PDF Oxu

Əsas

  • 12

“Mərhələli həll” variantının alternativi yoxdur

“Mərhələli həll” variantının alternativi yoxdur
Son günlər Dağlıq Qarabağ münaqişəsi mövzusu ətrafında ictimai müzakirələr yenidən intensivləşib və indi daha çox "Madrid prinsipləri" gündəmdədir. Bu mövzuda ən müxtəlif mülahizələr səsələnir. Lakin bütün hallarda etiraf etməliyik ki, İlham Əliyevin Prezidentlik fəaliyyətinə başladıqdan sonra siyasətinin bütün proqram müddəalarını, o cümlədən, Dağlıq Qarabağ probleminin həllini ardıcıl şəkildə həyata keçirməyə başlayıb.  Bu müddət ərzində Ermənistanla danışıqların davam etdirilməsi ilə yanaşı, beynəlxalq təşkilatlarla iş və ikitərəfli əlaqələr sahəsində fəaliyyət daha da genişləndirilib, ən başlıcası isə,  Dağlıq Qarabağ məsələsi BMT Baş Assambleyasına çıxarılıb. Bu mənada ölkəmiz üçün hər hansı təhlükəli məsələlər gündəmdə deyil...
Dünyada baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı bu əsas münaqişə ocağının söndürülməmiş qalması qlobal planda cərəyan edən proseslərə mənfi təsir göstərməklə yanaşı, burada iqtisadi və siyasi maraqları olan aparıcı dövlətlərin, habelə, beynəlxalq təşkilatların mənafelərini də ciddi şəkildə təhdid edir. Bu, həm də İraq müharibəsindən sonra Qərbin aparıcı dövlətlərinin, xüsusən də, ABŞ-ın beynəlxalq sülh və təhlükəsizliyə əngəl törədən, mahiyyətcə regional çərçivədən çıxaraq qloballaşan münaqişə ocaqlarının söndürülməsinə yönəlmiş cəhdlərinin artması ilə bağlıdır.
Azərbaycanın diplomatik mövqelərinin güclənməsi özünü təkcə beynəlxalq təşkilatların təcavüzkar tərəfə təsir göstərmək səylərini intensivləşdirməsi ilə şərtlənmir. Artıq fövqəldövlətlər də münaqişənin həllinin uzanmasına görə narahatlıqlarını açıq ifadə edirlər. Münaqişənin həllinə beynəlxalq səviyyədə yönəlmiş səylərin nəzərəçarpacaq dərəcədə güclənməsi, ATƏT-in Minsk Qrupu səviyyəsində aparılan danışıqların xaotik məcradan çıxarılaraq konkret həll formatına salınması da rəsmi Bakının mühüm siyasi üstünlüyüdür. İlham Əliyev dəfələrlə münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini mümkün saydığını, sülh danışıqlarının da yalnız bu formatda aparıla biləcəyini qətiyyətlə vurğulayaraq bir daha aydın və qətiyyətli mövqe ortaya qoymuşdur. "Bir daha bəyan edirəm, nə 5 ildən sonra, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə də 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Mən nə qədər Prezidentəm, buna yol verməyəcəyəm" deyən dövlət başçısı Ermənistanla aparılan danışıqların nəticə verməyəcəyi təqdirdə, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün digər zəruri vasitələrdən, konkret hərb yolundan istifadə olunması məsələsinin ictimai müzakirəyə çıxarılacağını da açıq bəyan etmişdir. Bu qətiyyətli  bəyanatı ilə Prezident İlham Əliyev Azərbaycandan güzəşt umanlara sərt mesaj ünvanlamış, xalqın  heç zaman ərazi itkisi ilə barışmayacağını bir daha izhar etmişdir. Bu, bir daha göstərir ki, rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin keyfiyyətcə yeni mərhələyə transformasiyasını və siyasi-hərbi yolla həllini hər an gündəmə gətirə bilər. Dövlət başçısının bildirdiyi kimi, təcavüzkar ölkə Azərbaycanın çox güclü, mobil və peşəkar orduya malik olduğunu aşkar duymalı və bu psixoloji təsir amili aparılan danışıqların pozitiv məcrada getməsini təmin etməlidir. Bununla yanaşı, Azərbaycan haqlı mövqeyini bundan sonra da müxtəlif beynəlxalq təşkilatlarda müdafiə etmək, Ermənistanın  təcavüzkar siyasətinin daha qlobal miqyasda ifşasına nail olmaq, ideoloji-təbliğati sahədə psixoloji üstünlüyü ələ almaq üçün diplomatik fəaliyyətini davam etdirməlidir.
Prezident İlham Əliyevin münaqişənin həlli istiqamətində yeritdiyi siyasətin əsas mahiyyəti yenə də Ermənistanın mövqeyinin beynəlxalq hüquq baxımından tam əsassızlığını sübuta yetirmək, təcavüzkar ölkəni Cənubi Qafqazdakı dinamik inkişaf prosesindən, qlobal enerji-kommunikasiya layihələrindən təcrid etmək, ən nəhayət, Azərbaycanın iqtisadi, hərbi qüdrətini artırmaqla qarşı tərəfin mövqeyinə təsir göstərməkdən ibarət olmuşdur. Dövlət başçısı İlham Əliyev bu mərhələnin yekununda münaqişənin hərb yolu ilə həlli variantının aktuallaşa biləcəyini də istisna etməmişdir. Ötən dövr ildə Azərbaycanın iqtisadi cəhətdən daha da qüdrətlənməsi, respublikamızın hərbi büdcəsinin əhəmiyyətli dərəcədə artması fonunda danışıqlar prosesi də keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ermənistan rəsmilərinin ictimai rəyə hesablanmış ənənəvi və populist bəyanatlarına rəğmən, son illər təcavüzkar dövlətin mövqeyində ciddi diplomatik geriləmələr müşahidə edilmişdir. Əgər rəsmi Yerevan əvvəllər qondarma "DQR"-in ya müstəqil olması, ya da Ermənistana birləşdirilməsi" kimi cəfəng iddia ilə çıxış edirdisə, son ciddi diplomatik təpkilər qarşısında münaqişənin mərhələli həlli ilə bağlı müzakirələrə qatılmağa məcbur olmuşdur. Təcavüzkar dövlətin "Madrid prosesi", yəni "mərhələli həll" modeli ətrafında danışıqları davam etdirməsi rəsmi Bakının mühüm diplomatik nailiyyətlərindən biri kimi vurğulanmalıdır. "Biz danışıqlarda öz mövqeyimizi gücləndirmişik. Azərbaycanın hər zaman israr etdiyi yanaşma - məsələnin mərhələli həll olunması artıq Minsk Qrupu tərəfindən qəbul edilir və danışıqları aparan tərəflər - Ermənistan və Azərbaycan artıq bu prosesin iştirakçılarıdır. Baxmayaraq ki, Ermənistanı bu prosesə cəlb etmək üçün çox böyük səylər göstərilmiş, çox böyük diplomatik gedişlər edilmişdir. Biz buna nail olduq və onu da bilirik ki, "Praqa prosesi" ifadəsi, sadəcə olaraq, mərhələli həll sözünün əvəzinə işlədilmiş bir ifadədir ki, erməniləri və Ermənistanı çox qıcıqlandırmasın"-deyən Prezident İlham Əliyev həmsədrlərin iştirakı ilə keçirilən danışıqların ərazi bütövlüyü prinsipi çərçivəsində aparılmasını da haqlı olaraq Azərbaycanın mühüm uğuru kimi dəyərləndirmişdir. Bu fakt bir daha təsdiqləyir ki, dərin siyasi-iqtisadi böhranla üzləşmiş Sarkisyan rejimi mühüm beynəlxalq təşkilatların, habelə, aparıcı dövlətlərin münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli tələblərinə, o cümlədən, beynəlxalq hüquq normalarına daha saymazyana yanaşmaq iqtidarında deyil. 
Prezident İlham Əliyev münaqişənin həllinin mühüm prinsipi kimi bu məsələni daim diqqət mərkəzində saxlayır: "Dağlıq Qarabağ erməniləri muxtariyyət çərçivəsində milli azlıq kimi yaşamaqda davam edə bilərlər. Yaxşı məlumdur ki, Avropada və dünyanın digər hissələrində muxtar qurumlar mövcuddur. Dünyanın bir çox ölkələrində milli azlıqlar vardır. Dünyada hər bir milli azlıq özü üçün müstəqillik tələb etsə, nələr baş verər? Bu, cəfəngiyyatdır. Bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi ədalətə, həqiqətə və beynəlxalq hüquq normalarına söykənir. Ermənilər vaxtaşırı beynəlxalq hüququn vacib elementi olan "millətlərin öz müqəddəratını təyin etmək" hüququ ilə manipulyasiya etməyə çalışırlar. Lakin bildirmək istəyirəm ki, ermənilər artıq bir millət kimi öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti vardır. Ermənilərin yaşadıqları bütün ölkələrdə "öz müqəddəratlarını təyin etməyə" başlayacaqları halda nələrin baş verəcəyini təsəvvür etmək çətin deyildir".
Azərbaycanın danışıqlar prosesindəki mövqelərini gücləndirən ən ciddi amillərdən biri də respublikamızın iqtisadi cəhətdən qüdrətlənməsi, bir sıra qlobal enerji və kommunikasiya layihələrini uğurla başa çatdırması ilə əlaqədardır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tam istismara verilməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasının uğurla həyata keçirilməsi, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi ilə bağlı mühüm razılaşmaların əldə edilməsi Azərbaycanın dünya siyasətindəki, habelə, Avropanın enerji təhlükəsizliyindəki rolunu gücləndirmiş, beynəlxalq mövqelərini möhkəmləndirmişdir. Cənubi Qafqaz regionunda həyata keçirilən bu qlobal layihələrdən tamamilə kənarda qalan Ermənistan isə Avropa və Qərb üçün əhəmiyyətini getdikcə itirməkdədir. Azərbaycan Türkiyə və Gürcüstanla müxtəlif iqtisadi layihələr həyata keçirməklə, Ermənistanı faktiki olaraq üç strateji müttəfiqin əhatəsində təcrid vəziyyətində yaşamaq gerçəkliyi ilə üz-üzə qoymuşdur. Təcavüzkarlıq siyasətindən əl çəkməyən Ermənistan, əslində, özü-özünü Cənubi Qafqazda gerçəkləşən bütün strateji layihələrdən kənarda saxlamışdır. İşğalçı dövlətin xarici borcları getdikcə artır, sosial-iqtisadi tənəzzülün qarşısının alınmaması əhalinin vəziyyətinin pisləşməsi ilə müşahidə olunur. Rusiyaya olan borclarını ödəmək iqtidarında olmayan Ermənistan bu ölkənin forpostuna çevrilərək bütün strateji əhəmiyyətli müəssisələrini itirir. Yoxsulluğun həddinə görə MDB-də liderliyi əldən verməyən Ermənistan siyasi sahədə də ciddi problemlərlə üz-üzədir. Miqrasiyanın yüksək artım sürəti nəticəsində Ermənistan yaşayış üçün perspektivsiz, inkişaf üçün potensialsız dövlətə çevrilmişdir.
Bütün bu reallıqlar birmənalı olaraq təsdiqləyir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə riayət edilməsi əsasında diplomatik vasitələrlə həlli Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətinin əsas prioriteti olaraq qalır. Azərbaycan rəhbərliyi bütün siyasi və diplomatik vasitələrdən istifadə edərək, problemin konstruktiv həllinə çalışdığını aydın və birmənalı şəkildə dünya ictimaiyyətinə nümayiş etdirir. Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasından sonra Dağlıq Qarabağın statusuna baxılmasını, məcburi köçkünlərin doğma yurdlarına qayıtmasını nəzərdə tutan strategiya ardıcıl surətdə davam etdirilir. Bura həmçinin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının dinc-yanaşı yaşaması, bölgənin iqtisadi inkişafı və əhalinin sosial rifahı məsələləri də daxildir.

Digər xəbərlər