PDF Oxu

Əsas

  • 12

Brayzanın növbəti absurd açıqlaması

Brayzanın növbəti absurd açıqlaması
Ötən həftə regionda aparılan danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi gündəmdə oldu. Bu mövzu istər Rusiya baş nazirinin Türkiyəyə səfəri zamanı aparılan danışıqlarda, istərsə də ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayzanın Ermənistana səfəri zamanı aparılan danışıqlarda əsas müzakirə obyekti olaraq qaldı. Əlbəttə, regionun böyük və güclü dövlətlərindən olan Rusiya və Türkiyənin bu münaqişəni müzakirə etməsi onun həlli üçün böyük imkanlar açmış olur.
Rusiya və Türkiyə baş nazirləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan də görüşdən sonra verdikləri bəyanatda münaqişənin həllinin regionda sülh və təhlükəsizliyi bərpa etmək baxımından önəmli olduğunu bildirdilər. Onlar da öz növbələrində iki ölkə arasında razılığın əldə olunması üçün əllərindən gələni edəcəklərini bildiriblər. Lakin burada Rusiya baş naziri Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsi barədə söylədiyi bəzi məqamları da diqqətdən kənarda qoymaq olmaz. Belə ki, o, Türkiyədə olarkən Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir təsir imkanlarına malik olmadıqlarını yalnız tərəflərə münaqişənin həllində yardımçı ola biləcəklərini nəzərə çatdırıb. Əslində, bu ölkələr regionda söz sahibi olan dövlətlər kimi, Ermənistana təsir imkanlarına malikdirlər. Onu da nəzərə almaq lazımdır ki, Rusiya Ermənistanın himayədarıdır və ona siyasi qərarların qəbul olmasında göstərişlər də verir. Bu mənada Rusiyanın Ermənistana nəinki təsir imkanları, hətta müəyyən mənada təzyiq imkanları da var. Türkiyə isə Rusiya ilə müqayisədə bu mövzuya ötən bir il ərzində tez-tez toxunub və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyət göstərməli olduğunu bildirib.
       Yuxarıda qeyd etdiyim kimi, arxada qalan həftə həm də Metyu Brayzanın regiona səfəri çərçivəsində Ermənistanda keçirdiyi görüşlər və səsləndirdiyi bəzi fikirlərlə yadda qaldı. Belə ki, Minsk Qrupunun amerikalı həmsədri Ermənistanda olarkən belə bir bəyanatla çıxış etmişdi ki, guya Dağlıq Qarabağ ətrafında olan 7 rayonun geri qaytarılması ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Belə bir absurd fikrin məhz Minsk Qrupunun həmsədri  tərəfindən səsləndirilməsi də təəssüf doğurduğu qədər Azərbaycan ictimaiyyətində narazılığa səbəb oldu. Metyu Brayza ANS-ə verdiyi açıqlamada isə bu fikri səsləndirmədiyini, onun fikirlərini erməni mətbuatı tərəfindən təhrif olunduğunu bildirib. Əlbəttə, Metyu Brayza və onun həmkarları Bernar Fasye və Yuri Merzlyakov indiyə kimi bir sıra ağlasığmaz fikirlərlə yadda qalıb. Lakin onların Ermənistanda bir, Azərbaycanda isə digər  bəyanatla çıxış etməsi peşəkarlıq cəhətdən heç də müsbət hal kimi qiymətləndirilmir.  Həmsədrlərin verdiyi açıqlamaları ört-basdır etmək üçün sonradan verdikləri açıqlamalar da onlara öz günahlarını yumaqda gömək etmir. Brayzanın da verdiyi açıqlama bu sıradandır. Yəni onun verdiyi açıqlama da heç bir məntiqə sığan bir fikir deyil. Çünki bu hal artıq birinci dəfə müşahidə olunmur. Əgər M.Brayzanın dediyi kimi, Ermənistan tərəfi onun fikirlərini təhrif edirsə, onda elə Ermənistana qarşı ATƏT səviyyəsində müəyyən sanksiya tətbiq etmək olardı. Bu da bir daha qurumun fəaliyyət istiqamətinin düzgün olmamasından xəbər verir.  M.Brayzanın fikirləri isə onu getdikcə daha da gözdən salmaqdan başqa bir məqsəd daşımır. Bəlkə də o, bu ilin sonunda Minsk Qrupunun tərkibində öz yerini tərk edəcəyini düşünərək müəyyən aktivlik göstərmək istəyir? Hətta bu halda belə onun verəcəyi hər bir bəyanat beynəlxalq hüquq normalarına uyğun olmalıdır.   
       Azərbaycanın bu mövzu barəsində rəsmi mövqeyi hələ açıqlanmasa da Azərbaycan hökumətinin Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərinin dəyişməz olması da məlumdur. Azərbaycan hökuməti başda cənab Prezident İlham Əliyev olmaqla dəfələrlə münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü vurğulayıb. Bu mənada Minsk Qrupunun həmsədrlərinin fikirləri  ilə nəinki Azərbaycan tərəfinin, heç beynəlxalq hüquq normalarının da səsləşmədiyini aydın görmək olar.

Digər xəbərlər