Azərbaycan-Rumıniya dostluq əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir
Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında partiyanın Sədr müavini, millət vəkili Əli Əhmədov Buxarest şəhərinin II sektorunun meri Nikulai Ontsanun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.
YAP Sədrinin müavini qonaqları salamladıqdan sonra Buxarest merinin 3 il bundan əvvəl ölkəmizdə səfərdə olduğunu, keçirdiyi görüşləri xatırlatdı: "Həmin görüşlərdə çox maraqlı müzakirələr aparıldı. Çox şadam ki, nümayəndə heyəti yenidən Bakıda səfərdədir. Bu səfərin də yaddaqalan olacağı şübhəsizdir. Siz Azərbaycan-Rumıniya əlaqələrinin inkişafına çox mühüm töhfələr vermisiniz. Bunu Azərbaycan Prezidenti İlham Əliyev yüksək qiymətləndirir. 2006-cı ildə ölkəmizə səfəriniz zamanı bu dəstəyiniz dövlət başçısı İlham Əliyevlə görüşünüz zamanı xüsusi qeyd edildi. Bakının sizə şəxsi hörmət və ehtiramının bir ifadəsi də ondan ibarətdir ki, siz 2006-cı ildə Bakının Səbail rayonunun fəxri sakini adına layiq görülmüsünüz. Siz Bakının qonağı yox, öz sakinisiniz. Bu səfəriniz də ölkələrimiz və xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsinə öz müsbət təsirini göstərəcəkdir."
YAP İcra katibi Ə.Əhmədov iki ölkə arasında münasibətlərin inkişafından da geniş bəhs etdi. Bildirdi ki, hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin inkişafının göstəricisidir. Bir məqam da xüsusi qeyd edildi ki, Rumıniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Avropanın, eləcə də dünyanın ayrı-ayrı dövlətləri ilə əməkdaşlıq yaratmaq, qurulan əlaqələri daha da möhkəmləndirmək və inkişaf etdirmək istiqamətində addımlar atıldı. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində bu sahədəki istəklərin reallaşması üçün ardıcıl və zəruri tədbirlər həyata keçirildi. Heydər Əliyev siyasəti Azərbaycan dövlətinə imkan yaratdı ki, dünya birliyinə daxil olan ölkələrlə münasibətdə öz siyasi kursunu qura bilsin, strategiyasını müəyyənləşdirsin və hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunda beynəlxalq aləmin təcrübəsindən istifadə etsin.
Ə.Əhmədov onu da bildirdi ki, bu gün Azərbaycan artıq dünyada söz sahiblərindən birinə çevrilib. Ölkəmiz Avropanın, eləcə də dünyanın müxtəlif ölkələri ilə sıx dostluq və əməkdaşlıq münasibətləri yaratmaqla bərabər, ən nüfuzlu beynəlxalq təşkilatlar səviyyəsində də dəstəklənməyə və nüfuza malik oldu. Azərbaycanın hərtərəfli münasibətlər qurduğu dövlətlərdən biri də məhz Rumıniyadır.
Məlumat üçün qeyd edək ki, 1992-ci ildən iki ölkə arasında diplomatik əlaqələr yaradılıb. 1998-ci ilin noyabr ayından Rumıniyanın Azərbaycanda, 2001-ci ilin may ayından isə Azərbaycanın Rumıniyada səfirlikləri fəaliyyət göstərir. Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə Rumıniyaya rəsmi səfərindən sonra əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu.
YAP Sədrinin müavini bildirdi ki, dünyanın bir çox dövlətləri ilə olduğu kimi, Rumıniya ilə də əməkdaşlığı möhkəm təməl üzərində quran ulu öndər Heydər Əliyevin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və artıq Azərbaycan-Rumıniya dostluq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir.
Görüşdə Buxarest şəhərinin II sektorunun meri Nikulai Ontsanu qeyd etdi ki, Rumıniya Azərbaycana, ümumilikdə türk dünyasına, onun dünəninə, bugününə çox böyük hörmətlə yanaşır, əlaqələrimizin gələcəyinə özünəməxsus inamla baxır. Bu inam Azərbaycan dövlətinin özü, ümummilli lider Heydər Əliyev siyasəti və onun bugünkü ardıcıl və uğurlu davamı deməkdir. Qonaq onu da vuurğuladı ki, ölkələrimiz arasında ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan dostluq körpüsü çox möhkəm təməl üzərində qurulub və bu dostluğa təkcə Rumıniyanın dövlət və hökumət nümayəndələri deyil, eləcə də adi vətəndaşlar inam və rəğbətlə yanaşırlar.
Azərbaycan xalqının ən çətin tarixi dövründə ölkəni böhrandan xilas edən, möhkəm özüllər əsasında demokratik Azərbaycan cəmiyyətinin təməlini qoyan böyük siyasi xadimin, əvəzolunmaz şəxsiyyətin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin unudulmaz xatirəsi Rumıniyanın paytaxtı Buxarest şəhərində əbədiləşdirilib və bu fakt bizlərdən ötrü böyük əhəmiyyətə malikdir: "Əminəm ki, Azərbaycan ilə Rumıniya arasında çox yüksək səviyyədə yaranmış dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin xalqlarının rifahı və çiçəklənməsi naminə bundan sonra da bütün sahələrdə ardıcıl və dinamik surətdə genişlənəcək və inkişaf edəcəkdir."
Nikulai Ontsanu bildirdi ki, Rumıniya Azərbaycanın Avropaya və Avratlantik məkana inteqrasiyası məsələsinə xüsusi önəm verir. Beynəlxalq təşkilatlarda daim Azərbaycanı dəstəkləyir və həmin təşkilatlardakı nümayəndə heyətlərimiz eyni mövqedən çıxış edirlər: "İnanırıq ki, bu səfər həm dövlətlərimizin, həm də xalqlarımızın yaxınlığının, bir-birinə olan dərin hörmət və ehtiramının bir nümunəsi kimi öz səmərəsini verəcək. Bütün bunlar Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin yaratdığı təməl üzərində qurulmuş uğurlu xarici siyasətinin təntənəsidir."
Azərbaycanın Rumıniyanın bundan sonra da yaxın dostu olacağını deyən mer vurğuladı ki, Azərbaycanın iqtisadi uğurları, regionda və dünyada möhkəmlənən nüfuzu bizi çox sevindirir: "Çox şadam ki, biz demokratik bir Avropa ölkəsində səfərdəyik. Hələ ötən səfərimizdə Azərbaycanda həyata keçirilən quruculuq, abadlıq işlərindən heyrətlənmişdik. Azərbaycanın keçdiyi iqtisadi inkişaf yolu digər ölkələrə nümunə ola bilər. Bu gün dünyanı bürüyən iqtisadi və maliyyə böhranının Azərbaycanda hiss olunmaması, təbii ki, həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Budəfəki səfərimiz zamanı daha güclü, inkişaf edən Bakı ilə tanış olduq. Qətiyyətlə deyirəm ki, Bakı gözəlliyinə, tarixi abidələrlə zənginliyinə görə Avropa şəhərlərindən üstündür. Bakı müasirliyi və qədimliyi özündə birləşdirən şəhərdir."
Görüşdə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı iştirak etdi.