Azərbaycanın xarici siyasətinin əsas prioriteti:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə riayət edilməsi əsasında diplomatik vasitələrlə həlli ölkə Prezidenti İlham Əliyevin xarici siyasətinin əsas prioritetidir. Məlum olduğu kimi, dövlət rəhbəri bütün siyasi və diplomatik vasitələrdən istifadə edərək, problemin konstruktiv həllinə çalışdığını aydın və birmənalı şəkildə dünya ictimaiyyətinə nümayiş etdirir. Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasından sonra Dağlıq Qarabağın statusuna baxılmasını, məcburi köçkünlərin doğma yurdlarına qayıtmasını nəzərdə tutan strategiya ardıcıl surətdə davam etdirilir. Bura, həmçinin, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının dinc-yanaşı yaşaması, bölgənin iqtisadi inkişafı və əhalinin sosial rifahı məsələləri də daxildir.
Millət vəkili Zahid Oruc məsələ ilə bağlı açıqlamasında bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin tutduğu açıq, konkret, ədalətli, qəti, prinsipial mövqe, Azərbaycanın bir dövlət kimi, maraqlarının təmin olunmasına yönəlmiş addımlar beynəlxalq birliyi tərpədə bilib. İndi münaqişənin həllinə maraq daha da artıb:
- Bildirmək istərdim ki, son illər əldə edilən iqtisadi uğurlar Azərbaycanın xarici siyasətinin nə dərəcədə uğurlu, nə qədər balanslaşdırılmış olduğunu və bütün vektorlara çox böyük əhəmiyyət verərək öz məqsədinə doğru irəliləməyə xidmət etdiyini bir daha göstərdi. Ümumiyyətlə, qeyd edim ki, siyasətlə iqtisadiyyat bir-birinə çox bağlıdır. Bəzən deyirlər ki, siyasət iqtisadiyyatın, yaxud da iqtisadiyyat siyasətin davamıdır. Azərbaycanın da xarici siyasəti iqtisadi siyasətini tamamlayır. Bunun da banisi ümummilli liderimiz Heydər Əliyevdir. Ümummilli liderimiz bu iki istiqamətlər arasında əlaqələri elə güclü bazis əsasında formalaşdırıb ki, bu gün dünyanın bütün dövlətləri Azərbaycanın xarici siyasət kursuna həsəd aparır. Dövlət rəhbəri İlham Əliyev öz səlahiyyətlərinin icrasına başladığı ilk gündən bəyan etmişdir ki, biz informasiya hücumuna keçməliyik, beynəlxalq birliyin münaqişənin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə riayət edilməsi əsasında həlli variantını dəstəkləməsi və Ermənstanın Azərbaycan torpaqlarını işğal etməsi faktını pisləməsi istiqamətində səylər davam etdirilməlidir. Mübaliğəsiz demək olar ki, informasiya mübarizəsində Prezidentin fəal və hücumçu mövqeyi hamıya nümunə göstərilə bilər. İstər xarici ölkələrə rəsmi və işgüzar səfərlərində, istərsə də, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlərində Prezident Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ və qaçqın-köçkün məsələsinə diqqəti yönəldir.
Ümumiyyətlə, qeyd etmək istərdim ki, dövlət başçısı İlham Əliyevin Ermənistana qarşı diplomatik hücum siyasəti öz nəticələrini verməkdədir. Ölkə rəhbəri ən yüksək səviyyələrdə, dəfələrlə bəyan etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bu, Azərbaycan dövlətinin, onun Prezidentinin prinsipial mövqeyidir.
Azərbaycan xalqı sülh tərəfdarıdır və problemi sülh yolu ilə həll etmək niyyətindədir. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi problemin sülh yolu ilə həllinə imkan vermir, danışıqlar hər dəfə dalana dirənir.
Lakin biz, nəyin bahasına olursa-olsun, istər sülh, istərsə də hərb yolu ilə torpaqlarımızı azad etməliyik. Belə vəziyyətdə, orduya, əsgərə qayğı dövlətin, hər bir vətəndaşın müqəddəs vəzifəsi olmalıdır. Çünki biz azərbaycanlılar üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli yalnız milli maraq yox, həm də milli qürur məsələsidir. Hər bir şüurlu və namuslu Azərbaycan vətəndaşının borcu Azərbaycanın haqq işinin qələbəsinə yönələn, ölkəmizin tam suverenliyinin, ərazi bütövlüyünün təmin olunmasına, onun gələcək siyasi və iqtisadi tərəqqisinə xidmət edən bu prosesdə Prezident İlham Əliyevə dəstək vermək, hər an onun yanında olmaqdır.
Prezident İlham Əliyev bu məsələyə toxunaraq vurğulayıb: "Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın müstəqil siyasəti var. Bu siyasət Azərbaycanı son beş ildə böyük dərəcədə gücləndirmişdir. Bugünkü və beş il bundan əvvəlki Azərbaycan başqa-başqa ölkələrdir demək olar. Həm iqtisadi, həm siyasi baxımdan bölgədəki rolumuzun artması - bütün bunlar Azərbaycanı çox yüksək pilləyə qaldırıb və bundan sonra da, Azərbaycan xalqının iradəsi, milli maraqları, Azərbaycan dövlətinin milli maraqları, dövlətçilik prinsipləri bizim üçün əsas olacaqdır".