PDF Oxu

Əsas

  • 18

“Bələdiyyələr və qadınların rolu”

“Bələdiyyələr və qadınların rolu”
Dünən Suraxanı rayon icra hakimiyyətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Universitet Təhsilli Qadınlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda da bu məsələ geniş müzakirə olunudu. İlk öncə tədbir iştirakçıları rayonun mərkəzində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər və abidəsi önünə gül dəstələri qoydular. Konfransın məqsədi ölkə əhalisinin 51 faizini təşkil edən qadınların bələdiyyə seçkilərində fəallığının artırılması, onların qərar qəbuletmə proseslərinə cəlb olunmasıdır.
Artıq bir müddətdir ki, Azərbaycanda layihə çərçivəsində "Bələdiyyələr və qadınların rolu" mövzusunda Universitet Təhsilli Qadınlar Cəmiyyəti Prezident Administrasiyasının dəstəyi ilə ölkəmizin hər bir rayonunda tədbirlər keçirildiyini deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirdi ki, bu, bələdiyyə seçkiləri ərəfəsində qadınlara böyük bir dəstəkdir: "Məqsədimiz odur ki, növbəti seçkilərdə qadınlarımızın fəallığı daha da artsın. Həm maariflənmə prosesi həm də AQUPDK tərəfindən qadınlara lazım olan dəstəyi göstərək. İnanırıq ki, təşkil edilən tədbirlərin hər biri bu istiqamətdə uğurlu iş aparacaq."
Ümumiyyətlə, bu gün Azərbaycanda cinsi fərqlilik olmadığını deyən komitə sədri onu da vurğuladı ki, qadınların bütün pillələrdə təmsil olunması vacibdir.
Prezident Administrasiyasının regionlar idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimov bildirdi ki, bu gün ölkədə qadınların bir çox sahələrdə, səhiyyə, təhsil, hətta idman hərəkatında böyük nüfuz sahibi olduqları üçün qadınlarımızın bələdiyyələrdə iştirakı da önəmli amillərdən biridir: "Lakin hazırda ölkədəki 2753 bələdiyyənin yalnız 53 sədri qadındır. Namizəd kimi qadınlar passivlik nümayiş etdirirlər. Ötən seçkilərdə qadınların 5,5 faizi iştirak edib və cəmi bələdiyyə üzvlərinin 4 faizini qadın təşkil edir".
Dövlətin qadın siyasətinin əsas istiqaməti qadın və kişilər üçün bərabər hüquq və imkanların yaradılması, qərar qəbulunda, idarəetmədə qadınların təmsilçiliyinin artırılması, son nəticədə cəmiyyətdə gender bərabərliyinin təmin edilməsidir. Bu sahədə dövlətin siyasi iradəsini əks etdirən müvafiq fərman və sərəncamlar imzalanıb, münbit hüquqi baza yaradılıb, Azərbaycan beynəlxalq Konvensiyalara qoşulub. Həmçinin, qərar qəbulunda və idarəetmədə qadınların təmsilçiliyinin artırılması ilə bağlı müəyyən öhdəliklər götürüb. Bələdiyyələrdə qadınların təmsilçiliyinin artırılması dövlət qadın siyasətinin tələblərinə cavab verir. 2006-cı ildə bu sahədə Milli Assosiasiya təşkil edilib. Qeyd edildi ki, bələdiyyə qurumlarının kifayət qədər fəaliyyətinin olmaması ali təhsilin, mütəxəssislərin və qadınların sayının azlığı olub və bu məqsədlə silsilə tədbirlər keçirilib:"Qadınların reallaşdırdığı tədbirlər onların daim aktiv fəaliyyətə can atdığını bir daha təsdiq etdi. Bu, bələdiyyə seçkilərində də belə olacağını düşünməyə imkan verir".

Digər xəbərlər