12 Avqust Beynəlxalq Gənclər Günü Səbail rayonunda qeyd edildi
Dünən 12 Avqust Beynəlxalq Gənclər Günü ilə bağlı Səbail rayon icra hakimiyyətinin, Səbail rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının və bir sıra gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov açaraq gəncləri 12 Avqust Beynəlxalq Gənclər Günü münasibətilə təbrik etdi. Qeyd etdi ki, Beynəlxalq Gənclər Günü 1991-ci ildə Avstriyanın paytaxtı Vyanada keçirilən Birləşmiş Millətlər Şəbəkəsinin Birinci Dünya Gənclər Forumunda gənclər tərəfindən təklif olunub. Bu təklif 17 dekabr 1999-cu ildə BMT-nin Baş Assambleyasının 54-cü sessiyasında qüvvəyə minib. Beləliklə də 12 avqust tarixi ilk dəfə olaraq 2000-ci ildə bütün dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunmağa başlayıb. Ölkə əhalisinin yarısından çoxunun gənclər təşkil etdiyini bildirən V.Mürsəlov dövlətimiz tərəfindən gənclərə yüksək diqqət və qayğı göstərildiyini vurğuladı. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması yerlərdə gənclərlə bağlı işlərin həyata keçirilməsinə təkan vermiş oldu. Ulu öndərin hər zaman gənclərə yüksək diqqət və qayğı ilə yanaşdığını söyləyən natiq, bu işdə Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın da xidmətlərini xüsusi vurğuladı.
Tədbirdə çıxış edən YAP Səbail rayon gənclər birliyinin sədr müavini Mehman İsmayılov qonşu ölkələrlə müqayisədə Azərbaycanda gənclərə daha çox diqqət göstərildiyini və bunun qarşılığında gənclərimizin bütün sahələrdə aktiv fəaliyyətindən söhbət açdı. Bildirdi ki, gənclərimiz onlara yaradılan yüksək şəraitdən və imkanlardan səmərəli istifadə edərək yeni-yeni nailiyyətlərə imza atırlar. Ölkə daxilində istənilən problemin həllində öz bilik və bacarıqlarını, tövsiyələrini ortaya qoyurlar. Bu cür gənclərin qiymətləndirilməsi ilə onların fəaliyyətinin stimullaşdırılmasını vacib hesab etdi. Tədbirdə, eyni zamanda, Səbail rayon icra hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov da çıxış etdi. O, diqqətə çatdırdı ki, 12 Avqust Beynəlxalq Gənclər Günü dünya səviyyəsində qeyd olunan əlamətdar hadisədir. Səbail rayonunun gənclər rayonu olduğunu bildirən İ.Kərimov, təkcə rayon ərazisində deyil, bütün ölkə daxilində gənclərin əldə etdiyi uğurlardan danışdı: "Hələ SSRİ dövründə ümummilli lider Heydər Əliyev tərəfindən gənclərimizin sovet məkanının ən aparıcı ali təhsil ocaqlarında təhsil almağa göndərilməsi, onlara kvota yerlərinin ayrılması, eləcə də, onların əldə etdiyi bilik və bacarıqların sonradan müxtəlif sahələrdə tətbiq etmələri yüksək nəticələr sırasındadır. Eyni zamanda, qeyd edim ki, ulu öndər Heydər Əliyev Ali Sovetin Sədri seçilən zaman ilk görüşünü gənclərlə etmişdi. Bu addım növbəti mərhələlərdə gənclərlə iş üzrə qurulan proqramların davamı idi". 1994-cü ildə təsis edilən Gənclər və İdman Nazirliyi sayəsində gənclərlə birgə işin təşkili ilə bağlı boşluqların aradan qaldırıldığını diqqətə çatdıran İ.Kərimov dövlət başçısı İlham Əliyevin respublika Olimpiya Kompleksinə rəhbərliyi ilə idman sahəsində də bir sıra mühüm işlərin görüldüyünü bildirdi.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifovun sözlərinə görə isə, ipoteka kreditlərinin bərpası, gənclərimizin dövlət hesabına xaricdə təhsil almağa göndərilməsi, bölgələrdə idman komplekslərinin inşası və onların gənclərimizin istifadəsinə verilməsi və s. görülən işlər də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan "Dövlət Gənclər Siyasəti"nin uğurlu tərkib hissəsidir. Bununla yanaşı, 2007-ci ilin ölkədə Gənclər İli elan olduğunu təqdirəlayiq hal hesab etdi və bu layihənin bir sıra xarici ölkələrdə hələ bundan sonra həyata keçirildiyini bildirdi.
Tədbirdə, həmçinin, Azərbaycan Dövlət Pedaqoji Universitetin vətənpərvər klubunun sədri Orxan Rəfiyev, Dövlət İqtisad Universitetinin magistri Jalə Axundova çıxış edərək Beynəlxalq Gənclər Gününün yaranma tarixindən, respublikamızda gənclərə göstərilən hərtərəfli diqqət və qayğıdan danışdılar. Tədbirin sonunda 2009-cu ildə müxtəlif sahələrdə fərqlənən bir qrup gəncə Fəxri Fərmanlar təqdim edildi. Qeyd edək ki, "Səs" qəzetinin əməkdaşı mətbuatın inkişafındakı xidmətlərinə görə təltif olunanlar sırasındadır.