PDF Oxu

Əsas

  • 12

“AZƏRBAYCANDA MÜASİR TƏHSİL: NAİLİYYƏTLƏR, PROBLEMLƏR, VƏZİFƏLƏR”

“AZƏRBAYCANDA MÜASİR TƏHSİL: NAİLİYYƏTLƏR, PROBLEMLƏR, VƏZİFƏLƏR”

Ənənəvi olaraq, "Səs" qəzetinin redaksiyasında ölkəmizdə və dünyada baş verən müxtəlif hadisələrə həsr olunmuş dəyirmi masalar təşkil edilir. Budəfəki dəyirmi masa da "Səs" İnformasiya Agentliyinin və Azərbaycan Respublikası Təhsil Şurasının (TŞ) birgə dəstəyi ilə "Azərbaycanda müasir təhsil: nailiyyətlər, problemlər, vəzifələr" mövzusunda aparılan müzakirələri əhatə edirdi. Dəyirmi masada Azərbaycan Respublikası Təhsil Şurasının sədri, pedaqogika elmləri doktoru, professor, əməkdar müəllim, Rusiya Pedaqogika və Sosiologiya Elmlər Akademiyasının həqiqi üzvü Əjdər Ağayev, Müəllimlər İnstitutunun kafedra müdiri Rüfət Hüseynzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, fizika fakültəsinin dekanı, professor, AR TŞ İdarə Heyətinin sədr müavini Mirzəli Murğuzov, Təhsil problemləri institutu Kurrikulum Mərkəzinin direktoru Ənvər Abbasov, təhsil problemləri üzrə ekspert, Bakı Dövlət Universitetinin professoru, sabiq millət vəkili Şahlar Əsgərov, 271 saylı dövlət orta ümumtəhsil məktəbinin direktor müavini, AR TŞ-nin İdarə Heyətinin üzvü Ofeliya Arazova, Sərhəd Qoşunları Akademiyasının pedaqogika kafedrasının müdiri, pedaqoji elmlər namizədi Vəfa Ələkbərova, Kəlbəcər rayon təhsil şöbəsinin metodisti Musa Əzizov, Təhsil Problemləri İnstitutunun şöbə müdirinin müavini, pedaqoji elmlər doktoru İntiqam Cəbrayılov, sosioloq Əhməd Qəşəmoğlu və digər təhsil işçiləri iştirak edirdilər.
(Əvvəli ötən sayımızda)     

  Tədbiri giriş sözü ilə açan SİA-nın baş direktor müavini Elşad Hacıyev Azərbaycanda müasir təhsilin vəziyyəti barədə qısa məlumat verərək, təhsilin dövlət siyasətinin proritetinə çevrildiyini vurğuladı. Sürətlə inkişaf edən Azərbaycanda təhsilin inkişafına həssaslıqla yanaşıldığını və bu prosesdə təhsil ictimaiyyətinin effektiv fəaliyyətinin zəruriliyi qeyd olundu. Ümummilli lider Heydər Əliyevin "Təhsil hər bir millətin və xalqın gələcəyidir" fikrini əldə rəhbər tutan, E.Hacıyev dəyirmi masanı açıq elan etdi.
Şahlar Əsgərov:

- Təhsilin sosial həyatda rolunu vurğulamaq istəyirəm. Biz XXI informasiya əsrində yaşayırıq. Hər birimiz çalışırıq ki, uzunömürlü olaq. Bəs uzunömürlülüyə nə kömək edə bilər? Bunun yalnız bir cavabı var ki, insan təhsilli olmalıdır. O öz yediyi qidaya diqqət yetirməlidir, vitaminlər sistemini tənzimləməlidir. İqtisadiyyatla təhsilin əlaqəsi hamımıza aiddir. ABŞ-ın keçmiş prezidentlərindən biri deyirdi ki, Amerika ona görə varlıdır ki, onun universitetləri güclüdür. Əgər varlı olmaq istəyirsənsə, təhsilə fikir verməlisən. Bunlar tək mənim fikrim deyil. Bunlar bəşəri fikirlərdir. Bu dörd sahəni birləşdirə bilən ölkələr inkişaf edir.
Bu yaxınlarda Rusiya sosioloqları və psixoloqları birgə 1900-ə yaxın məktəbdə sosial tədqiqat aparıblar. Orada sual qoyulub ki, təhsildə vacib nədir? Təhsildə vacib olan iki faktoru üzə çıxarıblar. Birincisi, personalın kadr keyfiyyəti, ikincisi isə düzgün qiymətləndirmə. Digərləri isə texniki məsələlərdir.

Ofeliya Arazova:

- Biz vahid millətik. Olur ki, bəzi valideynlər övladının layiq olmadığı qiyməti alması üçün müəllimə pul verir. Təəssüf ki, şagirdin nə müəllimdən, nə də ki, məktəbdən hər hansı bir asılılığı yoxdur. Müəllimin şagirdinə verdiyi qiymətin heç bir təsiri olmadığı təqdirdə, şagird nə üçün dərsə gəlməlidir? Elə hallar olur ki, bir şagird tədris ili boyu aldığı qiyməti mərkəzləşmiş imtahanda doğrultmur və ya pis qiymətlə oxuyan şagird imtahandan əla qiymət alır. Şagirdin məktəbdən adi asılılığının olmamasının səbəbi onun probleminin məktəb tərəfindən həll olunmamasıdır.

KURRİKULUM, ƏSLİNDƏ, PİLLƏLİDİR VƏ  İNTEQRATİV EFFEKT VERİR

Mirzəli Murğuzov:

- Bu yaxınlarda İctimai Televiziyada açıq dərs oldu. Orada təhsil naziri Misir Mərdanov da iştirak edirdi. Proqramda belə bir mövzu qoyulmuşdu ki, biz dünya miqyaslı universitet yarada bilərikmi? Orada iştirak edən ziyalılardan biri belə cavab verdi ki, gözəl universitet yaratmaq üçün bizim savadlı alimimiz, görkəmli elm xadimimiz olmalıdır. Olimpiadalarda olduğum üçün xarici dövlətlərlə sıx əlaqəm var. Sinqapur Universitetinin fizika fakültəsi o qədər də böyük fakültə deyil. Ancaq həmin universitet də dünya universitetləri içərisində beşinci yerdədir. Təkcə o fakültədən 4 nəfər Nobel mükafatına layiq görülüb. Fundamental elm olarsa, bu xırda nöqsanları aradan qaldıracaq. İlk növbədə, elmə güc vermək lazımdır. Bunların hamısı təfəkkürdə formalaşmalıdır. Bizdə qeyri-xətti təfəkkür formalaşmalıdır. XX əsr elmi kifayət qədər əsas verib ki, biz öz yolumuzu yeniləşdirək, hətta bəzi məsələlərə sıfırdan başlayaq. Bunun özü qeyri-xətti təfəkkürün formalaşmasıdır. Çox zaman söhbət açdığımız tarazlıq ölüm deməkdir. Biz bu məsələlərdə tarazlığın zərərini bilmək üçün qeyri-tarazlıqdan danışmalıyıq. Sadələrdən yox, artıq mürəkkəb təfəkkürdən danışmalıyıq.
Keçən əsrin 70-ci illərinə qədər kainat qapalı hesab olunub. Sonradan məlum oldu ki, kainat açıq imiş. Onun açıqlığı ortaya çıxandan sonra SSRİ-nin yaşaya bilməməsinin səbəbi məlum oldu. İstədilər onu qapalı saxlasınlar. İnsan, cəmiyyət və təbiət olan yerdə heç nəyi qapalı saxlamaq olmaz. Bununla da həmin imperiya dağıldı. Açıq sistemə keçmək lazımdır. Açıq sistem də qeyri-xətti təfəkkürün əsasında qurulub. Yəni, biz XX əsrin nailiyyətləri üzərində elmi elə qurmalıyıq ki, o, yavaş-yavaş bizi formalaşdırsın. İndiyədək deyirdik ki, fizika cansız təbiəti, biologiya isə canlı təbiəti öyrənən elmlərdir. Fikiza həm cansız, həm də canlı olmaqla bütün təbiətlə məşğul olur. Təsəvvür edin ki, biz indiyədək bəzi məqamları düzgün qiymətləndirməmişik. Biz deyirik ki, öyrədirik. Öyrətmək üçün də üç mərhələ keçirik. Nəyi? Nə üçün? Necə? İlkin təhsil ocağı olan orta məktəbdə və ali məktəbdə nəyi öyrətməyimiz məlum deyil. Ən çox necə öyrətməyimizə fikir veririk. Əvvəldə obyekt müəyyənləşməlidir və onu nə üçün öyrətməyimiz aydın olmalıdır. Biz isə birincini və ikincini unudaraq, birbaşa keçirik üçüncü mərhələyə. XX əsr elmi bizə öyrətdi ki, kainatdakı hər şey sistemlidir. Sistemli yanaşma elmə gəldiyinə görə sistemi mənimsəmək lazımdır. Bu amil də kurrikulumun kökündə dayanır. Kurrikulum, əslində, inteqrativ effekt verir. Maraqlıdır ki, onun nə demək olduğunu bilmədən onu tədris etməyə başlamışıq. Bu sistem pilləlidir və müəyyən quruluşa malikdir.
Dahi Nizami Gəncəvi deyir ki, ağıl, idrak bir vəzifədir, bilinsin dünyada ən kiçik nədir? Demək, biz də bu prosesdə ən kiçiyindən başlamalıyıq. Yəni, hər şeyin dəqiq sistemi var. Əgər orta və ali məktəblərdə təhsilin dəqiq sistemini verə biləriksə, onda onu çox gözəl mənimsəyəcəyik. Reallığı düzgün çatdıra və zamanla işimizi normal qura bilməmişik. İndiki həyatımızda baş verən bütün sosial, təbiət və s. hadisələr təbiət qanunlarından baş verir. Əvvəlcə təbiət qanunları yaranıb. İnsan və həyat da təbiətin bir hissəsi kimi həmin qanunlarla idarə olunur. Ondan sonra isə insanlar toplusu olan cəmiyyət qanunları meydana gəlib ki, bu da təbiət qanunları ilə idarə olunur. Ən sonda isə eyni mərhələlərdən keçən dövlət qanunları yaranıb.

QİYMƏTLƏNDİRMƏ OBYEKTİV VƏ ƏDALƏTLİ OLMALIDIR

Ənvər Abbasov:

- Kurrikulum dedikdə, təhsilin yeni məzmunu, təhsil texnologiyalarının düzgün qiymətləndirilməsi və idarə olunması başa düşülməlidir. Azərbaycan təhsilində qiymətləndirmənin sistemi olmayıb. Dunyada üç böyük problem mövcuddur: qloballaşma, informasiyalı cəmiyyətin mövcud olması və informatlaşdırma. Çalışmalıyıq ki, dünyanın inkişaf etmiş dövlətlərində olduğu kimi, biz də müəyyən sistemlər quraq. Ona görə dünyanın qabaqcıl ölkələrində qurulan kurrikulum sisteminin Azərbaycana gətirilməsi təhsilin parametrlərini uyğun prinsiplərlə birləşdirmək imkanı verir. Ona uyğun məzmun, texnologiyalar, strategiyalar, proseslər və qiymətləndirmə təşkil olunur. Əslində, qiymətləndirmə idarəolunma işinin bir hissəsidir. Burada söhbət sadəcə məktəbin idarə olunmasından və ona nəzarətdən getmir. Burada əsas məqsəd təhsil ocaqlarının keyfiyyətli idarə olunmasıdır. Məktəblərə əldə olunan nailiyyətilərə, nəticələrə görə qiymət verilməlidir. Qiymətləndirmə layihələrdə müzakirə olunaraq kurrikulumda da müəyyən yer tutur.
Bu günə qədər 3000 sənəd qəbul olunub. Onlardan birincisi, 2006-cı ildə Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycan Respublikasında Ümumtəhsilin Konsepsiyası" milli kurrikulum sənədində şagird nailiyyətlərinin qiymətləndirilməsi adında bir bölmə var. O bölmədə qiymətləndirmənin fəlsəfəsi var. Yəni, artıq onun funksiyası dəyişir və bu inzibati vasitə deyil, şagirdlərin inkişafını izləməyə xidmət göstərən bir vasitədir. Qiymətləndirmənin öz istifadə müstəvisində dəyişməsi çox vacib bir məsələdir. Bu, şagirdi inkişaf etməyə yönəldir. Orada qiymətləndirmənin formalarının adı, onun yeni prinsipləri göstərilir. Qiymətləndirmə düzgün, etibarlı, obyektiv və ədalətli olmalıdır. Bunun üçün də qiymətləndirmənin sistemi mövcud olmalıdır. Bu sistemdə qiymətləndirmənin məzmunu, prinsipləri, formaları, üsulları və ən vacibi isə vasitələri yer almalıdır. Əvvəlcə, qiymətləndirmənin məzmunu hazırlanır və dövlət nəticələri təsdiq edir. Həmin konsepsiyada şagirdlərin məktəbdaxili fənn qrupları üzrə qiymətləndirilməsi haqqında təlimat da var. Orada ümumi texnologiyalar, hər fənn üzrə qiymətləndirmə standartları verilib. Qiymətləndirmə üsulu yalnız testdən ibarət deyil, test o vasitələrdən biridir. Şifahi və yazılı, fənnlərin xüsusiyyətlərindən irəli gələn çoxlu qiymətləndirmə üsulları var. Yəni, bu, artıq texnologiyadır, standart deyil.
Növbəti sənəd, 2009-cu ilin yanvar ayında təsdiq olunmuş "Azərbaycan Ümumtəhsilinin Qiymətləndirmə Konsepsiyası"dır. 2006-cı ildə təsdiq olunan müvafiq konsepsiyaya istinad edən bu sənədi də əvvəlcə hökumət təsdiq etdi. Burada qiymətləndirmənin məqsədləri, növləri, vəzifələri var. Uzun müddət təhsil sahəsində çalışan bir insan kimi deyə bilərəm ki, bu sənəd qiymətləndirmədə irəliləyişlərə gətirib çıxaracaq. Qiymətləndirmənin prosedur qaydaları olmalıdır. Məktəbdə müəllimin formativ, diaqnostik və s. qiymətləndirməni aparmasının müəyyən forması olmalıdır. Bu gün bu qaydaların işlənib meydana çıxması təxirəsalınmaz bir işdir. Qiymətləndirmə əsasən 4 səviyyədə olur. Bal məsələsini isə müxtəlif cür qoymaq olar. Burada 5, 9, 20, 700 və s. rəqəm ola bilər. Ancaq əsas odur ki, nəyi hansı səviyyədə qiymətləndirməyimiz məlum olsun. Bildiyimə görə müəlliflərindən biri olduğum 9 ballıq sistem artıq tətbiq olunmur. Şkalalar azaldıqca, şagirdləri daha düzgün və konkret qiymətləndirmə ehtimalı çoxalır.

QİYMƏTLƏNDİRMƏ MƏNİMSƏMƏNİN FAİZ GÖSTƏRİCİSİNİN RƏQƏMLƏRLƏ İFADƏSİDİR

Şahlar Əsgərov:

- Bizim üçün əsas məqsəd odur ki, gələcəkdə gənclərimiz özünü yaşada, millətinə xidmət edə bilsin və vətənpərvər olsun. Elə etməliyik ki, onlar zamanın böyük hissəsini təhsilə sərf etsin. Bunun üçün məktəb cəzbedici və ədalətli olmalıdır. Qiymətləndirmə mənimsəmənin faiz göstəricisinin rəqəmlərlə ifadəsidir. Mənimsəmə də yaddaşda qalıb, sonra istifadə olunan bir şeydir.


ŞAGİRDƏ QİYMƏT  VERİLƏRKƏN, ONUN TƏRBİYƏSİ VƏ ƏXLAQI DA NƏZƏRƏ ALINMALIDIR

Rüfət Hüseynzadə:

- Vətənə, millətə xidmət edən təhsil maddi təhsildir. Bizim təhsilimiz vətənimizə, millətimizin inkişafına xidmət etməlidir. Biz bunu hər zaman göz önündə tutaraq öz işimizi qurmalıyıq. Məktəbdə dərs deyən müəllim fikirləşməlidir ki, vətən övladını yetişdirirəm və dövlətimin rifahı üçün çalışıram. Əgər şagird dərsini yaxşı danışarsa, ona 4, yaxud da 5 qiyməti verilir. Qiymət təkcə şagirdin biliyinə verilməməlidir. Burada şagirdin tərbiyəsi, əxlaqı, vətəni üçün nə dərəcədə çalışan bir övlad olması məsələləri nəzərə alınmalıdır. Ulu öndər Heydər Əliyev Gənclərin Birinci Ümumrespublika konfransında gənclərin vətənpərvərlik formulunu çox gözəl izah edib. O deyib ki, tarixini, ana dilini, ədəbiyyatını, mədəniyyətini bilməyən həqiqi vətənpərvər ola bilməz. Məktəbin məqsədi əsil insan yetişdirməkdir. Yəni, şagirdlərin elmə münasibəti ədəbi də mütləq olmalıdır. Bunlardan hər hansı birindən məhrum olan insan cəmiyyətimiz üçün təhlükəlidir. Ona görə də təhsil ocaqlarımızda tərbiyə, əxlaq məsələlərinə ciddi fikir verməliyik.

Ofeliya Arazova:

- Bütün dərslərin tərbiyəvi tərəfi var. Müəllim mütləq ona toxunmalıdır. Əgər toxunmursa, onda qiymətləndirmə tam yerinə yetirilmir. Şagirdin tərbiyəsində problem olarsa, onun kökü araşdırılmalıdır. Ola bilsin ki, bunun səbəbi onun ailəsi, əhatə dairəsi ilə əlaqədar ola bilsin. Amma birinci növbədə onun elmi hazırlığına qiymət veririk.

(Ardı var)

Digər xəbərlər