ŞƏKİDƏ SƏRHƏD QOŞUNLARININ 90 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
Dünən Şəki Sərhəd Dəstəsində Azərbaycan Respublikası Sərhəd Qoşunlarının yaranmasının 90-cı ildönümü münasibətilə "Azərbaycanın sərhəd mühafizəsi tarixi" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Dövlət Sərhəd Xidməti (DSX) Mərkəzi Aparatının dəstəyi ilə keçirilən tədbirdə şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının nümayəndələri, ziyalılar iştirak etmişlər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısındakı abidəsi önünə tər çiçəklər düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Hərbi hissənin akt salonunda keçirilən tədbirin əvvəlində ümummilli liderin və qəhrəman sərhədçilərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Konfransda DSX Mərkəzi Aparatının idarə rəisi polkovnik İzzəddin Musayevin "Azərbaycanın sərhəd mühafizəsi tarixi" mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi Azərbaycan Xalq Cümhuriyyəti dövründə sərhəd xidmətinin yaranması, Sərhəd Qoşunlarının tarixindən, keçdiyi çətin və şərəfli inkişaf yolundan danışmış, Dövlət Sərhəd Xidmətinin yaradılması və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xatırlatmışdır. Bildirmişdir ki, müstəqillik illərində Azərbaycan ordusunun yaradılması proseslərinə bilavasitə rəhbərlik edən, bu sahədəki fəaliyyəti ilə dövlətimizin hərb salnaməsinə şanlı səhifələr yazan ulu öndər Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işinin təşkili istiqamətində əvəzsiz xidmətlər göstərmişdir. Heydər Əliyev milli sərhəd siyasətinin əsasını qoymuş, ölkənin sərhəd strategiyasını müəyyənləşdirmişdir. Məruzəçi xatırlatmışdır ki, Azərbaycan Silahlı Qüvvələrində dövlət bayrağı ilk dəfə 1992-ci il avqustun 22-də ulu öndərimizin iştirakı ilə Naxçıvan Sərhəd Dəstəsində qaldırılmışdır. Məhz ümummilli liderin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə hər il avqustun 18-i respublikamızda sərhəd qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Konfransda Milli Məclisin deputatı Məclum Şükürov çıxış edərək, sərhədçiləri əlamətdar bayram münasibətilə təbrik etmiş, dövlətçiliyin mühüm atributlarından sayılan dövlət sərhədinin mövcudluğunun və onun qorunması işinin ölkənin müstəqilliyini göstərən əsas amillərdən biri olduğunu bildirmişdir. O demişdir ki, hazırda Sərhəd Qoşunları müstəqil olaraq dövlət sərhədlərinin etibarlı mühafizəsini təşkil etməyə qadir, Azərbaycan Prezidentinə, dövlətçiliyinə və xalqına sadiq, intizamlı, yüksək döyüş hazırlıqlı, müasir texnika ilə təchiz edilmiş, peşəkar zabit korpusuna malik bir quruma çevrilmişdir.
Konfransda Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının kafedra müdiri Nurəli Çələbiyevin "Heydər Əliyev və ordu quruculuğu", polkovnik-leytenant Yaşar Atakişiyevin "Şəki Sərhəd Dəstəsinin yaranması tarixi" mövzularında məruzələri də dinlənilmişdir.
Sonra konfrans iştirakçıları hərbi hissədə sərhədçilər üçün yaradılmış şəraitlə yaxından tanış olmuş, əsgər yataqxanasına baş çəkmişlər.
Həmin gün Şəki şəhərindəki Heydər Əliyev adına parkda Sərhəd Qoşunlarının yaranmasının 90 illiyinə həsr edilmiş bayram konserti olmuşdur.