Qloballaşan iqtisadi sistemdə aqrar siyasət
Dünyanın iqisadi sistemində və istehlak bazarında baş verən dəyişikliklər, təbii ki, Azərbaycanın iqtisadiyyatına təsirsiz ötüşmür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il 22 aprel tarixdə Nazirlər Kabinetinin cari ilin brinci rübündə ölkənin sosial-iqtisadi inkişafına həsr olunmuş geniş iclasındakı çıxışında qlobal iqtasadi böhranın mövcud durumunu dəyərləndirərkən, bu məsələyə də toxunmuş və qlobal böhranın Azərbaycanın iqtisadiyyatına təsirini azaltmaq məqsədilə konkret tapşırıqlar vermişdir. Dövlət başçısının nəzər yetirdiyi əsas sahələrdən biri də ölkənin aqrar sektoru olmuşdur.
Milli Məclisin komitə sədri Eldar İbrahimov məsələ ilə bağlı açıqlamasında bildirdi ki, aqrar sahə, ələlxüsus da, kənd təsərrüfatı özünün bir sıra xüsusiyyətlərinə görə iqtisadiyyatın digər bölümlərindən fərqlənir. Bu sahənin səciyyəviliyi kənd təsərrüfatı istehsalının bir sıra obyektiv və təbii amillərdən ciddi asılılığından irəli gəlir. Torpaq və su ehtiyatlarının aşınma proseslərinin sürətlənməsi, kənd təsərrüfatı və ərzaq məhsullarına tələb-təklif nisbətinin qeyri-proporsional dəyişməsi, böhran və depressiya halları, kənd təsərrüfatında disparitetlik və s. aqrar sahə üçün əlavə çətinliklər törədir. Bütün bunlar hamısı müasir dövrdə çevik aqrar siyasətin həyata keçirilməsini tələb edir. Aqrar sektorun dayanıqlı və davamlı inkişafının təmin edilməsi, ölkənin ərzaq təhlükəsizliyi üçün etibarlı əsasların yaradılması, habelə, milli istehsalçıların dünya bazarlarında artan rəqabətlə ayaqlaşması üçün müasir aqrar siyasət aqrar sektorun qlobal bazarda rəqabətqabiliyyətli olmasına möhkəm baza yaratmalıdır.
E.İbrahimov onu da vurğuladı ki, dünya iqtisadiyyatında baş verən qloballaşmaya və qlobal istehlak bazarının konyukturasındakı dəyişmə dinamikasına uyğunlaşmaq üçün aqrar sahə üzrə həm hüquqi-normativ bazanın, həm də istehsal münasibətlərinin beynəlxalq norma və tələblərə uyğunlaşdırılması, beləliklə də, milli istehsalın rəqabətə davamlı olmasının təmin edilməsi aqrar siyasətin ən başlıca hədəfi olmalıdır. Qarşıya qoyulan bu məqsədə çatmaq üçün, fikrimizcə, aşağıda göstərilən sahələri aqrar siyasətin prioritetləri kimi qəbul edib vahid strategiya halında həyata keçirmək yaxşı nəticələr verə bilər: aqrar sahə üzrə milli qanunvericilik bazasının modernləşdirilməsi; ərzaq təhlükəsizliyi; idxaldan asılılığın azaldılması; qida təhlükəsizliyi (sağlamlığı) tədbirləri; torpaq və su resurslarından səmərəli istifadə və onların mühafizəsi; elmi tədqiqatların dəstəklənməsi; kəndə müasir kadrlar; müasir kənd; urbanizasiyanın azaldılması; ixrac potensialının genişləndirilməsi. Aqrar siyasətin bu komponentlərinin hər biri olduqca mühüm əhəmiyyətə malikdir və ciddi tədbirlər sisteminin hazırlanıb ardıcıl olaraq həyata keçirilməsini tələb edir.
Millət vəkili onu da bildirdi ki, kənd təsərrüfatını digər sahələrdən fərqləndirən əsas cəhətlərdən biri də istehsal üçün zəruri olan təbii resursların (torpaq və su) məhdudluğu və kənd təsərrüfatı məhsullarana tələbatın davamlı olaraq artmasıdır. "Məhdud istehsal resursları - davamlı artan tələbat" qeyri-mütənasibliyi bu resursların eroziya prosesləri ilə daha da kəskinləşir. Araşdırmalar göstərir ki, dünya üzrə kənd təsərrüfatı üçün yararlı torpaqların eroziya prosesləri son dövrlərdə xeyli sürətlənmişdir. Hesablamalara görə, hər il təkcə təbii eroziya nəticəsində 6-7 milyon hektar, bataqlaşma, yuyulma və şorlaşma səbəbindən isə əlavə olaraq 1,5 milyon hektar torpaq sahələri kənd təsərrüfatı istehsalı dövriyyəsindən çıxır. Hazırkı eroziya tempi ilə Yerin üst məhsuldar torpaq qatının sahəsi dünya üzrə orta hesabla hər 10 ildə 7 faiz azalmaqdadır. Bununla belə, insanların təsərrüfat fəaliyyətləri nəticəsində təbii eroziya prosesləri, demək olar ki, 2-2,5 dəfə sürətlənmişdir. Son olaraq, bir daha vurğulamaq gərəkdir ki, qloballaşma şəraitində rəqabətə dözümlülük ən başlıca tələbdir. İqtisadi cəhətdən rəqabətə dözümlü olmaqla yanaşı, təhlükəsizlik və keyfiyyət üzrə də bütün şərtlərə uyğunluq gərəkdir. Çünki müasir tələbatın strukturunda keyfiyyət və təhlükəsizlik tələblərinin ciddiləşməsinə doğru meyillənmə dinamikası getdikcə artmaqdadır. Kənd təsərrüfatı və qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti müasir zamanda ən çox diqqət yetirilən amillərdir.