Dünya Bankı Azərbaycana 175 milyon dollar faizsiz kredit ayırdı
Bu gün Nəqliyyat Nazirliyində Dünya Bankı ilə Azərbaycan hökuməti arasında kredit sazişi imzalanıb. Kredit sazişi "Azərbaycan magistral avtomobil yolu-2" layihəsinin ikinci əlavə maliyyələşdirilməsini nəzərdə tutur. Layihənin ümumi dəyəri 258 milyon, bu gün imzalanan sazişin dəyəri isə 175 milyon dollardır.
Nəqliyyat Nazirliyinin katibliyinin rəisi Namiq Həsənov jurnalistlərə bildirib ki, sazişə əsasən, Hacıqabul-Bəhramtəpə yolu yenidən qurulacaq. Layihənin ümumi dəyəri 258 milyon dollardır. Bu gün imzalanan sazişin dəyəri isə 175 milyon dollardır. Sazişə əsasən, həmin vəsaitin 63 milyon dollarını Beynəlxalq İnkişaf Assosiasiyası, 112 milyon dollarını isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ödəyəcək. Kredit vəsaiti 17 il müddətinə faizsiz verilir. Namiq Həsənov bildirib ki, bu layihənin məqsədi isə regionu ölkənin əsas şəhər mərkəzləri ilə birləşdirmək və kənd təsərrüfatının inkişafına dəstək verməkdir. Onun sözlərinə görə, layihə çərçivəsində Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 116 kilometrlik hissəsi və ona birləşən 200 kilometr yerli yolların yenidən qurulması nəzərdə tutulur.
Kredit sazişini Azərbaycan tərəfdən nəqliyyat naziri Ziya Məmmədov, Dünya Bankı tərəfdən isə bu beynəlxalq maliyyə qurumunun Cənubi Qafqaz Ölkələri Bölməsinin nümayəndəsi Əsəd Ələm imzalayıb.
Qeyd edək ki, bu, Dünya Bankının Azərbaycanda maliyyələşdirdiyi yeganə layihə deyil. Dünya Banki ilə Azərbaycan arasında uzun illərdir əməkdaşlıq davam edir. Bank ölkəmizdə bir sıra sosial və iqtisadi layihələri maliyyələşdirib. Bu məqsədlə Azərbaycana böyük həcmdə kreditlər ayrılıb və bu iş davam edir.
Dünyada maliyyə və iqtisadi böhranın davam etməsi dünya maliyyə institutlarının bir çox ölkələrə kredit və investisiya ayırmasını təxirə salıb. Azərbaycanda isə, etibarlı investisiya mühiti və kredit öhdəliklərinin vaxtında yerinə yetirlməsi kimi amillər ölkəmizin dünya maliyyə institutları ilə əməkdaşlığını daha da genişləndirir.
Dünya Bankının Azərbaycan uzunmüddətli və fazisiz kredit verməsi isə, ölkəmizin qazandığı yüksək imic sayəsində mümkün olub. Ölkənin öz maliyyə ehtiyatlarından istifadə edən hökumət, xarici kreditlər sayəsində də böyük layihələrin həyata keçirilməsini təmin edir. Bu isə, öz növbəsində, ölkədə infrastrukturun müasirləşdirilməsinə imkan yaradır ki, xarici investorları cəlb edən əsas faktorlardan biri də budur. Beləliklə, Azərbaycan möhkəm iqtisadi və sosial layihələri beynəlxalq maliyyə təşkilatları ilə birlikdə davam etdirir. Yaxın illərdə bunun bəhrələri daha aydın görünəcək.