1 Avqust Ana dili Günüdür
Bu gün Azərbaycan dili - Ana dili Günüdür. Zaman -zaman qorunub saxlanılan, varlığımızı sübut edən bu məfhum müasir günümüzə qədər təkmilləşərək xalqa təqdim olunmuşdur. Azərbaycan dili milli sərvətimiz, analardan əxz olunan bir dildir. Mənliyimizi, düşüncəmizi məhz bu dil vasitəsi ilə təqdiq edib. Bəşər övladına azərbaycanlı olduğumuzu göstərə bilirik. Dil hər bir xalqı, dövləti yaşadan atributlardan biridir.
Dilin ictimai hadisə, ünsiyyət vasitəsi olması insanların bir-birinə yaxınlaşmasına kömək göstərən şərtləndirici meyardır. Ana dili hər bir vətəndaşın mənəvi kamilliyinin, maddi-mənəvi dəyərlərinin təzahürüdür. Bilidiyimiz kimi, bizim ana dilimiz bu günə kimi, çox ziddiyyətli yollar keçmiş, lakin buna baxmayaraq, öz zənginliyini, saflığını qoruyub saxlamışdır. Belə ki, Azərbaycan dili ərəb istilası dövründə iki əsr əsarət altında olmuş və bu baxımdan da dilimizə ərəb-fars mənşəli sözlər daxil olmuşdur. Həmin illərdəki yazılı mənbələrə nəzər salsaq, görərik ki, ərəblərin hökmranlığı nəticəsində yazılı mənbələr ərəb dilində yazılmışdır. Bu əsərləri araşdırmaq, tədqiq etmək, təbii ki, şərqşünas alimlərin üzərində olan məsuliyyətdir. Azərbaycan dilinə qarşı olan təcavüzlər göz önündədir. Tarixin daş yaddaşı bu hadisələri bizlərin yaddaşına köçürür. Tarix yaşanır. Bu yaşantılar isə bizi özümüzə qaytarır. Kimiliyimizi sübut edir, ərəb- fars istilaları, rus şoviniziminin yeritdiyi dil siyasəti Azərbaycan xalqının dilini əlindən ala bilməmişdir.
Ərəb əlifbası dəyişdirildikdən sonra latın qrafikasına keçsək də, bu, uzun sürməyən bir hadisə oldu. Belə ki, sovet imperiyasının Azərbaycanda hökmranlığı, sözsüz ki, öz təsirini göstərməyə bilməzdi. Rus şovinizminin təsiri nəticəsində əlifbamızın dəyişməsi, Kiril əlifbasına keçid ana dilimizin zəifləməsinə gətirib çıxardı və saflığına, təmizliyinə mənəvi təsir etdi. Belə ki, ərəb-fars mənşəli sözlərlə zəngin olan ana dilimiz rus mənşəli sözlərlə bir qədər zəifləməyə başladı. Onu da qeyd edək ki, bu proseslər dilimizə nə qədər təsir etsə də, digər tərəfdən isə Azərbaycan ziyalılarının dilin saflığı və təmizliyi uğrunda mübarizəsi ana dilimizin qorunmasına yönəldilmişdir. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində dil uğrunda mübarizə daha da sürətləndi. Dilin təmizliyi istiqamətində çox ciddi addımlar atılmağa başladı. Tədqiqat işlərinin nəticəsi olaraq dilçi alimlərin yaratdığı əsərlər Azərbaycan dilinin leksikologiyasına, qramatikasının, onun semantik xüsusiyyətlərinin öyrənilməsinə yönəldilmişdir. Müxtəlif lüğətlərin yaranması, ana dilini öyrənən əsərlərin meydana çıxması dilçi alimlərin - ziyalıların gərgin əməyi nəticəsində ortaya qoyuldu. Sözsüz ki, belə bir gündə dilçilik elmində Azərbaycan dilini bu və ya digər sahələrini öyrənən alimlərin adını qeyd etməmək mümkün deyil. F.Köçərli, M.Dəmirçizadə, T.Hacıyev və başqaları Azərbaycan dilinin inkişafı istiqamətində çox ciddi elmi faktlara əsaslanan nümunələrlə çıxış etməyə başladılar. Onu da qeyd edək ki, Azərbaycan ziyalıları təbəqəsi bir estafet olaraq öz yerlərini yetişməkdə olan dilçilərə vermişdirlər. Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Əli bəy Hüseynzadənin, Ömər Faiq Nemanzadənin, Nəriman Nərimanovun və onlarla belə ziyalıların dil uğrunda apardığı mübarizə dilin saflığına, leksikologiyasının zənginləşməsinə müsbət təsirini göstərmişdir.
Azərbaycan dilinin tarixinə nəzər saldıqda, onun müxtəlif inkişaf mərhələlərində olduğunun şahidi oluruq. Bu mərhələlər sırasında 1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan islahatlar öz nəticəsini verməyə başladı. Bu gün Azərbaycan dili dövlət səviyyəsində çıxış edir. Belə ki, 15 respublikanı özündə birləşdirən ittifaqın nəzdində dövlət dili səviyyəsində mübarizə aparmaq böyük cəsarət tələb edirdi. Ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlyü fəaliyyəti nəticəsində dövlət dili Azərbaycan Konstitusiyasının bir bəndinə daxil edildi. Dili qorumaq, xalqı qorumaqdır. Xalq öz dili ilə tanınan varlıqdır. Bir dövləti məhv etmək üçün onun dilinin əlindən alınması məlum bir amildir. Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində ana dili ətrafında apardığı islahatlar öz nəticəsini vermişdir. Dil inkişafda olmasa, məhvə doğru yuvarlanar. Son illərdə dilimizə qarşı diqqəti hiss etmişik. Xalqı yaşadan, onun varlığını sübut edən dil zamanın axarında özünün zənginləşməsinə doğru istiqamət almışdır. Mənəvi dirliyimiz, varlığımız olan ana dilimiz keçmişimizlə bugünümüz arasında körpü, zamanla əlaqəmizdir. Bugünümüzü sabaha aparan bir vasitədir. Dövlətimizin dil siyasətində müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili kimi təsbit olunmuşdur. Dövlət dili milli müstəqilliyin, suverenliyin, istiqlalın, milli dövlətçiliyin, Azərbaycan ideologiyasının əsaslarından biridir. Ümumilli lider Heydər Əliyevin "Dövlət dilini tətbiqi işinin təkmilləşdirilməsi" haqqında fərmanı "Azərbaycan Respublikasının Dövlət Dili Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında sərəncamı, eləcə də, Azərbaycan əlifbası və Azərbaycan dili günü haqqında, Azərbaycan Respublikasının Dövlət dili haqqında" və digər sərəncamları ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasına, onun uzunmüddətli strategiyasına və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında ümummilli lider Heydər Əliyevin yüksək intellekti, məntiqi, vətəndaşlıq qeyrəti, ana dilimizə olan məhəbbəti böyük rol oynamış, Azərbaycanın XXI əsr dil siyasətinə, ana dilinə öz imzasını əbədi həkk etmişdir. Qeyd olunan hüquqi normativ aktlarla ölkədə dil quruculuğunun aparıcı amili olan latın qrafikalı Azərbaycan əlifbasına tam keçid mərhələsi, Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edilməsi kimi tarixi hadisələrlə də milli mədəniyyət tariximizə Heydər Əliyev adını əbədi həkk etdirdi. Bu gün dil siyasəti dövlətin diqqətində duran məsələlərdəndir. Yad dillərdən, sözlərdən Azərbaycan dilini qorumaq, onun bütövlükdə qrammatikasına, orfoqrafiya, orfoepiyasına, eləcə də leksikasına hörmətlə yanaşmaq hər birimizin borcu və vəzifəsidir. Bu dil Azərbaycan anaların dilidir.