“Xalq diplomatiyası” Dağlıq Qarabağ münaqişəsinin həllinə necə kömək edə bilər?
Məlum olduğu kimi, "Xalq diplomatiyası" çərçivəsində bir qrup ziyalı Azərbaycanın və Ermənistanın Rusiyadakı səfirlərinin təşkilatçılığı ilə Dağlıq Qarabağa səfər etdilər. İndi isə bir qrup Azərbaycan jurnalisti Xankəndinə səfər etməyi planlaşdırır. Dağlıq Qarabağa bu cür səfərləri necə qiymətləndirirsiniz və bu kimi səfərlər münaqişənin həllinə necə kömək edə bilər? Bu məsələyə aydınlıq gətirmək üçün tarix elmləri doktoru və professor Musa Qasımlıya müraciət etdik.
-"Xalq diplomatiyası" artıq uzun illərdir ki, fəaliyyət göstərir. İstər münasibətləri yaxşı olan, istərsə də aralarında münaqişə olan ölkələr arasında sözügedən bu "xalq diplomatiyası" fəaliyyət göstərir. Dağlıq Qarabağ münaqişəsi onsuz da gec-tez həll olunmalıdır. Bu münaqişənin tezliklə həll olunmasına kömək edən ən cüzi imkanlardan maksimal tərzdə istifadə edilməsinə müsbət baxıram. Hesab edirəm ki, bu münaqişənin həllindən ötrü bir sıra imkanlardan istifadə səyləri artırılmalıdır. "Xalq diplomatiyası" çərçivəsində Dağlıq Qarabağ məsələsinin həll edilməsi ilə bağlı ziyalıların və jurnalistlərin belə səfərlərinin artırılmasında fayda var. Əgər ziyalıların, jurnalistlərin "xalq diplomatiyası" adlandırılan səfərləri bu problemin həllinə kiçicik də olsa xeyir verəcəksə və bu iki ölkə arasında olan münasibətləri yumşaldacaqsa, ictimai rəyin dəyişilməsinə təsir edəcəksə, bu, müsbət bir haldır. Fikrimcə, belə qarşılıqlı səfərlərin edilməsi yalnız fayda gətirə bilər.