“907-ci düzəliş” bu il də qüvvədə qalacaq
Məlum olduğu kimi, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan "907-ci düzəliş"in müvəqqəti dayandırılmasına baxmayaraq, hələ də qüvvədədəir. Bununla bağlı müxtəlif vaxtlarda keçirilən Konqresin iclaslarında fikirlər söylənilsə və düzəlişin ləğv olunması ilə bağlı mübarizə aparılsa da, bu, hələ ki, öz nəticəsini verməyib.
Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğalı" və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə senator Con Makkeyn tərəfindən təklif edilmişdir, ancaq daha sonra naməlum səbəblərə görə qeri qaytarılmışdır. Bundan sonra, yenidən, senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Ueyn Ouens tərəfindən Konqresdə irəli sürülmüşdür. Senator Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etmişdir. Lakin bütün bunlara baxmayaraq, düzəliş, erməni lobbisinin güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilmişdir. ABŞ vitse-prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış etmişdir. 1997-2000-ci illər ərzində Klinton administrasiyası Konqresin "907-ci düzəliş"i ləğv etməsi üçün dəfələrlə cəhd edib. Qərarın ləğv edilməsi ilə bağlı Bill Klintonun prezidentliyi dövründə müxtəlif cəhdlər edilsə də, bunun heç bir nəticəsi olmamışdır. Bunu əngəlləyən isə Konqresdə olan erməni lobbisi ilə yanaşı ABŞ-da olan erməni lobbi təşkilatları da mühüm rol oynamışlar.
2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdir.
Bir müddət bundan öncə isə ABŞ Konqresinin Alt Komitəsi bu düzəlişlə bağlı növbəti qərarını verib. Qərar artıq məlum olduğu kimi, 2009-cu ildə də "907-ci düzəliş"i qüvvədə saxlayır. ABŞ Konqresinin xarici maliyyələşmə üzrə Alt Komitəsi "907-ci düzəliş"in qüvvədə saxlanılmasına dair qərar verib. Deməli, ABŞ hökumətinin Azərbaycana rəsmən maliyyə yardımı ayırmasına qadağa qoyan bu düzəliş qüvvədə qalacaq. Müvafiq qərar 2010-cu il üçün nəzərdə tutulan yardımın həcmi ilə bağlı müzakirələr zamanı qəbul olunub. Qərarın qəbulu zamanı son zamanlar cəbhə xəttində atəşkəs rejiminin pozulması ilə bağlı çoxsaylı hallar nəzərə alınıb.
Lakin buna etiraz olaraq ABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupu bu düzəlişi ləğv etmək üçün müxtəlif təkliflər irəli sürüb. Bunu işçi qrupun üzvləri də təsdiq edir. Erməni lobbisinin ABŞ Konqresində çox dərin köklərə malik olması düzəlişin ləğv edilməsi üçün görülən işlərin nəticəsiz qalmasına şərait yaradır.
ABŞ hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son dövrlərdə göstərdiyi fəal mövqe hamıya məlumdur. Lakin bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, Azərbaycana qarşı "907-ci düzəliş"in mövcud olduğu bir vaxtda ABŞ tərəfindən Ermənistana və Dağlıq Qarabağa külli miqdarda maliyyə yardımı ayırmaqda davam edir. Belə bir ayrı-seçkiliyin olduğu bir vaxtda münaqişənin həllində hansı irəliləyişdən danışmaq olar. Regionda ən ağır vəziyyətdə olan Ermənistan üçün belə bir yardımın ayrılması onun mövcudluğu üçün çox böyük şans yaratmış olur. Belə bir hal təkcə ABŞ tərəfindən deyil, eyni zamanda, digər ölkələr tərəfindən də müşahidə olunur. Belə ki, artıq məlum olduğu kimi, illərdir Dağlıq Qarabağ ərazisində müxtəlif dövlətlərin şirkələri qeyri-qanuni olaraq fəaliyyət göstərirlər. Bununla bağlı müxtəlif beynəlxalq qurumlara müraciət olunsa da, bu, heç bir nəticə verməyib. Bu da Azərbaycana qarşı olan ikili standartların mövcud olmasını bir daha sübut etmiş olur.