PDF Oxu

Əsas

  • 12

Təbii qazın dünya energetika sistemində önəmi artır

Təbii qazın dünya energetika sistemində önəmi artır
Son vaxtlar dünyada enerji mənbələri uğrunda mübarizə daha geniş vüsət alıb. Enerjiyə, əsasən də, neftə və qaza ən çox ehtiyacın olduğu bölgə də Avropadır. Bir müddət öncə, Avropa özünün əsas yanacaq növlərindən sayılan təbii qaza olan tələbatının ödənilməsi istiqamətində mühüm addım atdı. Bu addım uzun illərdir layihəsi ətrafında çoxsaylı müzakirələr aparılan "Nabucco"nun həyata vəsiqə almasından ibarətdir.
Xəzərin və Orta Asiyanın qaz ehtiyatlarının çoxluğu Avropanın bu bölgəyə marağını daha da artırıb. Burada, təbii ki, Avropanın Rusiyadan qaz asılılığından qurtulması istəyinin də mühüm rolu var. Avropa son illərdə baş verən hadisələrdən savayı alternativ enerji mənbələrinin axtarışı və bu ehtiyatların Qərbə nəql olunma imkanlarını araşdırır. Lakin uzun illərdir ki, irəli sürülmüş yeni qaz kəməri layihəsi müxtəlif səbəblər üzündən reallaşdırıla bilmirdi. Nəhayət, "Köhnə Qitə"də bu kəmərin əhəmiyyətini tamamilə anladılar və bu istiqamətdə səylər artırılaraq "Nabucco" layihəsinin reallaşdırılması üçün əməli fəaliyyətə keçildi.
Məlum olduğu kimi, iyulun 13-də Türkiyənin paytaxtı Ankaradakı "Rixos" hotelində "Nabucco" layihəsinə dair hökumətlərarası saziş imzalanıb. Sazişə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, Rumıniyanın baş naziri Qordon Baynayi, Bolqarıstanın baş naziri Sergey Stanişev, Avstriyanın baş naziri Verner Fayman və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan imza atdılar.
Bununla da, "Nabucco" layihəsinin həyata keçirilməsinin hüquqi bazası yaradıldı. Avropanın enerji təhlükəsizliyi üçün olduqca əhəmiyyət kəsb edən və dünyanın 20 ölkəsinin energetika nazirlərinin iştirakı ilə keçirilən "Nabucco" layihəsinə dair hökumətlərarası sazişin imzalanması mərasimində ölkəmizi sənaye və energetika naziri Natiq Əliyev təmsil edirdi.
XXI əsrin ən böyük "mavi yanacaq" layihələrindən sayılan "Nabucco" ideyası, heç də təsadüfdən yaranmayıb. Bu ideyanın ən başlıca səbəbi Avropanın təbii qaza tələbatının getdikcə artması ilə bağlıdır. Mütəxəssislərin qənaətinə görə, yaxın 20 il ərzində "köhnə qitənin" qaza olan illik tələbatı təqribən 600 milyard kubmetrə çatacaq.
Məlum olduğu kimi, hazırda Avropa ölkələri bu tələbatın xeyli hissəsini Rusiyadan aldığı "mavi yanacaq" hesabına ödəyir. Bununla belə, son illər tez-tez müşahidə edilən Rusiya-Ukrayna "qaz savaşı" Avropa ölkələrinə təbii qazın ixracında müəyyən fasilələrə gətirib çıxarır.
Xüsusən də, soyuq qış dövründə müşahidə edilən bu hal Avropada böyük problemlərə və narahatlıqlara səbəb olur. Məhz buna görə də Avropa ölkələri uzun illər idi ki, alternativ qaz mənbələrinin axtarışında idilər. Digər tərəfdən də, mövcud nəql marşrutları Avropaya lazımi qaz ehtiyatlarını tam daşımaq iqtidarında deyildi.
Ona görə də Avropa ölkələri xeyli vaxt idi ki, alternativ nəql marşrutlarının yaradılmasına, xüsusən də, Rusiyadan yan keçən qaz kəmərinin çəkilişinə çalışırdılar. Artıq Avropada yeni qaz mənbələrinin axtarışı, alternativ nəql marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırmalar, tədqiqatlar müsbət nəticələr verməyə başlamışdı. Hər şeydən öncə, qeyd etmək lazımdır ki, Avropa özünün yeni təbii qaz mənbəyini tapmışdır. Bu, Misir, İraq, İran-Azərbaycan və Xəzərin sağ sahilində yerləşən Türkmənistan və Qazaxıstanın qaz yataqlarıdır.
Digər tərəfdən "mavi yanacağa" xüsusilə kəskin ehtiyac duyan Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan və Türkiyə almaq istədikləri bu qazın idxalı üçün yeni nəql marşrutunun da, necə deyərlər, cizgisini çəkmişdilər. Bu, Rusiyadan yan keçməklə Türkiyə ərazisindən Avropayadək uzanan "Nabucco" boru kəmərinin layihəsi üçün qaralama idi.
Kəmərin çəkilişinə Türkiyədən başlanması heç də təsadüfi deyil. Çünki Türkiyənin qazpaylayıcı şəbəkəsi Avropada ən nəhəng sistemdir və buradan kifayət qədər "mavi yanacaq" qəbul edib Avropaya ötürmək mümkündür. Bununla yanaşı, hazırda Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verən Azərbaycanın "Şahdəniz" yatağından çıxarılan təbii qaz da Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə ixrac olunur. Xatırladaq ki, adı çəkilən kəmərin illik nəql gücü təqribən 20 milyard kubmetrdir.
Yaxın illərdə Avropanın təbii qazla təminatında mühüm vasitəyə çevriləcək "Nabucco" kəmərinin uzunluğu 3300 kilometr təşkil edəcək. Kəmərin diametri isə 1,5 metrə yaxın olacaq. Kəmər Türkiyə ərazisində 2000, Bolqarıstanda 400, Rumıniyada 460, Macarıstanda 390, Avstriyada isə 46 kilometr məsafədən keçəcək. Tikinti işlərinə 2011-ci ildə başlanması planlaşdırılır.
Son hesablamalara görə, layihənin reallaşdırılmasına 8 milyard avro xərclənəcək. Xatırladaq ki, "Nabucco" layihəsinin icraçı direktoru Reynhard Mitçek bu il fevralın 4-də Ankarada keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, cari ilin sonunadək bütün maliyyə məsələləri həll olunacaq. Sözügedən tədbirdə R.Metçek onu da bildirmişdi ki, Avropa Komissiyası bu layihəni hər cür dəstəkləməyə hazırdır və bunun üçün ilkin mərhələdə 250 milyon avro vəsait də ayrılıb. Ankarada "Nabucco" layihəsinə dair hökumətlərarası sazişin imzalanması mərasimində də bir daha bəyan edildi ki, dünyadakı iqtisadi böhrana baxmayaraq, Avropa Birliyi "Nabucco" layihəsini tam şəkildə dəstəkləyəcək.
Ekspertlərin qənaətinə görə, artıq çox güclü dəstək qazanmış "Nabucco" layihəsinin maliyyələşdirilməsi ilə bağlı heç bir çətinlik gözlənilmir. Çünki layihənin rentabelliyi heç kəsdə şübhə doğurmur. Artıq "köhnə qitə"nin təbii qaza olan tələbatının ödənilməsində mühüm rol oynayacaq "Nabucco" layihəsi Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu bir maliyyə qurumunun tam dəstəyini və etimadını qazana bilib. Layihənin maliyyələşdirilməsi prosesinə gəldikdə isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə tətbiq olunan mexanizmdən burada da istifadə edilməsi gözləniləndir. Yəni, tikinti xərclərinin 30 faizini layihənin iştirakçısı olan şirkətlər, yerdə qalan 70 faizini isə beynəlxalq maliyyə qurumları ödəyə bilər.
Kəmərin inşası nəzərdə tutulduğu vaxtda sona çatdırılsa, 2014-cü ildə boru xətti ilə ilk qazın nəqlinə başlamaq mümkün olacaq. Xatırladaq ki, ilkin mərhələdə kəmərlə ildə 8-10 milyard kubmetr qazın nəqli nəzərdə tutulur. Layihənin operatoru olan OMV şirkəti bu həcmi 30-31 milyard kubmetrə çatdırmağı planlaşdırır.
Yeri gəlmişkən, artıq kəməri işlətmək üçün kifayət qədər ehtiyatın olması da şübhə doğurmur. Məlum olduğu kimi, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ötən həftənin cümə günü hökumətin geniş tərkibli iclasında türkmən qazının Rusiyadan yan keçən "Nabucco" kəməri vasitəsilə Avropaya nəqlinə etiraz etmədiyini bildirib.
Bundan əlavə, İraq da "Nabucco" boru xəttinə ildə 15 milyard kubmetr təbii qaz verəcəyini bəyan edib. Gələcəkdə isə digər dövlətlərin də öz qaz ehtiyatlarını bu kəmərlə Avropaya nəqlinə maraq göstərəcəklərini güman etmək olar. Elə Ankarada keçirilən imzalanma mərasimində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da bu məqama toxunaraq deyib ki, biz Azərbaycan Türkmənistan, Misir qazının, habelə, gələcəkdə Rusiya qazının da "Nabucco" kəməri ilə nəql olunacağına inanırıq. Bütün bunlar isə "Nabucco"nun işlək bir layihə olacağına yüksək təminatdır.
Artıq heç kimdə şübhə yoxdur ki, energetika sahəsində əməkdaşlığın yeni mərhələsi sayılan "Nabucco" layihəsinin son dərəcə böyük siyasi və iqtisadi əhəmiyyəti var. Layihənin reallaşdırılması regionda siyasi sabitliyin təminatına mühüm töhfə verməklə yanaşı, iştirakçı ölkələrə çox böyük iqtisadi fayda gətirəcək.
Belə ki, hər şeydən öncə, təchizatçı ölkələr qaz ehtiyatlarını Avropa bazarına çıxarmaq üçün daha geniş imkan əldə edəcək, tranzit dövlətlər isə qazın nəqlinə görə yüksək mənfəət qazanacaqlar. Digər tərəfdən də, Avropa ölkələri özlərinin enerji təhlükəsizliyinin təminatı sahəsində mühüm imkan əldə edəcəklər. Başqa sözlə, bu layihə ixracatçı ölkələr üçün olduğu qədər də Avropa üçün mühüm əhəmiyyətə malikdir.

Digər xəbərlər