“1969-cu ildən başlanan zəfər yolu”
Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatında ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 40 illiyinə həsr olunmuş yığıncaq keçirilib.
Yığıncağı giriş sözü ilə açan təşkilatın sədri Əmir Babayev "1969-cu ildən başlanan zəfər yolu" mövzusunda geniş məruzə ilə çıxış edib. Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin 40 il öncə, 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilməsi respublikanın tarixində çox mühüm bir mərhələnin əsasını qoymuşdur. Əksər göstəricilərə görə ittifaqda ən son yerlərdən birində qərarlaşmış Azərbaycanda islahatların həyata keçirilməsi tarixi zərurətə çevrilmişdi. Natiq qeyd etdi ki, Heydər Əliyev elə bir vaxtda respublikaya rəhbər seçilmişdi ki, mövcud problemlərin həllinə nail olmaq üçün olduqca qətiyyətli, eyni zamanda, praqmatik addımlar atmaq tələb olunurdu. Hər şeyi sıfırdan başlamaq, iqtisadiyyatın bütün sahələrində inkişafı stimullaşdıracaq yeniliklər etmək tələb olunurdu. Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra iqtisadiyyatın bütün sahələrinin, xüsusən də, sənayenin sürətlə inkişafının təmin olunması istiqamətində mühüm qərarlar qəbul edildi. Azərbaycanda maşınqayırma, kimya, neft kimyası və elektron sənayesi, əlvan və qara metallurgiya, yüngül, yeyinti və emal sənayesi müəssisələri tikildi, habelə elektroenergetika, nəqliyyat kompleksi ciddi şəkildə inkişaf etməyə başladı.
Heydər Əliyevin rəhbərliyi ilə XX əsrin 70-ci illərindən başlayaraq, elə bir tarixi bünövrə yaradıldı ki, onun möhkəm dayaqları üzərində gələcəkdə müstəqil Azərbaycanın qurulması, Azərbaycanın tamamilə yeni tarixinin əsasının qoyulması mümkün olsun. Xalqımızın dahi oğlunun Azərbaycan üçün gördüyü bütün işlər müstəqillik illərində ölkəmizin başlıca dayaqlarını təşkil etdi.
Tədbirdə çıxış edənlər 1990-1993-cü illərdə yenicə müstəqillik qazanmış Azərbaycanın başının üstünü qara buludlar almış, həyat öz axarından çıxmışdı. Fərasətsiz rəhbərlər Azərbaycanı parçalanmaq həddinə çatdırmışdılar. Xalqın təkidli tələbi ilə 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdı. "Mən həyatda yalnız üç şeyə inanıram: Yaradanıma, zəhmətimə, bir də xalqıma",-deyən böyük şəxsiyyət gərgin əməyi, uzaqgörən siyasəti ilə dünyanın nəzərlərini qısa müddətdə Azərbaycana yönəltdi. Azərbaycanı, Azərbaycan xalqını böyük bəladan, dəhşətli fəlakətdən xilas etdi. Əgər bu müdrik şəxsiyyət olmasaydı, Azərbaycanı heç bir qüvvə qurtara bilməzdi. Heydər Əliyev fəaliyyəti, iradəsi və xalqa arxalanması, xalqın da öz müdrik liderinə güvənməsi sayəsində Azərbaycan öz bütövlüyünü qoruyub saxladı.
Bu gün Azərbaycan xalqı Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən, dünya dövlətçilik təcrübəsinə dərindən bələd olan, qətiyyətli və cəsarətli Prezidenti İlham Əliyevin rəhbərliyi altında gələcəyə inamla irəliləyir. Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Heydər Əliyev ideyaları işığında öz tarixinin intibah dövrünü, sözün əsil mənasında, ən xoşbəxt günlərini yaşayır.
Tədbirin sonunda "Ulu torpaq-ulu öndər" sənədli filmi nümayiş etdirilmiş, rayonun incəsənət ustaları geniş konsert proqramı ilə çıxış ediblər.