Prezidentlərin sentyabrın sonu və ya oktyabrın əvvələrində növbəti görüşü gözlənilir
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşü ilə əlaqədar bəyanat yayıblar. Bəyanatda deyilir ki, iyulun 17-də keçirilmiş görüşdə prezidentlər təkbətək müzakirələr aparıblar. Danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa), ABŞ dövlət katibi müavininin köməkçisi Mətyu Brayzənin və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə aparılıb. İyulun 18-də isə danışıqlarda Rusiya Prezidenti Dmitri Medvedev də iştirak edib. Görüşdə tərəflərə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Əsas prinsiplərin hələ də razılaşdırılmamış bəzi elementlərini müzakirə etməyə şərait yaradılıb. Həmsədrlər hər iki prezidentə bildiriblər ki, onlar iyul ayının sonunda Polşanın Krakov şəhərində işçi iclası keçirəcəklər. Bu görüşün məqsədi prezidentlər Barak Obama, Dmitri Medvedev və Nikola Sarkozinin "L"aquila bəyannamələrinə" uyğun olaraq, Madrid sənədinin yenilənmiş versiyasını hazırlamaqdır. Sənəddə o da bildirilir ki, sentyabrın sonu və ya oktyabrın əvvəllərində Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünü razılaşdırmaq üçün həmsədrlər sentyabr ayında regiona səfər etmək niyyətindədirlər.