Suraxanı rayonunda cari ilin ilk yarısının yekunları müzakirə olunub
Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında ölkə başçısının nitqindən irəli gələn vəzifələr Suraxanı rayon icra hakimiyyətinin başçısı yanında geniş şura iclasında müzakirə olunub.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cari ilin altı ayında ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətləri faktlarla diqqətə çatdırıb, həmin müddətdə rayonda görülmüş işlərdən danışıb. Bildirib ki, respublikanın bütün rayonlarında olduğu kimi, Suraxanıda da keçən dövr ərzində xeyli iş görülüb.
Rayonun sənaye müəssisələri 2009-cu ilin birinci yarısında 60,7 milyon manatlıq məhsul hazırlanıb, orta aylıq əmək haqqı 358 manata, o cümlədən, mədənçıxarma sənayesində 676 manata çatdırılıb, 861 nəfər işlə təmin olunub.
Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı"na əsasən Suraxanı rayonunda görülməsi nəzərdə tutulmuş işlərin əksəriyyəti başa çatdırılıb, digər layihələrin icrası isə davam etdirilir.
Suraxanıda Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin yeni binalarının tikintisi başa çatdırılmış, Heydər Əliyev parkı salınmışdır.
Heydər Əliyev Mərkəzinə ziyarətə gələnlər Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq, əyani vəsaitlərdən istifadə etmək imkanı qazanıblar.
Heydər Əliyev parkında müxtəlif əyləncə qurğuları, uşaq meydançası və qumluq sahə düzəldilib. Parkdakı "Bayraq meydanı"nda hündürlüyü 26 metr olan qüllədə Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanır.
İcra başçısı bildirib ki, Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun ətrafında dekorativ divarların, Zığ qəsəbəsinin yeni "Dədə Qorqud" yaşayış sahəsinin yanında su anbarının, Qaraçuxur qəsəbəsinin "D" yaşayış massivində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əlil uşaqlar üçün "Qayğı" reabilitasiya mərkəzinin, Hövsan qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 81 mənzilli 9 mərtəbəli yaşayış binasının tikintisi, abadlaşdırılma və yaşıllaşdırılma işləri davam etdirilib.
Rayonun xidmət və mənzil-kommunal sahələri tərəfindən yeni qaz, su, kanalizasiya xətləri çəkilib və ya dəyişdirilib, 4 yeni kompleks transformator məntəqəsi quraşdırılıb, onların 7-si, eləcə də 10 ədəd güc transformatoru daha müasiri ilə əvəzlənib.
Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bu ilin birinci yarısında rayonda müəyyən işlər görülüb.
İ.Abbasov bildirib ki, rayon ərazisində yerləşən dövlət və özəl qurumlar, həmişə olduğu kimi, yenə də Heydər Əliyev siyasi kursuna sadiqliyini nümayiş etdirəcək, Azərbaycanın gələcəyi naminə Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqları, yüksək keyfiyyətlə və vaxtında yerinə yetirəcəklər.
Hesabat məruzəsi ətrafında çıxışlarda rayonda görülmüş və görülməsi vacib olan işlərdən danışılmışdır. Əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, digər məsələlər müzakirə olunub.