Vladimir Putin: “Münaqişənin həllində çox ciddi və müsbət irəliləyişlər var”
Ankarada səfərdə olan Rusiyanın Baş naziri Vladimir Putin həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistan prezidentləri ilə mütəmadi görüşlər keçirir: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox ciddi və müsbət irəliləyişlər vardır. Biz bu problemin həllini istəyirik. Rusiya Qafqaz bölgəsində hər hansı münaqişənin olmasını istəmir. Çünki, burada münaqişələrin olması bölgədəki ölkələrlə münasibətlərimizə mənfi təsir göstərir. Lakin, Rusiyanın mövqeyi hər zaman bu cür olmuşdur: biz münaqişə tərəflərinin yerinə hərəkət edə bilmərik, ancaq onlara razılaşma əldə etmək üçün yardım edə bilərik".
6.344 nəfər peşəyönümü məsləhətlərinə cəlb olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsindən bildiriblər ki, 2009-cu ilin birinci yarısında Bakı, Gəncə, Mingəçevir, Göyçay şəhərlərində və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən peşəyönümü metodiki kabinetləri vasitəsilə 6.344 nəfər peşəyönümü məsləhətlərinə cəlb olunub. Cari ilin 6 ayında bu sahədə ən yüksək göstərici paytaxtda qeydə alınmışdır. Bakıda 4.276 nəfər peşəyönümü məsləhətlərinə cəlb edilib.