Putin və Ərdoğan Dağlıq Qarabağ məsələsini müzakirə edəcək
Artıq yayılan məlumatlardan də məlumdur ki, bu həftə Rusiyanın baş naziri Vladimir Putinin Türkiyəyə səfəri gözlənilir. Avqustun 6-da baş tutacaq görüşdə iki ölkə arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin perspektivləri müzakirə olunacaq. Bu səfərin Azərbaycan üçün də böyük əhəmiyyət daşıdığını qeyd etmək lazımdır. Belə ki, səfər proqramına Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi də daxil edilib.
Artıq xeyli müddətdir ki, bu iki ölkənin Dağlıq Qarabağın tənzimlənməsi yolunda gördüyü işlər, göstərdiyi səylər məlumdur. Bu dövr ərzində keçirilən görüşlərdə həm Rusiya, həm də Türkiyə tərəfinin iştirakı onların bu mövzuya qarşı nə qədər həssas olduqlarının göstəricisidir. Hər iki ölkənin başçıları səviyyəsində bu problemə münasibət bildirilməsi və onun həllinin vacibliyini bildirmələri də münaqişənin həlli yolunda yeni perspektivlər açmış olur. Artıq hamıya məlumdur ki, Rusiya və Türkiyə regionda aparıcı dövlətlər olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyin də təmin olunması üçün öz səylərini artırırlar. Ötən bir il ərzində isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə Rusiya və Türkiyə rəsmi orqanları tərəfindən müxtəlif səviyyələrdə bəyanatlar verilmişdir. Bu mənada münaqişə ilə daha çox bağlı olan Rusiyanın rolunu qabartmaq yerinə düşərdi. Ötən ilin noyabrında Moskvada keçirilən ikitərəfli və üçtərəfli görüşlərdən sonra məhz Rusiya tərəfinin təşəbbüsü ilə imzalanmış Moskva bəyannaməsi də münaqişənin həllində əhəmiyyətli rol oynadı.
Türkiyənin oynadığı rola gəlincə isə, o, hər zaman bir strateji müttəfiq və qardaş ölkə kimi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması zəminində münaqişənin həllini vacib sayır. Bu ildən etibarən Türkiyənin BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunması da Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda yeni imkanlar açmış oldu. Belə ki, bu quruma üzv olduğu gündən etibarən türk dövlətlərinin mənafeyini müdafiə etməyə çalışan Türkiyə Dağlıq Qarabağ münaqişəsinin də Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmağı və müvafiq qətnamələrin yerinə yetirilməsinə nəzarət etməyi öz öhdəsinə götürmüş oldu. Bununla yanaşı, Türkiyə dövləti tərəfindən işğalçı Ermənistan dövlətinə münaqişənin tənzimlənməsi baxımından davamlı təzyiqlər edilməsi və bu məsələnin ən yüksək səviyyədə müzakirəsinə nail olması da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin baş tutmasına rəvac vermiş olur. Əlbəttə, bu ölkələrin hər ikisi də münaqişənin həllinə maraq göstərir və regionda təhlükəsizliyin təmin olunması üçün bunu vacib sayırlar.
Hazırda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yalnız Ermənistanın göstərəcəyi konstruktiv mövqe çatışmır ki, buna da Rusiya və Türkiyənin kimi dövlətlərin təzyiqi ilə nail olmaq mümkündür. Bu sahədə də Türkiyə tərəfi öz mövqeyini göstərir. Bir müddət bundan öncə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun açıqlamasında da Ermənistandan münaqişənin tənzimlənməsi sahəsində qətiyyət göstərməsini gözlədiyini bildirib.
Rusiya və Türkiyə baş nazirləri arasında keçiriləcək görüşün əhəmiyyəti bir də ondan ibarətdir ki, bu görüş iki region ölkəsi arasında Madrid prinsiplərinin yenilənməsindən sonra keçirilən ilk görüşdür. Çox güman ki, bu görüş zamanı da Madrid sənədinin detalları müzakirə olunacaq. Hər halda regionda siyasi vəziyyətin tənzim olunmasında mühüm rol oynayan bu iki ölkənin baş nazirləri səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunması çox əhəmiyyətlidir.