Yola saldığımız minilliyin ən böyük kəşflərindən biri də çap üsulunun- "Qutenberq erası"nın meydana gəlməsi hesab edilir. Çap maşınının ixtirası bəşəriyyəti yeni sivilizasiyaya apardı. İnsanın tirajlanmış sözə, informasiyaya ehtiyacı özünü çox tez büruzə verdi və bəşər tarixində media epoxası başladı. İndi insanlar geniş informasiya mənbələrinə yaxın olmaq, cəmiyyətdə baş verənlər haqda operativ və obyektiv məlumat almaq, elmi, texniki, siyasi, iqtisadi və digər sahələrdə gedən prosesləri izləmək məcburiyyətindədir.
Dünya jurnalistikası və informasiya sektoru hazırda yüksəliş dövrü keçirir və bu proses Azərbaycana da sirayət edir. Azərbaycan dünya ölkələri arasında mətbuatın yaranma tarixi və inkişafına görə ön yerlərdən birini tutur. Ona görə də, istərdim ki, öncə Azərbaycanın mətbuat tarixinə qısa bir səyahət edək.
"Əkinçi"nin səpdiyi toxumlar
Milli mətbuatımızın tarixi 1875-ci ildən - Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə başladı. Bu hadisə bir çox dünya ölkələrində hələ mətbuatın olmadığı bir vaxtda baş verdi. Anadilli mətbuatımızın əsasını qoyan böyük maarifçi-demokrat Həsən bəy Zərdabinin yaratdığı qəzet o dövr üçün böyük hadisə idi. "Əkinçi"yə qədər də bir neçə dəfə Bakıda milli qəzetin açılmasına təşəbbüslər olmuşdu. Yalnız Həsən bəy Zərdabi sübut etdi ki, milli dildə qəzet çıxarmaq mümkündür.
M.Ə.Rəsulzadə 1952-ci ildə "Azərbaycan" jurnalında yazırdı ki, Zərdabi əkdiyi toxumun səmərəsini görən əkinçi kimi vəfat etdi. Digər tərəfdən, "Əkinçi" Əskərağa Gorani, Nəcəfbəy Vəzirov, Şirvani və Sabir kimi nəhəngləri öz ətrafında toplaya bildi ki, bu da milli mətbuatın səviyyəsinin artmasına səbəb oldu. Sivil cəmiyyəti, milli mədəniyyəti artıq mətbuatsız təsəvvür etməyin mümkün olmadığı bir dövr başlamışdı.
Təsadüfi deyil ki, Zərdabi özü "Kəşkül" qəzeti ilə "Şərqi-Rus" arasında keçən 13 ili- mətbuatsız keçən dövrü Azərbaycan cəmiyyətinin qaranlıq dövrü adlandırmışdı. Azərbaycanın maarifçi-demokrat jurnalistləri, xüsusilə, milli problemlərin mətbuatda qoyulması zamanı ciddi təzyiqlərlə üzləşsələr də, onlar geri çəkilməyiblər.
İlk dövrlər azərbaycançılıq və maarifçilik ideyalarının ifadəsi mühüm mərhələ təşkil edirdi. M.Şahtaxtlının "Şərqi-Rus"u, Ə.Hüseynzadə, Ə.Ağaoğlunun "Həyat" qəzeti məhz azərbaycançılıq ideyalarının genişlənməsi, təbliği, aydınlaşdırılması məqsədilə yaradılmışdı. Lakin bu mətbuat orqanları xalq tribunasına çevrilə bilmədilər. Bu missiyanı öz üzərinə "Molla Nəsrəddin" jurnalı götürdü.
"Molla Nəsrəddin"in xalq tribunası
Azərbaycan mətbuatının qürurverici tarixi nəşrlərindən biri də ideyaları və onların gerçəkləşmə üsulları heç vaxt köhnəlməyən "Molla Nəsrəddin" jurnalıdır. Öz sələfləri kimi "Molla Nəsrəddin"in redaktoru da ədəbi və publisist yaradıcılığı "əsrin aynası", demokratiya uğrunda mübarizədə kəskin silah, kütlələr arasında təbliğatın qüdrətli vasitəsi hesab edir, jurnalını məhz belə bir silaha çevirmək üçün var qüvvəsini əsirgəmirdi.
Mirzə Cəlilin əsas qayəsi azərbaycanlını öz xalqına, millətinə, keçmişinə, ənənələrinə sədaqətli tərbiyə etmək, milləti müasir dünyaya uyğun ölçülər səviyyəsində görmək idi. "Molla Nəsrəddin" bu amallar uğrunda mübarizə fonunda yaranmışdı...
Jurnalın yazıları bütöv bir millətin başına açılan oyunların, əzab-əziyyətlərin, haqsızlıqların satirik ifadəsi idi.
...İrəvan qubernatoru on dörd il ki, bu mənsəbdədir, hər il on müsəlmanı qulluqdan kənar edir.
- Bu müddətdə qubernator neçə müsəlman çıxardıb?
...Müsəlman uşağı dörd il rus dərsi oxuyub evinə qayıdanda anası ilə rusca danışır.
- Bu hesabla həmin cavan 14 il oxuyandan sonra nə dildə danışacaq?"
Bəzilərinin "bari pərvərdigara, sən məni şeytandan saxla" deyib, bütün nöqsanların, eybəcərliklərin səbəbini şeytanda axtarması "Şeytandan məktub" felyetonunda çox maraqlı şəkildə ifşa edilir.
Şeytanın dili ilə verilən bu məktubda şeytan müsəlmanların öz bəd əməllərini onun adına yazmalarından şikayət edir: "Guya ki, mən demişəm onlara adam öldürünüz! Yaxşı iş tutmuyunuz! Məktəb açmıyınız! İttifaq etməyiniz. Və mənə lənət edirlər". Şeytan yazır: "Mən on ildir ki, müsəlman vilayətlərindən çıxmışam, çünki sizdə müsəlmanların öz aralarında çox şeytan var.
O işlər ki, mən gərək onlara dəlalət edəm, o işi onlar özləri edirlər. Hər cürə pis işlər ki, müsəlmanlar tuturlar, qiyamət günündə Tanrı divanında cavabdeh özləridir, hərgah desələr, pərvərdigara, bizi şeytan aldatdı, onda mən də ərz edəcəyəm ki, ey adil Tanrı, vallah, yalan deyirlər, heç bunların pis işindən xəbərim yoxdur, vallah, xəbərim yoxdur, billah, xəbərim yoxdur"...
Mətbuatın əsas problemləri
Print media cəmiyyətdə və informasiya bazarında öz mövqelərini getdikcə daha çox itirir. Reklam bazarının da yoxluğunu buraya əlavə etsək, maddi müstəqilliyin nə üçün mümkün olmadığını anlamaq olar. Artıq print media rentabelli fəaliyyət imkanlarından mərhum və sponsora möhtac duruma gətirilib.
Son vaxtlar qəzet oxuma meyilinin xeyli azalması faktdır. Buna müxtəlif faktorlar təsir göstərir: elektron medianın, internet saytlarının artması, mütamadi olaraq, qəzet almaq üçün çox adamın maddi imkanının çatmaması, ölkəmizdə çıxan saysız qəzetlərin mövzu monotonluğundan oxucuların bezməsi, operativlikdə elektron mediadan geri qalması, bəzi KİV-lərin cəmiyyətə yox, müxtəlif qərəzli məqsədlərə xidmət etməsi və s.
Bütün bunlar onu deməyə əsas verir ki, cəmiyyət artıq bu tendensiyanı həzm edə bilmir. Bu, özünü tirajlarda büruzə verir. Deməli, insanlarda əsil mətbuata ehtiyac var. Sözün əsil mənasında, müstəqil, qərəzsiz, obyektiv və həyatın bütün sahələrini, reallıqlarını özündə əks etdirən mətbuata.
Jurnalistika və mətbuat adına ləkə gətirən hallara qarşı bütün cəmiyyət, o cümlədən, jurnalistlər özləri mübarizə aparmalıdır. Azərbaycanda 3000-dən artıq mətbu orqanın qeydiyyatdan keçməsini əsas gətirib azad mətbuata və azad sözə ilkin şəraitin yarandığını söyləmək olar. Amma bu, milli mətbuatın əsas problemlərinin həllində heç də ən vacib faktor deyil.
Mətbuat Şurası və digər jurnalist təşkilatlarının səlahiyyətlərinin azlığı və fəaliyyətinin zəifliyi, ölkə mətbuatının inkişafı haqda demokratik tənzimlənmə mexanizminin olmaması və s. amillər hamımızı mətbuatın gələcəyi haqda ciddi düşünməyə vadar edir. Ümid etmək olar ki, Prezident yanında KİV-lərin inkişafına yardım fondu tərəfindən ayrılmış 1,3 milyon manat vəsait mətbuatın inkişafın yardım göstərəcək. Artıq bu məqsədlə mətbuat orqanları arasında müsabiqə keçirilir və qalib gələn layihələrə vəsaitlərin ayrılması nəzərdə tutulur.
Mətbuatın tipoloji təsnifatı
Bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzeti ilə qoyulan və XIX əsri cəmi bir neçə qəzet-jurnalla başa vuran milli mətbuatımız bu gün 3000-dən artıq mətbu orqanın timsalında yaşamaqdadır. Say və tiraj müqayisəolunmazdır. Bəs peşəkarlıq və oxucu qiyməti necə? Gəlin bu suala birlikdə cavab axtaraq. Fikrimcə, bu gün ölkəmizdə fəaliyyət göstərən mətbuat vasitələrini şərti olaraq 5 qrupa bölmək olar:
1. Bu qrupa hələ də köhnə stereotiplərdən azad ola bilməyən, şablon sovet "jurnalistikası"nın artıq köhnəlmiş metodlarından istifadə edərək, şit mədhiyyələrlə və reketçiliklə məşğul olan qəzetlərdir.
Adları bir oxucuya belə məlum olmayan, ildə 1 və ya 2 dəfə bir neçə yüz tirajla çap olunan, 4-8 səhifədən ibarət bu "qəzet"lərin ön səhifəsində mütləq ulu öndər Heydər Əliyevin və ya Prezident İlham Əliyevin iri planda şəkli və onun fəaliyyəti haqda çox zəif yazılmış baş məqalə, o cümlədən, bir neçə müxtəlif imkanlı təşkilatlar və ya vəzifəli şəxslər haqda yazılmış mədhiyyələr. Qəzetin 5 nəfər tərəfindən belə oxunmadığını çox gözəl bilsələr də, bu, onlara qapı-qapı düşüb pul dilənməyə mane olmur.
2. İkinci tipə aid planlar müxtəlif siyasi, iqtisadi, dini və s. məqsədlərə xidmət edən, hər şeyə öz prizmasından baxan, cəmiyyətdə özlərinə sərf edən ictimai rəy formalaşdırmaq üzrə ixtisaslaşan "peşəkar" qəzetlərdir.
Müxtəlif qurumlar, vəzifəli adamlar tərəfindən maliyyəşdirilən, onların mənafelərinə xidmət edən bu qəzetlərdə adətən peşəkar jurnalistlər işə cəlb olunur. Bu qəzetlər cəmiyyətdə ucuz sensasiya yaratmağa, maliyyələşdikləri orqanların və şəxslərin reytinqini qaldırmaq, onların rəqiblərini isə qara piar kampaniyası vasitəsilə ləkələmək kimi metodlardan istifadə edirlər.
Özlərini müstəqil adlandıran belə qəzetlər ağa qara deməkdən, həqiqəti təhrif etməkdən, yalana doğru donu geyindirməkdən çəkinmirlər. Onların tirajı digər tipə aid qəzetlərdən çox olsa da, 8 milyonluq ölkə üçün çox kiçikdir. Analoji göstəricilərə malik ölkələrin heç birində bəlkə də ən nüfuzlu mətbu orqanların cəmi 5-6 min tirajla çap olunması halı yoxdur.
3-cü tipə aid olanlar rəsmi dövlət mətbuat vasitələridir. Bu qəzetlər əsasən böyük formatda (A3) çıxır. Nazirliklər, dövlət komitələri və sair rəsmi qurumların orqanları olan bu qəzetlər əsasən rəsmi informasiyalar və rəsmi tədbirlərdən məlumatlar dərc edir. Belə qəzetlərin tirajı yüksək deyil və əsasən abunə yolu ilə yayımlanır.
4-cü tipə aid qəzetlər barədə isə heç danışmağa belə dəyməz. Sadəcə, onu deməyi lazım bilirəm ki, onları bütün dünyada "sarı mətbuat" adlandırırlar. Bu qəzetlər konkret auditoriyaya ünvanlanır və onları media kimi qəbul etmək mümkün deyil.
5-ci tip qəzetlərin sayı barmaqla sayılacaq qədər azdır. Bunlar yalnız oxucunun maraqlarına xidmət edən, mümkün qədər obeyktiv olmağa çalışan, əsil peşəkarların toplaşdığı neytral mətbu orqanlardır. Bu qəzetlər də hazırkı vəziyyətdə öz mövqelərini, intelligent oxucu auditoriyasını qorumaqda çətinlik çəkir, çoxsaylı problemlərlə qarşılaşırlar. Amma cəmiyyətin məhz belə qəzetlərə ehtiyacı var.
Şərəfli peşə və müqəddəs ideallar
Jurnalistika həm şərəfli, həm də məsuliyyətli peşədir. Böyük şəxsiyyətlər müəllimləri və jurnalistləri ən müqəddəs peşə sahibləri hesab ediblər. Müəllimlər insanlara təhsil, təlim-tərbiyə verir, jurnalistlər isə maarifləndirir və məlumatlandırır. Amma bu peşə şərəfli olduğu qədər də çətindir.
Təsadüfi deyil ki, aparılan tədqiqatlara görə, dünyada minlərlə peşələr arasında jurnalistika 3-cü təhlükəli peşə hesab olunur. Bəli, jurnalistika qorxmazların, mübarizlərin, xalqa, dövlətə, vətənə, insanlığa xidmət yolunda hər cür fədakarlığa hazır olanların peşədir. Təhlükələr, təqiblər, repressiyalar, sürgünlər, fiziki və mənəvi təzyiqlər... Bunlar tarixən jurnalistlər tərəfindən könüllü olaraq seçilmiş həyat tərzi olub.
Azərbaycan mətbuatının şərəfli tarixi var. Bugünkü mətbuatımız da bu şərəfli tarixi davam etdirmək, "Əkinçi" və "Molla Nəsrəddin" məktəblərinin davamçısı olmaq, tarixi ənənəmizin bütün dünyada təbliğini həyata keçirmək iddiasını ortaya qoymalıdır.
İyulun 22-si Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdür. Peşə bayramımız münasibətilə "Səs" qəzeti adından bütün həmkarlarımızı təbrik edir, Millətimiz, Vətənimiz və Dövlətimiz uğrunda yerinə yetirdikləri müqəddəs vəzifələrində uğurlar arzu edirik. Bayramınız mübarək!