Dağlıq Qarabağ BMT-də müzakirə olunacaq
Bu günlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar qısa müddətə olaraq dayandırılsa da, onun ətrafında gedən müzakirələr davam etməkdədir. Bu mövzu həm beynəlxalq təşkilatların, həm də münaqişə ilə əlaqədar ayrı-ayrı dövlətlərin rəsmiləri tərəfindən verilən bəyanatlarda da öz əksini tapmaqdadır.
Belə ki, bir müddət bundan öncə Madrid prinsiplərinin Minsk Qrupu həmsədrləri tərəfindən irəli sürülən yeni variantı əsasında münaqişənin həlli prosesi prioritet məsələ olaraq qalmaqdadır. Problemin bu sənəd əsasında həll olunması isə münaqişənin mərhələli həll planını nəzərdə tutur ki, bunun üçün də mövqelərin yaxınlaşdırılması və ortaq qərarın qəbul olunması vacibdir. Bu məqsədlə isə Minsk Qrupu çalışır və gələn görüşədək irəliləyişin əldə olunmasının mümkünlüyünü nəzərdən keçirir.
Yuxarıda qeyd etdiyimiz kimi, həm münaqişə tərəfləri, həm də son zamanlar müxtəlif dövlətlər tərəfindən münaqişə ilə bağlı müxtəlif səviyyələrdə bəyanatlar verilir. Bu sıradan Türkiyə dövlətinin xarici işlər naziri Əhməd Davudoğlunun verdiyi bəyanatı qeyd etmək lazımdır. O bildirib ki, Türkiyə hökuməti münaqişənin həlli üçün Ermənistan tərəfinin tutduğu mövqenin qətiyyətləşdirilməsinin tərəfdarıdır. Türkiyənin münaqişənin həlli yolunda göstərdiyi mövqe hamıya bəllidir. Artıq bir ilə yaxındır ki, Türkiyə dövləti münaqişənin həlli ilə yaxından və fəal şəkildə məşğul olur. Tərəflərin mənafelərinin uzlaşdırılması yönündə onun gördüyü işləri danmaq olmaz. İstər strateji tərəfdaş kimi, istərsə də qardaş bir ölkə kimi Türkiyə hər zaman Azərbaycanın mövqeyini müdafiə edir, onun ərazi bütövlüyünün təmin olunmasın vacib sayır.
ATƏT-in Minsk Qrupunun bu yaxınlarda keçirilən işçi görüşündə də Dağlıq Qarabağ müzakirə mövzusu olmuşdur. Həmsədrlər də belə hesab edirlər ki, münaqişənin həllində razılığa gəlinməyən yeganə məsələ Qarabağın statusu məsələsidir. Yalnız status məsələsi həll olunduqdan sonra münaqişənin həllində hansısa bir sənədin imzalanmasından söhbət gedə bilər.
Bundan əlavə, Dağlıq Qarabağ münaqişəsi BMT Baş Assambleyasında da müzakirə olunacaq. Belə ki, Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətlə bağlı məsələ BMT Baş Assambleyasında sentyabrın 23-dən 30-dək keçiriləcək 64-cü sessiyasında müzakirə olunacaq. BMT Baş Assambleyasının rəsmi saytında bildirilir ki, sessiyanın gündəliyinə GUAM ərazilərində dondurulmuş münaqişələr, onların regiondakı təhlükəsizliyə təsiri, Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətlə bağlı müzakirələr daxil edilib. Xatırladaq ki, bu məsələlər BMT Baş Assambleyasının 63-cü sessiyanın gündəliyinə daxil edilsə də, sonradan növbəti sessiyada müzakirəsi barədə qərar qəbul olunub. BMT Baş Assambleyasının baş tutacaq 64-cü sessiyasında Dağlıq Qarabağ münaqişəsinə dair iki məsələ müzakirə olunacaq - "GUAM ərazisində uzun sürən münaqişələr və onların dünyada sülhə, təhlükəsizliyə və inkişafa təsirləri" və "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət". Təşkilatın informasiya mərkəzinin məlumatına əsasən, bu məsələlərə Baş Assambleyanın 63-cü sessiyasında baxılmayıb və bu sessiyanın gündəliyində qalır.
Azərbaycan hökumətinin isə bu məsələ ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Belə ki, ölkə başçısının da dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsinədə öz həllini tapa bilər.