PDF Oxu

Əsas

  • 12

Paytaxtımızda Sabantuy tatar milli bayramı qeyd olunub

Paytaxtımızda Sabantuy tatar milli bayramı qeyd olunub
Paytaxtımızda "Tuqan tel" tatar mədəniyyəti cəmiyyəti və Tatarıstanın Bakıdakı daimi nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Sabantuy tatar milli bayramı qeyd olunub.
Binə qəsəbəsindəki Atçılıq klubunda keçirilən bayram şənliyini "Tuqan tel" tatar mədəniyyəti cəmiyyətinin sədri Gülcan Myasoutova açaraq qonaqları salamlamış, Tatarıstan Respublikasının Prezidenti Mintimer Şaymiyevin təbrik məktubunu oxumuşdur.
Rusiyanın ölkəmizdəki səfiri Dmitri Doroxin Sabantuy tatar milli bayramının Azərbaycanda qeyd olunmasını əlamətdar hadisə kimi qiymətləndirmiş, belə tədbirlərin keçirilməsinin xalqlarımız arasında ələqələrin genişləndirilməsinə xidmət etdiyini bildirib.
Tatarıstan mədəniyyət nazirinin müavini İradə Əyyubova tədbirin təşkilinə kömək göstərənlərə xatirə hədiyyələri təqdim edib.
Çıxış edənlər qədim olduğu qədər də müasir Sabantuy bayramının xalqların gözəl adət-ənənələrini, mahnı və rəqslərini, ayinlərini özündə cəmləşdirdiyini söyləmişlər. Sabantuyun əsil zəhmət bayramı kimi milliyyətindən, dinindən və yaşından asılı olmayaraq, hər bir insana şənlənmək, yarışlarda iştirak etmək, yaxud sadəcə, tamaşaçı olmaq imkanı verdiyi qeyd olunub.
Azərbaycan, Rusiya, Ukrayna və Tatarıstandan olan mahnı və rəqs kollektivləri çıxış ediblər.
Müxtəlif yarışlar, rəqs və bir çox digər müsabiqələr keçirilib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Sabantuy bayramı YUNESKO tərəfindən Dünya Mədəni İrsi Siyahısına daxil edilmişdir.
Bayram şənliyində Azərbaycan, Rusiya, o cümlədən, Tatarıstan ziyalıları, habelə, Bakı ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Digər xəbərlər