PDF Oxu

Əsas

  • 12

Azərbaycan iqtisadiyyatında neft faktoru

Azərbaycan iqtisadiyyatında neft faktoru
Dünya bazarında neftin qiyməti 70 dollar ətrafında "oynayır". Maliyyə bazarlarında iqtisadiyyatın bərpasına dair nikbinlik isə davam edir, nəticədə həm neft bazarında, həm fond bazarlarında yüksəlmə tendensiyaları yaranır. Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, maliyyə böhranından sonra dünyanı daha bir böhran- neft böhranı gözləyir. "SİA"nın "The İndependent" nəşrinə istinadən verilən xəbərə görə, bu barədə təşkilatın böyük iqtisadçısı Fatih Birol bildirib. Onun sözlərinə görə, dünyada neft hasilatının enmə tempi 2007-ci ildə proqnozlaşdırılandan iki dəfə çox olub.
İqtisadçı neft hasil edən bir çox ölkələrin bu sahəyə sərmayə yatırmaq problemlərinin olduğunu bildirərək yaxın beş ildə dünyanı kəskin neft çatışmazlığı gözlədiyini deyib. Bu isə onun qiymətinin kəskin şəkildə bahalaşacağından xəbər verir. Birolun fikrincə, karbohidrogen çatışmazlığı ilə bağlı böhran artıq 2010-cu ildən sonra başlaya bilər.
Lakin ekspertlər hesab edirlər ki, bu haqda öncədən konkret proqnoz vermək çətindir. Ən azı ona görə ki, dünyanın neft ehtiyatlarının dəqiq qiymətləndirilməsi hələ aparılmayıb. Son qiymətləndirmələrə görə, mövcud neft-qaz ehtiyatları bir neçə yüz ilə yetər. Bu hesablamaları nəzərə alsaq, onda Beynəlxalq Enerji Agentliyinin proqnozlarının ciddiliyi şübhə altına düşür.
Azərbaycanda neft hasilatının yüksək templərlə artımı ölkənin valyuta ehtiyatlarının daha sürətlə artmasıyla nəticələnəcək. İndiki qiymət qaldığı təqdirdə belə, nə qədər çox neft çıxarsaq, maliyyə ehtiyatlarımız bir o qədər artacaq. Yaxın 20 ildə Azərbaycanın neft-qazdan əldə etdiyi gəlirlərin yarım trilyon dollara çatacağı haqda proqnozlar da var.
Neft hasilatı indi planlaşdırıldığı kimi ildə ortalama 50 milyon ton olarsa, hələ bundan sonra azı 100 illik ehtiyatlarımız var. Hasilat 50-60 milyon tona çatdırılarsa, onda ölkədə adambaşına düşən neft hasilatı 7,5 ton təşkil edəcək ki, bu da inkişaf etmiş dövlətlər səviyyəsinə uyğun bir göstəricidir. Hazırda ixracın 98%-ə qədəri, büdcə gəlirlərinin 70%-i, sənayenin 75%-i neftin payına düşür.
Hökumət indi yığılan neft pullarının əsas hissəsini qeyri-neft sektorunun inkişafına yönəltməklə strateji inkişaf planlarını ortaya qoyub. Təsadüfi deyil ki, neftin qiyməti 40 dollara düşdüyü bir vaxtda belə bu sahəyə dövlət yardımları azalmadı.
Hazırda büdcəni dolduracaq başqa sahələr, xüsusən də, qeyri-neft sektorunda yerli istehsal getdikcə artır. Belə düşünməyə əsas var ki, neft hasilatının azalmağa başladığı dövrdə büdcəni doldurmaq problem olmayacaq. Hökumət Neft Fondundakı pulları qeyri-neft sektorunun inkişafına xərcləsə, o zaman ölkə iqtisadiyyatının hərtərəfli inkişafına nail olmaq olar.
Neftin bahalaşması halında isə hökumətin həyata keçirdiyi layihələrin sayının artmasına səbəb olacaq. Hökumətin tikinti sektoruna da yardım etməsi bu sahəni də böhrandan xılas edəcək. Dünya bazarında neftin baha olması nəticəsində əldə olunan əlavə gəlirlər də dövlət büdcəsi vasitəsilə daha çox qeyri-neft sahələrinə yönəldilir.
Hələlik, neft Azərbaycan iqtisadiyyatında aparıcı sahə olaraq qalır. Qeyd edək ki, "Əsrin müqaviləsi"nin iştirakçıları Azərbaycan hökumətinə müqavilənin müddətinin uzadılmasını təklif ediblər. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır: "Müqavilə 2024-cü ildə bitəcək. Biz müqavilənin müddətinin uzadılmasına, hələlik, tələsmirik. "Əsrin müqaviləsi"nin iştirakçılarına da hələlik nə müsbət, nə də mənfi cavab vermişik".
Qeyd edək ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsi layihəsinə dair müqavilə- "Əsrin müqaviləsi" 1994-cü ilin sentyabr ayında imzalanıb. AÇG yataqlarının işlənməsi layihəsində BP (operator- 34,1%), "Chevron" (10,2%), ARDNŞ (10%), "Inpex" (10%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Devon" (5,6%), "Itochu" (3,9%) və "Hess" (2,7%) şirkətləri iştirak edir.
Azərbaycan 2009-cu ildən başlayaraq 2015-ci ilədək neft satışından kifayət qədər ciddi gəlirlər əldə edəcək. Ən yüksək gəlirin isə 2010-cu ildə əldə ediləcəyi gözlənilir. Məhz həmin il 450 milyon barrel neftin istehsal olunacağı proqnozlaşdırılır. Bu isə indiki qiymətlərlə (1 barrel/70 ABŞ dolları) 30 milyardlıq gəlir deməkdir.
Azərbaycanın neft gəlirləri Dövlət Neft Fonduna yığılır. Hazırda Fondun sərəncamında 11 milyard dollar həcmində vəsait mövcuddur və bunlar beynəlxalq maliyyə bazarlarında yerləşdirilir. Neftin illik orta qiyməti 50 dollar/barel olarsa belə, 2009-cu ilin sonuna fondun vəsaitlərinin elə 11 milyard dollar ətrafında qorunub saxlanması gözlənilir.
Hazırda Neft Fondunun vəsaitləri yüksək reytinqli, aşağı risqli qiymətli kağızlarda yerləşdirilib. Yaxın 10-15 ildə Neft Fonduna 200 milyard manat həcmində vəsaitin daxil olacağı proqnozlaşdırılır. Bu isə o deməkdir ki, Azərbaycan qlobal böhrandan həm indi, həm də gələcəkdə sığortalanmış durumdadır.

Digər xəbərlər