Bakı metropoliteni dünyanın inkişaf etmiş ölkələrinin metropolitenlərini geridə qoyur
Dünən Yeni Azərbaycan Partiyası mərkəzi qərargahında ənənəvi olaraq keçirilən mətbuat konfransında Bakı Metropolitenin rəisi Tağı Əhmədov metropolitendə aparılan yeniliklər haqda geniş məlumat verərək bildirdi ki, metropolitenin imkanlarından geniş istifadə edərək, sərnişinlərin rahat gediş-gəlişlərinə lazımi şərait yaradılacaq. O, qeyd etdi ki, dekabrda gözəl ornamentlərlə işlənilən yeni bir metrostansiya-"Azadlıq" metrostansiyası əhalinin istifadəsinə veriləcək. Metropolitenin 17 ildən artıq beş qəpiklə işlədiyini nəzərə çatdıran T.Əhmədov belə bir tarif sisteminin dünyanın heç bir yerində olmadığını vurğuladı.
Metropoliten rəisi bu yaxınlarda Vyanada olarkən, bu şəhərin metrostansiyaları ilə tanış olduğunu və Bakı metropolitenini təkcə Vyana ilə deyil, dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisə edərək bildirdi ki, Bakı metropoliteni dünyanın inkişaf etmiş ölkələrini geridə qoyur: "Bu, aydın bir məsələdir ki, sovet məkanında bizdə qranit mərmərdən istifadə edilib. Bir çox xarici ölkələrdə ancaq betondan istifadə edilərək, üst qatlarına saja vurulur. Ötən il noyabrın 10-da ölkə Prezidenti tərəfindən metropolitenin 20 illiyi ilə bağlı tədbirlər planı hazırlanmışdı. Bununla əlaqədar olaraq tender keçirilmiş, tenderdə Fransanın "Sistra" firması qalib elan olunmuşdu. Bu firma işləmək üçün Koreya və Çexiya metropolitenlərindən layihəçilər götürdü. Hazırda isə bu istiqamətdə işlər aparılır. Onlar gələcəkdə nəzərdə tutulmuş 68 stansiyanın planını verəcəklər. Bu stansiyalardan hazırda 22-si fəaliyyət göstərir. Ən sevindirici hal odur ki, metrostansiyalarda nəzərdə tutulmuş dəyərdən əlavə 31 milyon manat vəsait ayrılıb ki, bu da "Müşfiq", "Cavad xan", "Avtovağzal" metrostansiyalarının tikilib başa çatdırlması üçün nəzərdə tutulub".
T.Əhmədov onu da söylədi ki, metrolarda jetonların ləğv olunmasının da iş sisteminin yüngülləşməsinə kömək edib. Əldə edilən nailiyyətlərin hamısı dövlətimizin xalqımıza göstərdiyi böyük qayğısının nəticəsidir. Bir məsələni də vurğulamaq lazımdır ki, Dünya Bankı metropolitenə vəsait vermək niyyətindədir. Bu vəsaitin arxasında müəyyən şərtlər durur. Ancaq metropoliten buna getməyəcək. T.Əhmədov bildirdi ki, dərinözüllü stansiyalarımızın bir çıxışı var, bunlar isə təhlükəsizlik nöqteyi-nəzərindən üstünlük təşkil edir. Qeyd etdi ki, "Elmlər Akademiyası" metrostansiyasının çıxışı birbaşa universitetin həyətində, "Nizami" metrostansiyasının çıxışı Dram Teatrının qabağında, "Sahil" stansiyasının çıxışı Nəsimi heykəlinin qarşısında, "İçərişəhərin" çıxışı isə birbaşa bulvarda olacaq. Metrostansiyallardan istifadə etmək üçün xalqımız üçün hər cür şəraitin yaradılması nəzərdə tutulub.
"Müşviq", "Cavadxan" və "Avtovağzal"da tikinti işlərinin aparılması üçün yaxın zamanlarda xaricdən tunelqazan maşın gətiriləcək. Bu istiqamətdə Metrotikinti Səhmdar Cəmiyyətinə pul ayrılıb. Bu maşınların gətirilməsi iyulun axırı, avqustun əvvəllərinə nəzərdə tutulub. Bakı Metropoliteninin rəisi yeni tunelqazan maşının alındığını və Bakıya gətirildiyini bildirdi. Bu maşının gündəlik qazma gücü 25 metrə yaxındır.
Bakı Metropoliteni yaxın günlərdə "Memar-Əcəmi" - "Avtovağzal" xətti üzrə tunelin qazılmasına başlayacaq. Metropoliten rəisinin sözlərinə görə, 2010-cu ilə yeni stansiyanın istifadəyə verilməsi planlaşdırılmır. Lakin 2011-ci ildə ən azı "Avtovağzal" və "Müşfiq" stansiyaları istismara veriləcəyini, "Azadlıq" stansiyasının isə həmin ilin dekabr ayında istifadəyə veriləcəyinə ümidvar olduğunu bildirdi.
"Azadlıq" stansiyasını çox müsbət qiymətləndirdi və qeyd etdi ki, bu, ən yaxşı sütunsuz əzəmətli stansiya olacaqdır. Bu stansiyanın arxitektorunun tanınmış memar Elbəy Qasımzadədir. Azərbaycanın 22 adda memarlıq abidələrinin mozaikalarla quraşdırılacağını bildirdi. Bu isə xalqımızın qədim abidələri və gözəl işlənmiş ornamentləri ilə şəhərimizin qonaqlarının yaxından tanış olmasına imkan yaradacaq. Müstəqilliyimiz dövründə istifadəyə verilən "Nəsimi" və "Azadlıq" metrostansiyaları ən gözəli və yaraşıqlı olduğunu bildirdi. Metropoliten rəisi Rusiyanın "Finans" jurnalının dünya üzrə metropolitenlərin sərnişindaşınma həcminə görə tərtib etdiyi reytinqinə də münasibət bildirərək, qeyd etdi ki, Bakı Metropoliteninin son statistikaya görə, bu reytinqdə qərarlaşdığı 42-ci yerdən də yüksəkdədir: "Fikrimcə, bu reytinq tərtib olunarkən əvvəlki illərin rəqəmlərindən istifadə olunub. Ötən il Bakı Metropoliteni 200 milyondan artıq sərnişin daşıyıb. Digər tərəfdən, beynəlxalq təşkilatlar tərəfindən aparılmış tədqiqatlara görə, Bakı Metropoliteni daşınan sərnişinlərin stansiyaların sayına nisbətinə görə dünyada ilk yerlərdə dayanır".
T.Əhmədov onu da bildirdi ki, gün ərzində metro vasitəsi ilə 750 min sərnişin daşınır. Dünya Bankının sədrinin dediyinə görə, 4 stansiyanı nəzərə almasaq, 17 stansiyanı götürəndə, demək olar ki, birinci yerdədir. 151 şəhərin metro stansiyası var. Ən az sərnişin daşıyan stansiya "Cəfər Cabbarlı", "Xətai", "Ulduz", "Bakmil"dir. Metropoliten, sərnişindaşınmaya görə, birinci yeri tutur. T.Əhmədov onu da bildirdi ki, sentyabrın sonuna qədər eskalatorların təmiri bitəcək. Ən çox metrodan istifadə edən tələbələrin rahatlığı üçün daha yaxşı şərait yaradıcılacaq. Artıq 1999-cu ildən sərnişinlərin təhlükəsizliyi təmin etmək məqsədilə metrostansiyaların hamısında kameralar quraşdırılıb. Qatarlarda da bunun həyata keçirilməsi nəzərdə tutulub. Əgər əvvəllər lentə alınanlar 10 gün müddətinə saxlanılırdısa, indi kameralar arxivləşdirilir. 16 nəfər əlavə işçi götürülüb ki, həmin şəxslər vaqonlarda gəzərək təhlükəsizliyə nəzarət edəcəklər.
T.Əhmədov bildirdi ki, Azərbaycan Dövlət Neft Akademiyasında terror törətmiş şəxs buna ilk olaraq metroda cəhd göstərib. Metropoliten rəisinin sözlərinə görə, araşdırma zamanı F.Qədirovun cibindən metro kartının tapılması bunu deməyə əsas verir. Onun metrodan istifadəsi yoxlanıldıqdan, stansiyalara saat neçədə girib-çıxması dəqiqləşdirildikdən sonra, məlum olub ki, o, terror hadisəsini metroda törətməyə cəhd göstərib. Metroda əhalinin sayının daha çox olması bunu deməyə əsas verir.
"Polisin ayıq-sayıqlığı, metro stansiyalarında quraşdırılmış kameralar hadisənin qarşısının alınmasında böyük rol oynayıb. " - deyə Tağı Əhmədov bildirdi. Onun sözlərinə görə, stansiyalarda nə qədər polis qüvvəsi olsa belə, hər gün metrodan istifadə edən 750 min sərnişinə nəzarət etmək qeyri-mümkündür. "Son anda yenə də özümüz bir-birimizə nəzarət etməliyik" - deyə Tağı Əhmədov bildirib.
Qeyd edək ki, iyulun 1-dən Bakı Metropolitenində stabilliyi təşkil etmək və təhlükəsizliyə nəzarət etmək üçün götürülən 16 işçi xüsusi uniformalarda vaqonlarda gəzərək təhlükəsizliyə nəzarət edirlər.