Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü ulu öndər Heydər Əliyev şəxsiyyətinin adı, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Dahi öndərin bu quruculuğu hələ 1969-cu il iyul ayının 14-də Azərbaycan rəhbərliyinə gəldikdən sonra daha böyük vüsət aldı. Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Xalq ilk addımlarındanca Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi. Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı. Bütün ömrünü doğma xalqına həsr etdi.
Bəzi millət vəkilləri ilə söhbətimizdə də onlar ümummilli liderin nə qədər böyük bir şəxsiyyət olduğunu və Azərbaycanın bugünkü vəziyyətə çatmasında olan rolunu bir daha qeyd etdilər.
Millət vəkili Səməd Seyidov:
- Hər bir xalqın tarixində elə hadisələr baş verir ki, o hadisə xalqın mövcudluğuna, inkişafına, onun öz dövlətini qurmasına imkan yaradan şəraitin formalaşması üçün çox böyük əhəmiyyət kəsb edir. 40 il bundan əvvəl ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci şəxs kimi hakimiyyətə başlaması Azərbaycan xalqının tarixində bu nöqteyi-nəzərdən ən vacib hadisələrdən biridir. Hətta belə hesab edirəm ki, ən vacibidir. 40 il bundan əvvəl Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev 2 ən vacib məsələyə diqqət yetirmiş və bu məsələlərin reallaşmasına əsas yaradaraq onları reallığa çevirmişdir. Bunlardan birincisi, Azərbaycan xalqının formalaşması, Azərbaycan xalqının öz xalq sifətinin bir millət kimi, bir xalq kimi dünyaya çatdırılması istiqamətində fəaliyyət olmuşdur. Digər bir məsələ isə Azərbaycan dövlətinin yaradılmasıdır ki burada Heydər Əliyevin rolunu danmaq mümkün deyil. Müstəqil dövlət kimi, müasir dünyanın iştirakçısı olan dövlətlər arasında ən layiqli yeri tutmaq üçün, bir dövlətin formalaşması üçün göstərdiyi fəaliyyət Azərbaycanın işıqlı gələcəyinə aparan yolun ilk addımları olmuşdur.
Hər iki müqəddəs məqsəd öz reallığını tapdı. Bunun reallaşmasının əsas səbəbi isə, qeyd etdiyim kimi, 40 il bundan əvvəl Azərbaycanda tarixi hadisə baş verməsi ilə bağlı idi. Bu tarixi hadisə ölkə rəhbərliyinə ulu öndər Heydər Əliyevin gəlməsidir ki, bu hadisə də özündə iki məsələni ehtiva edir. Birincisi, tarixi zəruriyyət idi. Azərbaycan xalqı istedadlı və öz müstəqil dövlətini yarada bilən bir xalqdır. Əsrlər boyu həm qonşulara, həm də düşmənlərə sübut etmişdi ki, ən qabiliyyətli bir xalqdır. Buna görə də tarixi bir zəruriyyət var idi ki, Heydər Əliyev hakimiyətə gəlsin. Elə tarixi zəruriyyət də O dahi, istedadlı, qeyri-adi bir insanı ən yüksək pilləyə gətirib çıxardı. Ancaq bununla yanaşı, ikinci bir həqiqət də ondan ibarətdir ki, Heydər Əliyevin özünün qabiliyyətləri və özünün dahiliyi tutduğu şərəfli yolda hər zaman Ona kömək etmişdir.
40 il bundan əvvəl, məhz bu iki faktorun, yəni tarixi zərurətlə, şəxsiyyətin özünün dahiliyinin üst-üstə düşməsi Azərbaycan xalqının bu gününə əsas yaratdı. Bu gün isə biz tam sərbəst və məntiqlə bu məsələləri təhlil edərək, belə bir nəticəyə gələ bilərik ki, 40 il bundan əvvəl baş vermiş hadisə bugünkü Azərbaycanın əsasını yaradaraq, bugünkü bəzi reallıqlara imkan yaratdı. Bu reallıqlar ondan ibarətdir ki, bu gün Azərbaycan regionda ən aparıcı dövlətdir. Bu gün Azərbaycan dövləti ilə bütün dövlətlər hesablaşır və əvvəldə də qeyd etdiyim kimi, Azərbaycan xalqı xalqlar arasında öz yerini tutub. Bilirsiniz ki, müxtəlif xalqlar, millətlər var. Hər bir xalqın o xalqlar siyahısında adı olsa da tanınması və ona hörmətlə yanaşılması çox çətin və mürəkkəb bir məsələdir. Müxtəlif xalqlar millətlər olsa da onların hamısı dövlət adlı bir nemətə sahib deyil. Ona görə də biz məhz bu məsələr barədə danışarkən Heydər Əliyevin adını yada salmalıyıq.
Millət vəkili Sabir Hacıyev:
- Azərbaycanın bugünkü imici, dünya miqyasında tutduğu yer ulu öndər Heydər Əliyevin uzun müddət respublikaya rəhbərlik etməsinin nəticəsidir. 1969-cu il 14 iyul tarixində ulu öndər Azərbaycan rəhbərliyinə gəldikdən sonra ölkədə müsbət köklü dəyişikliklər getmişdir. İstər sovet dövründə, istərsə də ən ağır dövr sayılan 1993-cü ildə hakimiyyətə gəldikdə ümummili lider tərəfindən aparılan bu dəyişikliklər öz müsbət nəticələrini verdi. Təbii ki, dünya şöhrətli, tanınmış bir şəxsiyyətin adının altında Azərbaycanda çox işlər görülmüşdür. Bu gün də Azərbaycan xalqı ulu öndər tərəfindən əsası qoyulmuş hər bir işin müsbət nəticələrindən yararlanır. Hər halda bu gün hamı bilir ki, Azərbaycanın artan nüfuzu, günü-gündən əhalinin rifahının yaxşılaşmasının, ölkənin güclənən sosial-iqtisadi vəziyyətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində qoyduğu izlər nəinki Azərbaycanın, həmçinin dünyanın da siyasi tarixinə qızıl hərflərlə düşmüşdür. Onun Azərbaycanın dünyaya inteqrasiya etməsində göstərdiyi xidmətlər Onun Milli Lider səviyyəsində bir şəxsiyyətə çevrilməsinə səbəb oldu.