Dəmiryolunun xidmətlərindən istifadə edənlərin sayı artıb
Vağzal deyiləndə ilk ağla gələn Dəmiryolu vağzalı, polad relslər üzərində hərəkət edən qatarlar olur, desək, yanılmarıq. Kimilər üçün doğmalarından ayrıldığı yer, kimilərinin isə vüsal yeridir vağzallar. Kimi buradan uzaq, qərib ellərə yola düşür, kimi isə doğma yurdu ilə qovuşur. 1 əsrdən artıq yaşı olan Bakı Dəmiryolu vağzalı da keçən bu illər ərzində milyonlarla insan qarşılayıb, yola salıb. Xüsusilə, yay aylarında daha çox sıxlıq müşahidə olunan sərnişin daşımasının fəaliyyəti ilə yaxından tanış olmaq üçün Bakı Dəmiryolu vağzalına üz tutduq.
İlk öncə, vağzalın binasında, eləcə də, ətrafında aparılan əsaslı təmir və bərpa işləri diqqətimizi cəlb etdi. Qeyd edək ki, Bakı Dəmiryolu vağzalının binası 1884-cü ildə inşa edilib. Müxtəlif vaxtlarda müasir dövrün tələblərinə uyğun təmir edilib, yenilənib. Ümumiyyətlə, Azərbaycanda ilk dəmiryolunun çəkilişinə 1878-ci ildə başlanılıb. Azərbaycanda ilk dəmiryolunun uzunluğu 20 km olan Bakı-Suraxanı xəttinin çəkilişi 20 yanvar 1880 -ci ildə başa çatdırılıb. Hazırda isə vağzalın binasında təmirlə bağlı qızğın iş gedirdi. Öyrəndik ki, gələcəkdə burada sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Müasir üslubda təmir edilən vağzal binasında gözləmə salonu, bilet kassaları, kafe, ana və uşaq otağı və sərnişinlər üçün digər mədəni xidmətlər göstərilməsi məqsədilə məişət və iaşə bölmələri fəaliyyət göstərəcək.
Vağzalın gözləmə salonunda sərnişinlərin sıxlığı müşahidə olunurdu. Burada bir neçə sərnişinlə söhbət etdik. Bakı sakini Əhməd Məmmədov burada sərnişinlər üçün yaradılan şəraitdən, göstərilən xidmətdən razılığını bildirdi. O, söhbət zamanı qeyd etdi ki, bura gəlməmişdən əvvəl bilet satışında, qiymətlərdə bəzi problemlərin olduğunu söyləsələr də, heç bir xoşagəlməz hadisə ilə qarşılaşmayıb. Rahat, həm də dövlət satış qiymətinə bilet almışdır. Bakı-Xarkov istiqamətində bilet almaq istəyən sərnişin Rüstəm Abbasov da buradakı xidmətdən razılığını ifadə etdi. Qatarlara minik platformasında isə səliqə-sahman diqqəti cəlb edirdi.
Azərbaycan Dövlət Dəmiryolunun (ADDY) mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov dəmiryolu vağzalının fəaliyyəti ilə bağlı bizimlə söhbətində bildirdi ki, sərnişinlərə göstərilən xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar yüksək səviyyədə davam edir. Son illər ərzində dəmiryolunun xidmətlərindən istifadə edənlərin sayının xüsusilə artması, xidmət mədəniyyətinin daha da yüksəldilməsini tələb edir. Vətəndaşlarımızın dəmiryoluna olan inamını gücləndirmək üçün bu, çox önəmlidir. Belə ki, vətəndaşların sərnişin qatarlarına bilet almaq imkanlarını yaxşılaşdırmaq, onlara göstərilən mədəni xidmət səviyyəsini yüksəltmək və dəmiryolunda avtomatlaşdırılmış bilet satışı sisteminin gücləndirilməsi məqsədilə 15 iyun 2009-cu ildən Gəncə şəhər bilet kassasında sərnişin qatarlarına avtomatlaşdırılmış bilet satışı sistemi tətbiq edilmişdir. Bundan əvvəl sərnişinlər yalnız bir istiqamətə bilet almaq imkanına malik idilər.
Artıq ölkə daxilində istənilən istiqamətdə sərnişinlər gediş və dönüş biletlərini qabaqcadan ala biləcəklər. Yaxın zamanlarda bu metod beynəlxalq sərnişin qatarlarında da tətbiq ediləcək.
Həmçinin, N. Əzməmmədov onu da qeyd etdi ki, son vaxtlar ADDY özünün yeni inkişaf yoluna qədəm qoyub. Böyük öndər Heydər Əliyevin gərgin əməyi və qonşu dövlətlərin rəhbərləri ilə apardığı intensiv danışıqlar nəticəsində əlaqələr daha da genişlənməyə başlamışdır. O zamandan etibarən Rusiya Federasiyasının və İran İslam Respublikasının müxtəlif şəhərlərinə şərnişin qatarları hərəkət etməyə başlayıb. Hazırda Bakı-Moskva, Bakı-Kiyev, Bakı-Tümen, Bakı-Rastov, Bakı-Xarkov, Bakı-Mahaçkala, Naxçıvan-Təbriz, Bakı-Tbilisi, Bakı-Sank-Peterburq olmaqla Azərbaycandan qonşu ölkələrə 9 beynəlxalq sərnişin qatarı hərəkət edir. Sonralar Rusiya Federasiyasının müxtəlif şəhərlərində sıx məskunlaşan həmvətənlərimizin xahişləri nəzərə alınaraq Bakı-Kiyev sərnişin qatarının tərkibində Simferopol, Lvov, Dnepropetrovsk, Odessa qoşma vaqonarı hərəkətə buraxıldı. Bu il mayın 31-dən etibarən sərnişin qatarlarının yay mövsümünə keçidilə əlaqədar hərəkət cədvəlində dəyişikliklər edilib. Belə ki, Bakı-Tümen sərnişin qatarının tərkibində Saranskadək qoşma vaqon hərəkət edəcəkdir.
Hazırda 10 sərnişin qatarı isə yerli istiqamətdə sərnişənlərə mədəni xidmət göstərir. Yay mövsümünə keçidlə bağlı yerli istiqamətdə fəaliyyət göstərən qatarların hərəkət qrafikində bəzi dəyişikliklər olub. Belə ki, Bakı-Gəncə qatarının hərəkət istiqaməti Ağstafaya qədər uzadılıb. Onu da qeyd edək ki, 2008-ci ilin ilk 5 ayı ərzində 2 milyon 500 nəfər Azərbaycan Dəmiryolların xidmətindən istifadə etmişdisə, bu ilin eyni dövründə bu rəqəm 2 milyon 604 nəfər olmuşdur. Bu da ötən illə müqayisədə 104 faiz təşkil edir.