PDF Oxu

Əsas

  • 11

Konqressmen Bill Şuster: “907-ci düzəliş üzrə məlumatlandırma prosesi davam etdirilməlidir”

Konqressmen Bill Şuster: “907-ci düzəliş üzrə məlumatlandırma prosesi davam etdirilməlidir”
Azadlığa Dəstək Aktına 907-ci düzəlişin aradan qaldırılması səylərinin irəliləməsi üçün Konqresdə Azərbaycan üzrə işçi qrupu üzvlərinin sayı 100-120 nəfərə çatdırılmalıdır. Qrupun həmsədri konqresmen Bill Şuster belə fikirdədir. Pensilvaniyalı qanunverici işçi qrupunun fəaliyyəti barədə ABŞ-Azərbaycan Ticarət Palatasının Vaşinqtonda təşkil etdiyi brifinqdə ətraflı məlumat verib.
 O vurğulayıb ki, 907-ci düzəlişlə bağlı Konqres üzvləri arasında məlumatlandırma prosesinin davam etdirilməsi vacibdir. Birləşmiş Ştatlarla ən çətin anlarda strateji tərəfdaşlıq edən Azərbaycan ilə enerji, təhlükəsizlik, sabitlik üzrə maraq birliyinin şahidi olan Konqres üzvləri 907-ci düzəlişin aradan qaldırılması barədə təşəbbüsə qoşulmağa daha çox meyil edəcəklər. ABŞ paytaxtının nüfuzlu siyasi və biznes dairələrinin nümayəndələri qarşısında çıxış edən Bill Şuster Azərbaycanın strateji cəhətdən çox əlverişli mövqedə yerləşməsinin və təbii ehtiyatlarının qlobal təhlükəsizlikdə əhəmiyyətini xüsusi qeyd edib. Konqresmen diqqətə çatdırıb ki, 2008-ci ilin yanvar ayında bir qrup həmkarı ilə Azərbaycana səfəri onun ölkəmiz haqqında təsəvvürünü tamamilə dəyişib. Şahidi olduğu sürətli inkişaf və islahatlarla yanaşı, dövlətimizin başçısı İlham Əliyevlə görüşərək onun uzaqgörən siyasi baxışlarını özündən eşitmək cənab Şusteri əmin edib ki, Azərbaycan yalnız enerji ölkəsi olmaqla kifayətlənmir. Neft gəlirləri hesabına iqtisadiyyatını şaxələndirir, elm, təhsil, mədəniyyət sahəsini və digər sahələri inkişaf etdirmək istiqamətində inamla irəliləyir. Konqresmen Şuster bildirib ki, ABŞ-Azərbaycan münasibətlərinin mühüm cəhətlərindən biri də demokratiya quruculuğudur. Bu isə, uzun və mürəkkəb prosesdir: "Amerikalılar çox vaxt unudurlar ki, biz, bu gün əldə etdiyimizə 230 il ərzində nail olmuşuq. Mən həmkarlarımla söhbət edəndə, deyirəm ki, Azərbaycanda hər şey ideal deyildir. Lakin inanıram ki, Azərbaycan demokratiya quruculuğunu addımba-addım davam etdirəcəkdir".
Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyevə sıx əməkdaşlığın inkişaf etdirilməsi səylərinə görə minnətdarlığını bildirən Konqresmen Şuster mübadilə proqramlarının zəruriliyinə də toxunub. O bildirib ki, hazırda təmsil etdiyi Pensilvaniya ştatı ilə Azərbaycan arasında təhsil mübadiləsi proqramları və ticarət əlaqələrinin genişləndirilməsi üzrə iş aparılır.

Digər xəbərlər