Uşaqlar güclü, qüdrətli Azərbaycanın gələcəyidir
Uşaq hüquqlarının tam həcmdə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti, cəmiyyətin bu mühüm hissəsinin hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlib. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətində də uşaq problemlərinin həllinə böyük önəm verilir. Respublikamızın sürətli iqtisadi inkişafı sosial problemlərin həlli üçün etibarlı zəmin yaradır. Bu baxımdan, son illər uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün lazımi şəraitin təmin edilməsinə yönələn önəmli addımlar atılmaqdadır. Prezident İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli Sərəncamı ilə 2009-cu ilin Azərbaycan Respublikasında "Uşaq ili" elan edilməsi bu istiqamətdə əlavə tədbirlərin həyata keçirilməsi, dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətinin uşaqların problemlərinə cəlb edilməsi məqsədinə xidmət edir. Sərəncama uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova görülən işlər barədə verdiyi açıqlamasında bildirdi ki, 2009-cu ildə "Uşaq ili"nin keçirilməsi müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsində yeni mərhələdir:
- Qeyd etmək lazımdır ki, uşaq hüquqlarının təmin edilməsi, onların dolğun inkişafı, qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması daim dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmiz uşaq hüquqları sahəsində bir çox beynəlxalq müqaviləyə qoşularaq bu sahədə müvafiq öhdəlikləri öz üzərinə götürüb. Qısa müddətdə Azərbaycanda uşaq hüquqlarının etibarlı müdafiəsini, uşaqların mənafeyinin üstünlüyünü təmin edən, müasir beynəlxalq standartlara uyğun olan mükəmməl qanunvericilik bazası yaradılıb. Xalqımızın milli-mənəvi dəyərlərinə əsaslanan dövlət uşaq siyasəti çərçivəsində cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli, uşaqlar tərəfindən qanun pozuntularının profilaktikası və digər sahələrdə önəmli dövlət proqramları qəbul edilib.
Bir vacib aspekti də xatırlatmaq lazımdır - qəbul edilən hər bir qanun, hər bir Dövlə Proqramı cəmiyyətin fəal müdaxiləsi və dəstəyi şəraitində tam səmərəli həyata keçirilə bilər. Dövlət tərəfindən həyata keçirilən tədbirlər, aparılan uğurlu islahatlar, iqtisadi, sosial və mədəni sahədə əldə edilmiş böyük nailiyyətlər uşaqların və onların ailələrinin vəziyyətinə müsbət təsir göstərir, bir çox sosial problemlərin həlli üçün etibarlı zəmin yaradır. İqtisadiyyatın dinamik artımı sosial problemlərin həllinə güclü təkan verməklə, uşaq hüquqlarının dolğun təmin edilməsində əyani təcəssümünü tapır. Dövlət büdcəsi getdikcə daha çox sosialyönümlü xarakter daşıyır, maddi kapital insan kapitalına yönəlir, əhalinin sosial müdafiəsinə, təhsilin, səhiyyənin, mədəniyyətin, elmin, idmanın inkişafına daha çox vəsait ayrılır, bu sahədə yeni proqramlar qəbul olunur, idarəetmə təkmilləşdirilir.
Hazırda Azərbaycanda 2.800000-dən yuxarı uşaq var. Son beş il ərzində ölkədə gündə orta hesabla 377 körpə anadan olub. Uşaq problemləri sahəsində dövlət siyasətinin əsas istiqamətləri - uşaq hüquqlarının etibarlı təmin edilməsi, uşaqların sağlam mühitdə tərbiyə edilməsi üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutur. Valideyn himayəsindən məhrum olan uşaqların dövlət qayğısı ilə təmin edilməsi, qəyyumluq, himayə, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi daim diqqət tələb edən sahələrdir. Bu gün Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqların sayı 20136 nəfərdir. Onlardan 6670 nəfəri himayədarlıq (qəyyumluq) əsasında ailələrdə tərbiyə alır. Bundan əlavə, uşaqlara göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, uşaq ölümü hallarının azaldılması, uşaqlar arasında xəstəliklərin profilaktikası, pulsuz ümumi orta təhsilin təmin edilməsi və təhsil sisteminə nəzarətin həyata keçirilməsi də diqqət mərkəzindədir. Məktəbəqədər təhsil müəssisələrində uşaqların intellektual, fiziki və psixoloji inkişafının, şəxsiyyətinin hərtərəfli formalaşmasının və məktəbə hazırlanmasının təmin edilməsi, uşaqların dolğun inkişafı, yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması prioritet istiqamətlər sırasındadır.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə, aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də önəm daşıyır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inklüziv və inteqrasiyalı təhsilin genişləndirilməsi uğurla həyata keçirilir.Hazırda Azərbaycanda 1.658 məktəbəqədər təhsil müəssisəsi, 4.555 ümumtəhsil məktəbi, 42 ali təhsil müəssisəsi, 589 uşaq poliklinikası və ambulatoriyası, 4 körpələr evi, 6 uşaq evi, valideyn himayəsindən məhrum olan uşaqlar üçün 2 internat məktəbi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 14 xüsusi internat məktəbi, əqli cəhətdən geri qalan uşaqlar üçün 2 internat evi, 34 ümumi tipli internat evi, 15 uşaq sanatoriyası, 234 uşaq musiqi və incəsənət məktəbi, 8 uşaq teatrı, 103 uşaq kitabxanası, 9308 idman müəssisəsi fəaliyyət göstərir.Son illər 300000 yerlik 1.360 yeni məktəb binası tikilib, 300-dək məktəb əsaslı təmir edilib. Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycan üçün yeni məktəb" layihəsi çərçivəsində son illərdə Azərbaycanın 62 bölgəsində 70000-dən artıq şagirdin təhsil ala biləcəyi 184 yeni məktəb binası tikilib, 37 məktəb əsaslı təmir olunub. 2008-ci ildə bir sıra təhsil müəssisələrinin yeni korpuslarının inşasına, əsaslı təmirinə və qəza vəziyyətində olan məktəblərin bərpasına Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 34000000 manat məqsədyönlü vəsait ayrılıb. Təhsilə ayrılan büdcə 2008-ci ildə 47 faiz, investisiya xərcləri isə 2 dəfədən çox artıb. Ötən il Bakı şəhərində son iyirmi ildə ilk dəfə olaraq 11 müasir tipli yeni uşaq bağçası istifadəyə verilib. Cari ildə 21 uşaq bağçasının əsaslı təmirinin başa çatdırılması nəzərdə tutulur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Əhali Fondu ilə birgə həyata keçirdiyi "Cənubi Qafqazda Gənclər üçün Reproduktiv Sağlamlıq təşəbbüsü" adlı layihənin II mərhələsi çərçivəsində 3 ay müddətində respublikanın 15 rayonunda əhalinin müxtəlif qrupları üçün reproduktiv sağlamlıq mövzusunda təlimlər həyata keçirib. Layihənin II mərhələsinin yekunu olaraq ulu öndərimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş "Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı"nın icrası və "Cənubi Qafqazda Gənclər üçün Reproduktiv Sağlamlıq Təşəbbüsü" adlı Milli Konfrans təşkil olunub.
Ümumiyyətlə, bütün bu uğurlar onu deməyə əsas verir ki, sürətli iqtisadi inkişaf və sosial rifahın hökm sürdüyü cəmiyyətimizdə xalqımızın gələcəyi olan uşaqların problemlərinin həlli üçün daha geniş imkanlar yaradacaq.