var. Şərq üçün də Türkiyənin önəmi böyükdür. İslam ölkələri Türkiyəni əldən verməməkdə çox maraqlıdır. Bilirlər ki, ondan sonra Qərbin gəlişinin qarşısını almaq olmayacaq. Türkiyə tarixən islam dünyasını xristian təcavüzündən qoruyan ölkə olub. Siyasi, iqtisadi, hərbi və geosiyasi aspektlərdə bu, getdikcə daha açıq görünür.
Baş nazir V.Putinin Kıbrıs haqqında məlum bəyanatı verməsi isə bütün bunlara görə təsadüfi deyil. Üstəlik, Ankarada tərəflər iqtisadi, yüksək texnologiya və ticarət sahələri üzrə əməkdaşlığı genişləndirmək istiqamətində razılığa gəliblər. Rusiya tərəfi Türkiyəyə aviasiya texniki vasitələri satmaqda maraqlı olduğunu bildirib. Türkiyə iş adamlarının Rusiya bazarına 12 milyard dollar qoyması haqqındakı məlumat isə böyük marağa səbəb olub. Yaxın müddətdə bu rəqəmin 15 milyard dollara çatmasında tərəflərin maraqlı olduğu ifadə olunub. Bunun tərkibində Rusiyadan enerjinin Bosfor boğazından yan keçməklə Avropaya çatdırılması xüsusi yer tutmalıdır.
Rusiya buna nail olsa, enerjidən xeyli gəlir əldə edə biləcək, ən əsası isə strateji olaraq özünə yol açacaq. Moskvanın Türkiyəyə sıcaq münasibətinin pərdəarxası amillərindən biri kimi bunu qəbul edirlər. Rusiya baş nazirinin Ankarada müzakirə etdiyi məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsi də ayrıca yer tutub. V.Putin bu məsələdə çox çalışdığını deyib və yenə də əvvəlki mövqeyini təkrar edib. O, münaqişə edən tərəflərin barışmasını arzulayıb. Belə məlum olur ki, Rusiya Dağlıq Qarabağla bağlı mövqeyini dəyişməyə hələ hazır deyil. Öz növbəsində, R.Ərdoğan bildirib ki, Ermənistanla sərhədləri bu problemlər həll olunmayana kimi açmayacaqlar.
Onun sözlərinə görə, Ermənistan işğal ərazisindən çəkiləndən sonra bu haqda düşünməyə dəyər. Bütün bu deyilənlər geosiyasi aspektdə bölgədə durumu dəyişə bilər. Hiss olunur ki, proseslər həmin ehtimalın artdığını göstərir. Rusiya-Türkiyə münasibətləri dərinləşsə, geosiyasi yöndə yeni qüvvələr nisbəti formalaşar. İndidən bəllidir ki, bir neçə sahə üzrə Rusiyanın Türkiyəyə ehtiyacı çox böyükdür. Demək olar ki, bir çox parametr üzrə Rusiyanın taleyi rəsmi Ankaranın tutduğu mövqedən asılı olacaq. Bunun Rusiyanın daxilindəki türk toplumların fəallaşmasına da aidiyyatı var. Odur ki, Rusiyanın budəfəki jesti heç də səthi və təsadüfi deyil. Ankarada Putin-Ərdoğan razılaşmaları növbəti əməkdaşlıq səviyyəsinin əsası kimi dəyərləndirilir. Xüsusilə, türk iş adamlarının Rusiya bazarına daha çox nüfuz edəcəyi gözlənilir.
Bu arada, Vaşinqtonda yerləşən Ceymstaun Fondunda Rusiya-Türkiyə münasibətləri mövzusunda diskussiya keçirilib. Tədbir iştirakçıları iki tarixi rəqib arasında son zamanlar qurulan təmaslara nəzər salıblar. Diskussiyanın əvvəlində Mərkəzi Asiya və Qafqaz İnstitutu və İpək Yolu proqramında aparıcı tədqiqatçı kimi çalışan Marlen Laruel Rusiya-Türkiyə münasibətləri haqda məruzə ilə çıxış edib. Avrasiya ideyası vasitəsilə "Rusiya-Türkiyə Yaxınlaşması, Aleksandr Duginin Türkiyədə Şəbəkələri" başlıqlı çıxışda Dr. Laruel son onillikdə regionda cərəyan edən maraqlı tendensiyadan söz açıb. Onun sözlərinə görə 1990-cı illərin əvvəllərində Qafqaz və Mərkəzi Asiyada rəqabət aparan Türkiyə ilə Rusiya arasındakı münasibətlər gərgin idi. Lakin onilliyin sonunda doğru ali dövlət rəsmilərinin qarşılıqlı səfərləri və dəyişən siyasi dinamika münasibətlərdəki buzu əritməyə başladı. Nəticədə Rusiya Türkiyənin Almaniyadan sonra ikinci ən iri iqtisadi tərəfdaşına çevrildi. Ankara bu yaxınlarda Rusiyadan hərbi ləvazimat sifariş etməklə hərbi əməkdaşlığın əsasını qoyub. Geosiyasi müstəvidə Rusiya Türkiyənin Avropa Birliyin üzvlüyünü və Şimali Kipr üzərində mövqeyini dəstəkləyir. Əvəzində Ankara Moskvanın Yaxın Şərqdə artan roluna müsbət yanaşır.
Dr. Laruel iki ölkə arasındakı yaxınlaşmada kökü 1920-ci illərə gedən Avrasiyaçılıq ideologiyasınn təsirlərini görür. Rusiyada meydana çıxan bu nəzəriyyə Rusiyanın başlıca missiyasının Qərbdə yox, Asiyada olduğunu vurğulayır və Moskvanı Şərqə üz tutmağa səsləyir. Müasir dövrdə bu nəzəriyyənin başlıca təbliğatçısı Aleksandr Dugindir ki, o, rus siyasi və hərbi dairələrində geniş dəstəyə malikdir. Bir vaxtlar Rusiyanın Almaniya, İran və Yaponiya ilə alyans qurmasını arzulayan Dugin 2000-ci illərdə Türkiyənin də bu alyansa daxil olmasının mühümlüyü qənaətinə gəlib. Türkiyədəki mötədil islamın və müasir dövlətçiliyin bu alyansa əsas verdiyini düşünən Dugin tez-tez Türkiyəyə baş çəkərək burada bir sıra intellektual dairələrdə şəbəkələr qurmağa başlayıb. Son bir neçə ildə Avropa Birliyinə üzvlükdə maneələrlə qarşılaşan Türkiyənin özündə də Avrasiya ideyasına maraq artıb. Nəticədə Türkiyənin hakim patiyası da daxil olmaqla bütün siyasi spektr boyunca Dugin öz ideologiyasına qüdrətli dostlar qazanıb. Öz növbəsində, Rusiya-Türkiyə münasibətlərindəki yaxınlaşma ən azı regional geostrateji müstəvidə strateji dəyişikliyə yol aça bilər, deyə Marlen Laruel fikirlərini tamamlayır.
Dr. Laruelin çıxışına şərh verən Ceymztaun Fondunun Avrasiya Xarici Məsələlər və Müdafiə Siyasəti üzrə eksperti Con Deyli çıxışına tarixə ekskursiyadan başlayıb. Onun sözlərinə görə, hələ monqol tatar işğalından başlayaraq müasir zamanlaradək rusların türkdilli xalqlarla təmasları geniş olub. Rus dövləti 16-cı əsrdən başlayaraq türkdilli xanlqıların hesabına genişləndikcə Rusiya ilə aparıcı türk dövləti olan Osmanlı İmperiyası arasındakı düşmənçilik yüksələn xətt üzrə inkişaf etdi. Cənab Deyli nəzərə çatdırdı ki, Rusiya ilə Osmanlı İmperiyası arasında 11 müharibə olduğu halda, cümhuriyyət qurulandan bəri silahlı toqquşma olmayıb. Soyuq Müharibə dövründə NATO-nun dayanıqlı üzvü olan Ankara ilə Moskva arasındakı münasibətlər mənfi qalsa da Sovet İttifaqının dağılması hər iki ölkə üçün müəyyən imkanlar ortaya çıxardı. Deylinin sözlərinə görə bir vaxtlar pantürkizm ideyasını rəğbətlə qarşılayan dairələr tezliklə aşkar etdilər ki, Orta Asiyada Sovet dönəmindən qalma liderlər türk birliyi ideyasına şübhə ilə yanaşırlar və 2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsi Vaşinqtonla Ankara arasındakı münasibətlərdə kifayət qədər soyuqluq yaratdı ki, bununla Rusiya ilə Türkiyə arasında ümumi maraqlar ideyası münbit şərait əldə etmiş oldu.
Cənab Deyli Türkiyənin Cənubi Qafqazdakı rolu haqda "Amerikanın Səsi"nə danışdı: "Türklər tez-tez Mustafa Kamal Atatürkün məşhur deyimini dilə gətirirlər: ‿Yurdda Sülh, Cahanda Sülh". Zənnimcə Türkiyə Cənubi Qafqazda və əvvəllər nəzarət etdiyi Balkan regionunda sabitlikdə maraqlıdır və bu maraq üzündən Türkiyə Kosovonun müstəqilliyini dəstəklədi. Həmçinin, bu səbəbdən də, Türkiyə hazırda Cənubi Osetiyadan tutmuş Dağlıq Qarabağadək regionda mövcud olan münaqişələrdə ədalətli vasitəçi rolunda iştirak etməyə can atır".
Beləliklə, bu açıqlamalardan da görünür ki, Türkiyə ilə Rusiya arasında daha sıx əlaqələr yaranır. Son olaraq da Azərbaycanın Rusiya ilə imzaladığı qaz sazişinə Türkiyənin reaksiyası olduqca maraqlıdır. Türkiyə XİN bəayanat yayaraq, Rusiya ilə Azərbaycanın yaxınlaşmasından narahat olmadıqlarını bildirib. Üstəlik, Rusiya-Türkiyə əlaqələrində enerji aspektinin yeni üfüqlərinin göründüyü haqqında fikir bildirilir. Konkret olaraq iki dövlət bu sahədə yeni müqavilə imzalamağa hazırlaşır. Çox güman ki, bu müqavilə Rusiyadan Türkiyəyə enerji satışının növbəti imkanlarının artması ilə xarakterizə olunacaq. Azərbaycandan qaz alan Rusiya onun bir hissəsini Türkiyə üzərindən Avropaya sata bilər. Bununla da Türkiyə Azərbaycan qazını bir neçə istiqamətdən ala bilər. Onlardan konkret işləyəni Gürcüstan xəttidir.
Beləliklə, bütün bunlara rəğmən, Türkiyə-Rusiya yaxınlaşması bölgənin gələcəyi prizmasında bir neçə prinsipial məqamları ortaya çıxarır. Burada hər şeydən öncə, kənar dövlətlərin enerji faktorundan istifadə edərək bölgə dövlətləri üzərindən siyasi spekulyasiyalar etrməsi şansları azalır.