NATO Rusiyanın fəaliyyətindən narahatdır
Artıq bir neçə gündür ki, yayılan məlumatlardan da bəlli olduğu kimi, Cənubi Qafqaz regionunda və ümumiyyətlə, MDB məkanında siyasi səhnədə bəzi dəyişikliklər meydana gəlir. Belə ki, bir neçə gün bundan öncə Qırğızıstanda KTMT-nin qeyri-rəsmi sammiti baş tutmuşdur. Bu sammit bəzi texniki və əməkdaşlıq məsələlərinin həll olunması ilə yanaşı, Rusiyanın Qırğızıstan ərazisində yeni hərbi qüvvələr yerləşdirməsi qərarı ilə də yadda qaldı.
Məhz bu qərara etiraz olaraq bəzi MDB ölkələri xüsusilə Özbəkistan və Belorus öz mövqelərini bildirmişlər. Rusiya tərəfindən belə bir qərarın verilməsi son günlərdə böyük təşvişə səbəb olmuş və Rusiyanın keçmiş postsovet ölkələrində öz mövqeyini bərpa etmək məqsədini güddüyü bildirilmişdir. Rusiya tərəfi isə bu qərarın məhz KTMT-nin çevik hərbi qüvvələrinin yaradılması zəminində verildiyini və regionda sülh və təhlükəsizliyin təmin olunması məqsədi güddüyünü bildirmişdir.
Bu hadisələrin məhz Gürcüstanda ötən ilin avqustunda baş verən hadisələrin ildönümü ərəfəsində və ABŞ vitse-prezidenti Cozef Baydenin səfərindən sonra baş verməsini də təsadüfi hal kimi qəbul etmək olmaz. Belə ki, son günlərdə Rusiya ilə Gürcüstan arasında münasibətlərin gərginləşməsi də müşahidə olunur. Bu gərginləşmənin əsas səbəbi kimi isə Cənubi Osetiya və Abxaziya göstərilir. ABŞ vitse-prezidentinin bir neçə gün bundan öncə bu ölkəyə səfəri zamanı da Cənubi Osetiya və Abxaziyanın Gürcüstanın ərazisi kimi tanınmasının Gürcüstanın ərazi bütövlüyü baxımından vacib olduğunu bildirmişdir. Bununla ABŞ tərəfi məhz Rusiyanın mövqelərinə zidd çıxmışdır. Hətta ABŞ tərəfinin yaydığı bəyanatların Rusiyaya qarşı xəbərdarlıq məqsədi daşıdığını qeyd edənlər də oldu.
Qeyd etdiyimiz kimi, Rusiya da məhz bu hadisələrdən sonra fəallaşıb Qırğızıstan ərazisində yeni hərbi bazasının yerləşdirməsi qərarı ilə çıxış edib ki, bu da bəzi MDB ölkələrinin narazılığına səbəb olub. Onlar öz təhlükəsizlikləri baxımından qorxu hiss etdikləri üçün belə bir hərəkətə yol verməyəcəklərini bildiriblər. Məlum olduğu kimi, artıq xeyli müddətdir ki, Qırğızıstanın "Manas" hərbi bazasında Rusiya hərbi qüvvələri yerləşdirilmişdi. Belə bir hal regionda öz maraqları olan ABŞ tərəfinin də narazılığına səbəb olmuşdu. Bu barədə nəinki ABŞ-ın, həmçinin, bəzi beynəlxalq təşkilatların da narazılıqları qeydə alınıb.
Belə ki, bu günlərdə işə başlayan NATO-nun yeni baş katibi Anders Foq Rasmussenin Rusiyanın qonşu dövlətlərin ərazi bütövlüyünə hörmət etməli olması barədə bəyanatı da nəinki regionda, həmçinin, bütün dünyada böyük maraqla qarşılanıb. Onun sözlərinə görə, gürcü-rus müharibəsi NATO və Rusiya münasibətlərini çətinləşdirib. Rusiyanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğu da bildirilib. NATO-nun vəzifələrinin icrasına yenicə başlamış baş katibinin bu məsələlərə toxunması və alyansın mövqeyini qeyd etməsi çox vacibdir.
Qeyd etmək lazımdır ki, Danimarkanın sabiq baş naziri Rasmussen öz vəzifələrinin icrasına avqustun 1-də başlayıb. O, bu postda Yaap de Hoop Sxefferi əvəzləyib.
Onu da qeyd etmək yerinə düşər ki, tanınmamış Cənubi Osetiya Respublikasındakı hərbi əməliyyatlara ötən il avqustun 8-də başlanılıb. Gürcü qoşunları paytaxt Sxinvaliyə daxil olub, daha sonra rus ordusu şəhəri tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə doğru geri sıxışdırıb. Dünya ictimaiyyəti də məhz belə bir hadisənin yenidən təkrar olunmasından qorxaraq Rusiyanın Cənubi Qafqaz regionunda və MDB məkanında yeritdiyi siyasətə qarşı öz etirazını bildirir. Bu gün Rusiyanın KTMT çərçivəsində çevik hərbi qüvvələrin yaradılması ideyası bunun arxasında hansısa başqa bir məqsədin güdüldüyündən xəbər verir. Əslində, KTMT-nin məhz Rusiyanın maraqlarına xidmət etməsi ehtimalı da inandırıcıdır. Çünki bu gün yalnız postsovet məkanını əhatə edən bu təşkilatın hansısa bir nəzərəçarpacaq fəaliyyətinədən danışmaq olmaz. Onun yalnız kağız üzərində adı var desək də, yanılmarıq. Yalnız müəyyən dövrlərdə yığışaraq hansısa bir qərar verməklə təşkilatın proqramını müəyyən etmək və onu istiqamətləndirmək olmaz. Regionda öz mövqelərini gücləndirmək üçün Rusiyanın hansısa bir təşkilat yaratması və bu təşkilatı digər ölkələrin adından idarə etməsi heç də bərabərhüquqlu üzvlükdən xəbər vermir. Rusiyanın burada da hegemonluq etməsi bəlli olur. Nəzər alsaq ki, adıçəkilən təşkilata üzv ölkələrin heç biri siyasi səhnədə söz demək iqtidarında deyil, onda bu, Rusiya üçün heç də çətin olmur.