Azərbaycan və Türkiyə gəncləri mehriban münasibətdədirlər
Dünən Yeni Azərbaycan Partiyası mərkəzi qərargahında Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AKP) Gənclər təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan YAP-ın İcraçı katibi, millət vəkili Əli Əhmədov qonaqları salamlayaraq, onların burada olmasından çox böyük məmnunluq duyduğunu bildirdi.
Gənclər arasında tez-tez gəliş-gedişin olmasının iki ölkə arasında olan əlaqələrin daha da inkişaf etməsinə yardımçı olduğunu və mehribançılığı daha da möhkəmləndirdiyini söylədi. Ə.Əhmədov bu gün çox sürətlə dəyişən dünyada geri qalmamaq üçün genişmiqyaslı təmaslara çox böyük ehtiyac olduğunu xüsusilə vurğuladı. Bu mənada Azərbaycan və Türkiyə arasında olan mehriban qonşuluq və strateji müttəfiqliyin hər iki ölkəni daxili və xarici siyasətində böyük önəm daşıdığına diqqəti çəkərək bildirdi ki, Azərbaycanla Türkiyə birlikdə olduqda daha güclü olur.
Ə.Əhmədov çıxışı zamanı sovet dövründə belə əlaqələrin qurulmasının mümkün olmadığı halda, müasir dövrümüzdə iki ölkə arasında ən müxtəlif səviyyələrdə münasibətlərin qurulması üçün imkanlar olduğunu bildirdi: "Bu gün belə mehriban münasibətlərin qurulmasını çox yüksək qiymətləndirmək lazımdır. Gənclər bir-biri ilə qarşılıqlı münasibətlər qurmağa çalışır. Hər iki ölkənin gəncləri Azərbaycan və Türkiyənin güclənməsi üçün əllərindən gələni edirlər".
YAP İcra katibi AKP-nin çox böyük bir inkişaf yolu keçdiyini və bütün statistik rəqəmlərlə bunu sübut etməyin mümkün olduğunu söylədi. Azərbaycan dövləti də əhalinin daha yüksək səviyyədə təmin olunması üçün böyük işlər görür. Azərbaycan artıq dünya ölkələrinin hörmət etdiyi bir ölkəyə çevrilib. Bunu Azərbaycana olan dövlət başçılarının səfərləri də sübut edir.
Görüş zamanı çıxış edən AKP gənclər təşkilatının sədr müavini İsmayıl KARAOSMANOĞLU da Azərbaycanda - ikinci vətənlərində olmalarından məmnunluq duyduqlarını bildirdi. O, iki ölkə arasında olan münasibətlərin məhz ümummilli liderimiz Heydər Əliyev tərəfindən daha da möhkəmləndirildiyinə diqqət çəkərək, bildirdi ki, türkiyəli və azərbaycanlı gənclər, gələcəkdə bu münasibətlərin daha da gücləndirilməsi uğrunda çalışırlar. Nümayəndə heyətinin başçısı arada olan səmimiyyətin hər iki ölkədə hiss olunduğunu bildirdi. O, çıxışı zamanı qeyd etdi ki, Azərbaycan Türkiyə ilə qardaş dövlət olmaqla yanaşı, həm də strateji müttəfiqdir. Azərbaycanla olan strateji müttəfiqliyin Türkiyə üçün çox böyük əhəmiyyət daşıdığını xüsusilə vurğuladı. O bildirdi ki, AKP gənclər təşkilatı ilə YAP gənclər təşkilatı arasında əlaqələr də müxtəlif səviyyələrdə geniş miqyasda qurulmuşdur. Onların müxtəlif məsələlər ətrafında müzakirələr apardığı da nəzərə çatdırıldı.
İ.KARAOSMANOĞLU Azərbaycanda olan müsbət dəyişikliklərdən də danışaraq bildirdi ki, ölkədə olan inkişaf ölkəyə ayaq basan kimi hiss olunur.
Millət vəkili Ə.Əhmədov qonaqların nəzərinə çatdırdı ki, bu gün Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ problemidir ki, bu problemin həllində də biz türkiyəli qardaşlarımızın hər zaman arxamızda olduqlarını hiss edirik. Ə.Əhmədov Azərbaycanda olan qaçqın və köçkünlərin ağır vəziyyətindən danışaraq bildirdi ki, bu illər ərzində Azərbaycan hökuməti onların şəraitinin yaxşılaşdırılması yönündə çox böyük işlər görmüşdür. Lakin bütün bunlara baxmayaraq, topaqların hələ də işğal altında olması faktı Azərbaycan üçün çox böyük narahatlıq doğurur.